Təbiət Avropanı niyə cəzalandırır?
İqlim böhranı artıq uzaq gələcəyin proqnozu və ya yalnız elmi simpoziumların müzakirə mövzusu deyil; o, pəncərəmizin o tərəfində-pozulmuş fəsillərdə, görünməmiş anomaliyalarda və qarşısıalınmaz təbii fəlakətlərdə canlı olaraq yaşamaqda olduğumuz amansız bir reallıqdır. İnsan amilinin təbiətin minilliklərlə formalaşmış incə balansını tapdalayaraq yaratdığı bu ekoloji fəsadlar planetimizin təbii tənzimləmə sistemini sıradan çıxarıb və Yeri böyük bir sınaq qarşısında qoyub. Qlobal miqyasda emissiyaların artması, resursların amansızca istismarı və ekosistemlərin dağılması göstərir ki, qarşılaşdığımız bu kritik böhran yalnız iqtisadiyyatın və ya texnologiyanın deyil, birbaşa insanın və bütün biosenozun varlıq mübarizəsidir. Xüsusilə də Avropanın son iki yüz ilin ən sərt istilərini yaşaması dünya gündəmini uzun müddətdir zəpt edib.

Qlobal istiləşmənənin və iqlim dəyişikliyinin fəsadları ilə bağlı ekoloq Elçin Bayramlı Crossmedia.az-a açıqlama verib: “Təəssüf ki, son illərdə dünya qlobal iqlim dəyişiklikləri və ekoloji böhran dövrünə qədəm qoyub. Bu prosesin baş verəcəyi təxminən 30 il qabaqcadan beynəlxalq ekoloji təşkilatlar, BMT və digər qurumlar tərəfindən proqnoz edilirdi. Artıq bu istiqamətdə vəziyyət kritik həddə çatıb. Məsələn, müxtəlif ölkələrdə təbii fəlakətlərin sayı və dövriliyi artıb, iqlim normaları tamamilə pozulub: isti ölkələrdə soyuq, soyuq ölkələrdə isə kəskin istilər olur, yağıntılar normadan dəfələrlə artıq düşür və başqa müxtəlif problemlər baş verir.
Bu proses Azərbaycana da təsir edir. Biz də son dövrdə iqlim dəyişikliklərinin necə baş verdiyini, fəsillərin bir-birinə necə qarışdığını gördük. Fəsillər həm dəyişdi, həm də bir-birinə qatışdı. Yağıntılar normadan artıq oldu və ciddi zərər vurdu.
Səbəblərinə bütünlükdə yanaşsaq, bunların hamısı antropogen təsirlərin nəticəsidir. Hər neçə başqa səbəblər irəli sürülsə də, bu, birbaşa dünyadakı insan fəaliyyətinin nəticəsidir. Yəni sənayenin artımı, faydalı qazıntıların hədsiz istismarı, torpağın, suyun çirkləndirilməsi, havanın zəhərlənməsi və meşələrin yandırılması bu vəziyyəti yaradıb”.
O, xatırladıb ki, son illərdə dünyada ard-arda böyük meşə sahələri yandı: “Müxtəlif ölkələrdə-Avstraliyada, Amerikada, Afrikada və başqa yerlərdə hədsiz yanğınlar oldu. Hətta nəhəng meşə ehtiyatlarına malik Rusiyada belə böyük meşə sahələri məhv oldu. Bütün bunlar ümumilikdə qlobal ekoloji dövriyyəni və iqlim normalarını pozur, eyni zamanda təbii fəlakətlərə rəvac verir".
Ekspert qeyd edib ki, Yer planeti canlı bir orqanizmdir və burada bütün proseslər bir-biri ilə bağlıdır: “Bir yerdə hər hansı bir hadisə baş verəndə, bu, dünyanın hər tərəfinə öz təsirini göstərir. Balans pozulur; iqlim axınlarından tutmuş temperatur məsələlərinə qədər hər şey dəyişir. Məsələn, qlobal istiləşmə ilə bağlı ziddiyyətli fikirlər var, amma gözümüzün qabağında görürük ki, ərimə nəticəsində Arktikada buzlaqlar yoxa çıxır. Əvvəllər yalnız atom buzqıran gəmilərinin gedə bildiyi yerlərdə indi adi gəmilər rahatlıqla üzür. Antarktida tarixində ən yüksək temperatur qeydə alınıb-istilik 20 dərəcəyə çatıb. Qrenlandiya əriyib gedir. Dünyada ümumiyyətlə 40 mindən çox çay və göl yoxa çıxıb.
