Zelenski üçtərəfli danışıqların payızadək keçiriləcəyinə ümid edir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Ukrayna və Rusiya arasında yeni üçtərəfli danışıqların payız başlamazdan əvvəl təşkil olunacağına ümid etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "УНИАН" bu barədə məlumat yayıb.
Məlumata görə, Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla uzun telefon danışığı aparıb.
Bildirilir ki, Amerika tərəfi Kiyevə müharibənin başa çatdırılması ilə bağlı bir sıra yeni ideya və planlar təqdim edib. Ukrayna nümayəndə heyətinin bu təşəbbüsləri ətraflı şəkildə təhlil edəcəyi qeyd olunur.
Məlumata əsasən, bundan sonra ABŞ nümayəndələri həmin təklifləri Moskva ilə müzakirəyə çıxaracaq. Tərəflər əsas məsələlər üzrə razılığa gəldikdən sonra ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi planlaşdırılır.
Zelenski bildirib ki, bu formatda danışıqların payız mövsümü başlamazdan əvvəl baş tutacağına ümid edir. Qeyd edək ki, bu məlumat hələlik rəsmi şəkildə ABŞ və Rusiya tərəfindən təsdiqlənməyib.
17:59 23.07.2026
Oxunuş sayı: 34