Gəncləri depressiyaya salan əsas səbəblər
Son illərdə gənclər arasında psixoloji problemlərin, xüsusilə depressiya və emosional tükənmə hallarının artması cəmiyyətdə narahatlıq doğurur. 18 yaşdan yuxarı gənclər bir tərəfdən təhsil və karyera qurmaq, digər tərəfdən maddi müstəqillik əldə etmək və gələcəklərini formalaşdırmaq kimi müxtəlif təzyiqlərlə üzləşirlər. Bəs bugünkü gənclərin depressiyaya düşməsinin əsas səbəbi nələrdir? Onları narahat edən, depressiyaya sürükləyən səbəblər nədir?
Mövzu ilə bağlı psixoloq Aysu Həsənova Crossmedia.az-a bildirib ki, gənclərin depressiyaya düşməsini yalnız bir amillə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, burada sosial, iqtisadi, ailəvi və psixoloji faktorlar bir-birinə təsir edir: “Bugünkü gənclərin depressiyaya düşməsinin səbəbini bir amillə əlaqələndirmək düzgün olmaz. Burada həm sosial, həm iqtisadi, həm ailəvi, həm də psixoloji faktorlar bir-birinə təsir edir. Xüsusilə 18 yaşdan sonrakı dövr insanın həyatında kifayət qədər həssas mərhələdir. Çünki həmin yaşdan etibarən gəncdən artıq müstəqil qərarlar vermək, təhsil almaq, peşə seçmək, iş tapmaq, maddi cəhətdən ayaqda durmaq və gələcəyini müəyyənləşdirmək gözlənilir. Problem ondadır ki, bütün bu gözləntilər eyni vaxtda insanın üzərinə gəlir. Gənc bir mərhələni psixoloji olaraq tamamlamadan qarşısına növbəti məsuliyyət çıxır. Nəticədə insan daim nəyəsə çatmalı olduğunu hiss edir və zamanla bu vəziyyət emosional tükənməyə səbəb ola bilir”.
A.Həsənova qeyd edib ki, müasir gənclərin üzərində görünməyən bir uğur təzyiqi də var: “İnsan sadəcə yaxşı yaşamaq istəmir, eyni zamanda müəyyən yaşa qədər uğurlu olmalı olduğunu düşünür. Sosial şəbəkələr də bu düşüncəni gücləndirir. Gənc hər gün başqa insanların uğurlarını, səyahətlərini, münasibətlərini, işlərini və həyatlarının daha gözəl tərəflərini görür. Burada psixoloji baxımdan vacib məqam odur ki, insan başqasının həyatının seçilmiş hissələrini öz həyatının bütün reallığı ilə müqayisə edir. Başqasının nəticəsini görür, amma həmin nəticəyə qədər keçdiyi yolu, uğursuzluqları, qorxuları, ailə və maddi imkanlarını görmür. Bu müqayisə uzun müddət davam etdikdə gəncdə geri qalmaq hissi yarana bilər. Əvvəlcə insan həyatından narazı qalır, daha sonra isə narazılıq özünə yönəlməyə başlayır. “Hələ istədiyim yerə çatmamışam” düşüncəsi zamanla “məndən heç nə alınmır” düşüncəsinə çevrilə bilər. Depressiv vəziyyətlərdə ən təhlükəli məqamlardan biri də budur. İnsan yaşadığı problemi müvəqqəti vəziyyət kimi deyil, öz şəxsiyyətinin göstəricisi kimi qəbul etməyə başlayır. Maddi çətinliklər də gənclərin psixoloji vəziyyətinə ciddi təsir göstərir. Çünki pul yalnız maddi təminat deyil, müəyyən mənada seçim və müstəqillik imkanını da müəyyən edir. Gənc işləyir, amma qazancı onun müstəqil yaşamasına kifayət etmir. Təhsil alır, amma gələcəkdə həmin təhsilin ona hansı imkanları yaradacağını bilmir. Ailədən ayrılmaq istəyir, amma iqtisadi baxımdan buna hazır deyil. Belə vəziyyət uzun müddət davam etdikdə insan öz həyatına nəzarət edə bilmədiyini hiss edə bilər. Psixoloji sağlamlıq üçün insanın həyatına müəyyən qədər təsir edə bildiyini hiss etməsi çox vacibdir. Gələcəklə bağlı qeyri-müəyyənlik artdıqca narahatlıq və ümidsizlik də arta bilər. Ailə daxilindəki gözləntilər də bu prosesdə mühüm rol oynayır. Valideyn bəzən övladını motivasiya etmək məqsədilə onu başqa insanlarla müqayisə edir və ya daha çox nəticə gözləyir. Lakin gənc bunu motivasiya kimi deyil, kifayət qədər yaxşı olmadığı mesajı kimi qəbul edə bilər. İnsan uzun müddət öz dəyərini nailiyyətlərinə bağladıqda uğursuzluq onun üçün sadəcə bir hadisə olmur. İmtahandan keçməmək, iş tapa bilməmək və ya münasibətin bitməsi bir müddət sonra insanın özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Halbuki insanın dəyəri onun təhsili, işi, qazancı və ya münasibət statusu ilə ölçülməməlidir. Digər mühüm məsələ tənhalıqdır. Müasir dövrdə insanların ünsiyyət imkanları çoxalıb, amma bu, emosional yaxınlığın da eyni dərəcədə artması demək deyil. Gəncin yüzlərlə tanışı və sosial şəbəkədə çoxlu əlaqəsi ola bilər, amma özünü pis hiss etdikdə rahat şəkildə danışa biləcəyi bir insanı olmaya bilər”.

