Bakı ilə bağlı erməni məşqçidən səmimi etiraf: Çox inkişaf edib
Güləş üzrə Ermənistanın U17 yığma komandasının baş məşqçisi Qaqik Xaçatryan Bakıda keçirilən yarışın təşkilatçılığını yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, o bildirib ki, komandası bu gün bir finalçı və bir bürünc medalçı əldə edib, digər idmançı isə beşinci yeri tutub.
Xaçatryan qeyd edib ki, sabah daha iki erməni güləşçi təsəlliverici görüşlərdə final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaq.
Baş məşqçi Bakı haqqında fikirlərinin müsbət olduğunu vurğulayıb: “Təşkilatçılıq çox yüksək səviyyədədir. Mən uzun illərdir məşqçi kimi fəaliyyət göstərirəm və bizi hər zaman belə qarşılamayıblar”.
Xaçatryan 20 yaşında Bakıda güləşdiyini xatırladaraq şəhərin son illərdə böyük inkişaf yolu keçdiyini deyib. O, həmçinin azarkeşlərin erməni idmançılara münasibətini yüksək qiymətləndirib və onların ədalətli mübarizəni, təmiz idmanı dəstəklədiyini bildirib.
22:23 28.07.2026
Oxunuş sayı: 48