Ümumiyyətlə, bütün bu gedişat dünyada baş verən iqtisadi və ekoloji proseslərin fəsadıdır. Təbiətə təzyiq artdıqca onun balansı pozulur. Beləliklə, iqlimin bu vəziyyətə düşməsi həm iqtisadiyyata, həm də insan sağlamlığına zərər vurur, quraqlıq və ekoloji problemlər törədir.
Burada ölüm halları da daha çox baş verir. Məsələn, Avropadakı hədsiz istilərdən minlərlə insan həyatını dəyişib. Təkcə Fransada ölənlərin sayı iki mini keçib. Bu, inanılmaz bir şeydir! Çünki söhbət Şimali Avropa ölkələrindən-əsasən Niderland, Belçika, Danimarka kimi ölkələrdən gedir. Bunlar Şimal qütbünə, Şimal Buzlu okeanına yaxın ölkələrdir. Bununla belə, orada görünməmiş istilər baş verir və ölüm halları qeydə alınır.
Azərbaycanda da normadan artıq istilər, normadan artıq yağıntılar müşahidə olunur. Yəni proseslərin təsiri hər bir halda bizə də dəyir. Amma bizdə vəziyyət hələ ki yüngüldür, kritik həddə deyil.
Azərbaycanda ekoloji sağlamlıq üçün artıq müəyyən tədbirlər görülür, hökumət də bu məsələdən narahatdır. Bu məqsədlə müxtəlif layihələr və tədbirlər həyata keçirilir. COVID-19 dövründə də bu məsələlər müzakirə olundu. Müxtəlif qanunlar qəbul edilir, standartlar tətbiq olunur, dövlət tərəfindən ekoloji sağlamlıqla bağlı bir çox işlər görülür.
Eyni zamanda ekoloji maariflənmə də vacibdir. Bu istiqamətdə ictimai təşkilatlar, xüsusən də ekoloji təşkilatlar maarifləndirmə işi aparır və bunu daha da gücləndirməlidirlər. Media da bu məsələni daim diqqətdə saxlamalıdır. Hər bir fərd öz fəaliyyəti ilə təbiətə fayda verməli, ona zərər vurmamalıdır.
İndi “öz fəaliyyətimizlə” deyəndə bəziləri düşünə bilər ki, biz nə edirik ki? Hesablamalara görə, hər birimiz gündə ortalama 1,2 kq zibil istehsal edirik və bunların çoxu plastik və polietilen tullantılarıdır. Bunlar da təbiəti məhv edir; 4 əsr, 6 əsr çürümür, bəzilərinin torpaqda parçalanması 1000 ilə qədər çəkir. Torpağı və suyu zəhərləyir, yandırıldıqda isə havanı zəhərləyir.
Bu məqsədlə indi bizdə də bu məsələlər tənzimlənməyə çalışılır. Plastikdən və polietilen paketlərdən istifadənin azaldılması təşviq olunur. Eyni zamanda tikilmiş bərk məişət tullantılarının emalı zavodları zibillərin utilizasiyasını və təkrar emalını təşkil edir ki, bu da təbiətə vurulan zərəri azaldır. Əlbəttə, daha çox iş görmək lazımdır".
Ekoloq, həmçinin əlavə edib ki, vətəndaşlar da təbiətimizi qorumalıdırlar: “Həm meşələrimizi, həm də su ehtiyatlarımızı qorumalı, onlardan səmərəli istifadə etməli, israfçılığa və itkiyə yol verməməliyik. Mümkün qədər ətraf mühitə zərər vurmamalı, tullantıları azaltmalıyıq.
Çünki dünyada bu mənfi tendensiya artıq davam edir. Proqnozlar göstərir ki, getdikcə ekoloji böhran, istiləşmə, quraqlıq və səhralaşma daha da kəskinləşəcək. Bu isə həm təbiətə, həm iqtisadiyyata zərər vurur, kənd təsərrüfatını sıradan çıxarır, həm də insanların sosial həyatında və sağlamlığında çox ciddi problemlər yaradır.