Psixoloq qeyd edib ki, insan psixikasının sadəcə ünsiyyətə deyil, anlaşılmağa və mühakimə edilmədən dinlənilməyə ehtiyacı var: “Bu ehtiyac uzun müddət qarşılanmadıqda insan insanların arasında olduğu halda belə özünü tənha hiss edə bilər. Emosional tükənməni də depressiyadan ayırmaq lazımdır, amma uzunmüddətli tükənmə insanın psixoloji vəziyyətini ciddi şəkildə ağırlaşdıra bilər. İnsan səhər oyanır, işinə və ya dərsinə gedir, insanlarla danışır, gündəlik vəzifələrini yerinə yetirir, amma daxilində əvvəlki həvəsi hiss etmir. Bəzən kənardan baxan insan onun yaxşı olduğunu düşünür. Halbuki psixoloji çətinlik həmişə insanın xarici görünüşündə özünü göstərmir. İnsan gülə, işləyə və sosial həyatını davam etdirə bilər, amma daxilində uzun müddət boşluq, yorğunluq və ümidsizlik yaşaya bilər. Buna görə də depressiyanı yalnız ağlamaq və ya yataqdan qalxa bilməmək kimi təsəvvür etmək düzgün deyil. Eyni zamanda hər kədəri, yorğunluğu və motivasiya itkisini də depressiya adlandırmaq olmaz. Depressiya davamlı əhval enməsi, əvvəllər zövq verən fəaliyyətlərə marağın azalması, enerji itkisi, yuxu və iştah dəyişiklikləri, diqqətin zəifləməsi, ümidsizlik və gündəlik fəaliyyətin pozulması kimi əlamətlərlə müşayiət oluna bilən ciddi psixoloji vəziyyətdir. Əlamətlər uzun müddət davam edirsə və insanın təhsilinə, işinə, münasibətlərinə və gündəlik həyatına təsir göstərirsə, peşəkar dəstək almaq vacibdir. Məncə, bugünkü gəncləri zəif və dözümsüz nəsil kimi qiymətləndirmək də doğru yanaşma deyil. Onların yaşadığı təzyiqlərin forması dəyişib. Seçim imkanları artıb, amma seçim etmək məsuliyyəti də artıb. İnformasiya çoxalıb, amma insanın beyninin dincəlməsi üçün məkan azalıb. Ünsiyyət çoxalıb, amma emosional yaxınlıq hər zaman artmayıb. Uğur nümunələri daha görünən olub və insanın özünü başqaları ilə müqayisə etməsi daha asanlaşıb. Buna görə müasir gəncin psixoloji yorğunluğuna yalnız son yaşadığı hadisə üzərindən baxmaq olmaz. Bəzən son hadisə sadəcə son hədd olur. Əsas məsələ insanın uzun müddətdir hansı yükü daşıdığını, hansı ehtiyaclarını susdurduğunu, hansı qorxularla yaşadığını və nə vaxtdan özünü yaxşı hiss etmədiyini anlamaqdır. Çünki insanı depressiyaya aparan proses çox vaxt bir gündə başlamır. O, uzun müddət yığılan stressin, qeyri-müəyyənliyin, özünü başqaları ilə müqayisə etməyin, sosial və maddi təzyiqin, tənhalığın və özünə qarşı həddindən artıq tələbkar olmağın nəticəsində tədricən formalaşa bilər”.
Zərnigar Hüseynli
19:00 18.08.2026
Oxunuş sayı: 48