Arıqlama çaylarındakı inanılmaz zərərlər
Arıqlama çayları sürətli çəki itkisi vəd edən məhsullar kimi təqdim olunsa da, onların tərəzidə yaratdığı azalmanın hər zaman yağ itkisi ilə bağlı olduğu düşünülməməlidir. Xüsusilə işlədici və sidikqovucu təsir göstərən tərkiblər orqanizmdən su və bağırsaq möhtəviyyatının itirilməsinə səbəb olaraq müvəqqəti çəki azalması yarada bilər. Bu məhsulların nəzarətsiz və uzunmüddətli istifadəsi isə susuzlaşma və elektrolit balansının pozulması kimi sağlamlıq riskləri yarada bilər. Buna görə arıqlama çaylarının “təbii” olması onların avtomatik olaraq zərərsiz və effektiv olduğu anlamına gəlmir.
Qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, xüsusilə işlədici təsir göstərən maddələr olan məhsullar orqanizmdən su və bağırsaq möhtəviyyatının itirilməsi hesabına müvəqqəti çəki azalmasına səbəb ola bilər:
“Belə məhsulların uzunmüddətli və nəzarətsiz istifadəsi susuzlaşma, ishal, qarın ağrısı, elektrolit və mineral balansının pozulması, halsızlıq və ürək ritmində dəyişikliklərə gətirib çıxara bilər. Bəzi bitki tərkibli məhsullar dərmanlarla qarşılıqlı təsir göstərə, qaraciyər və böyrəklərə əlavə yük yarada bilər. Xüsusilə sosial şəbəkələrdə satılan, tərkibi və istehsalçısı dəqiq göstərilməyən ‘arıqlama çayları’nda risk daha yüksəkdir”.

Ekspert qeyd edib ki, sağlam və davamlı çəki itkisi üçün əsas diqqət qidalanma və həyat tərzinə yönəldilməlidir:
“Sağlam və davamlı çəki itkisi üçün əsas yanaşma enerji qəbulunun balanslaşdırılması, düzgün qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və fərdi ehtiyac olduqda həkim və ya dietoloq nəzarətidir. ‘Qısa müddətdə çox kilo’ vəd edən çaylara ehtiyatla yanaşmaq, məhsulun tərkibini, istehsalçısını, etiket məlumatlarını və qeydiyyatını yoxlamaq vacibdir”.
Nigar Xəlilli
15:30 05.09.2026
Oxunuş sayı: 51