İndi dünya bundan narahatdır, vəziyyəti görür və çıxış yolu axtarır. O cümlədən Azərbaycanda da dövlətimiz mümkün qədər bu problemlərin həllinə çalışır. Cənab Prezident də dəfələrlə çıxışlarında bu məqamları vurğulayıb. Azərbaycanda ekoloji sağlamlığın təmin olunması, ekologiyamızın qorunması, tullantıların azaldılması və təbiətimizin mühafizəsi üçün güclü siyasi iradə var.
Əgər bu işlər bu sürətlə aparılsa-hətta bir az da artırmaq lazımdır-heç olmasa, özümüzü müəyyən qədər sığortalaya bilərik. Düzdür, qlobal məsələlər bütün ölkələrə təsir göstərir, amma təsirin azı və çoxu var. Tədbirlər ardıcıl şəkildə devam edərsə, Azərbaycan bu prosesdən minimum zərərlə çıxar.
Ümumiyyətlə, dünyada bu problemi həll etmək üçün zərərli sənaye istehsalı azaldılmalı, istehlak çılğınlığına son qoyulmalıdır. Hədsiz istehsal və rəqabət var; insanlar əşyaları tez-tez dəyişir, həddindən artıq məhsul istifadə edirlər. Bu isə dünyada faydalı qazıntılara təzyiqi artırır, üstəlik, təbiətə atılan tullantıları çoxaldır. Zavodlar və fabriklər işlədikcə ekologiyaya zərər vururlar. Bütün alimlər qeyd edirlər ki, qlobal ekoloji kataklizmlərin qarşısını almaq üçün bu məqamlar mütləq həll olunmalıdır.
Görünən odur ki, yakın gələcəkdə vəziyyət bir az da gərgin olacaq. Hər bir ölkə üzərinə düşəni etməlidir. Azərbaycan bunu edir və dünyanı da buna çağırır. Biz də xalq olaraq, vətəndaş olaraq bu işə dəstək verməliyik".

İstilər zamanı ölən insanların sayının artması və bunun qarşısını alınması yollarının tətbiqi ilə bağlı həkim, səhiyyə eksperti Adil Qeybulla da məsələyə münasibət bildirib: “Əslində, bu "qlobal istiləşmə" dediyimiz məsələ Yer kürəsinin istilik tənzimləmə mexanizminin, yəni termorequlyasiyasının pozulmasıdır. Çünki fosil yanacaqların istifadəsi zamanı karbon qazının atmosferdə həddən artıq çox toplanması atmosfer havasında temperaturun yüksəlməsinə səbəb olur. Bu da havanın ümumi temperaturunun bir neçə dərəcə artmasına, okeanlardan və dənizlərdən buxarlanmanın sürətlənməsinə, yenidən intensiv yağışlar şəklində geri qayıtmasına və sistemli şəkildə bu kimi proseslərə təkan verir.
Nəticədə isə Yer kürəsinin ayrı-ayrı yerlərində, relyefindən asılı olmayaraq, əvvəlki iqlimlərdən fərqli olaraq həm isti, həm də soyuq hava şəraiti bir-birini əvəz edir. Məsələn, bu gün Avropada əvvəllər heç vaxt təsadüf edilməyən bu cür anormallıqların və həddindən artıq istilərin olması məhz bununla bağlıdır.
Məsələ burasındadır ki, qlobal istiləşmə ilə bağlı xeyli proqramlar var, COP tədbirləri də keçirilir. Amma ortada hələ ki ciddi bir nəticə yoxdur. Çünki qlobal miqyasda karbon qazının emissiyası və istehlakı məsələsinə heç kim kardinal yanaşmır. Nə qədər ki bu məsələ həllini tapmayıb, biz təbiətin bu şıltaqlıqları ilə üz-üzə qalacağıq.
O ki qaldı bu situasiyada nə etməli olduğumuza: İndi insanların qorunmaq imkanları var: kondisionerlər var, sərin yerlərdən istifadə edə bilərlər. Bəs biz bitkiləri və heyvanları da nəzərə almalıyıq axı! Onlar da yaşamalıdırlar və onlar biosenozun çox vacib hissələridir. Onlar olmasa, insanlar da mövcud ola bilməz. Ona görə də bu, çox ciddi məsələdir və təbii ki, beynəlxalq aləm bunun həlli üçün koordinasiyalı şəkildə düşünməlidir".
Turqut Ansari
20:30 21.07.2026
Oxunuş sayı: 90