Azərbaycan mətbuat tarixinin ilk informasiya müharibəsi
Müasir dövrdə ənənəvi müharibələr artıq arxa planda qalıb. Dövlətlər bir-birilərinə yumşaq güc tətbiq etməklə, informasiya müharibəsi aparmaqla qalib gəlməyə çalışırlar. İnformasiya müharibəsi sosial şəbəkələrin bu qədər yayıldığı, süni intellektin bu qədər inkişaf etdiyi bir dövrdə olduqca ciddi əhəmiyyətə malikdir və ciddi nəticələrə gətirib çıxarır. Son 6 ilə nəzər salsaq, kifayət qədər informasiya müharibəsinin şahidi olarıq. Azərbaycan-Ermənistan müharibəsində dövlətlərin media qurumlarında yayımlanan informasiyalar, Rusiya-Ukrayna müharibəsində Rusiyanın media vasitəsilə təzyiq göstərməyə və Ukrayna xalqını qorxutmağa çalışması, İsrail-Fələstin müharibəsində İsrailin yaydığı dezinformasiyalar – hamısı informasiya müharibəsinin tərkib hissəsidir. Bu gün informasiya müharibəsini aparmaq üçün kifayət qədər resurs, imkan və oxucu auditoriyası var. Çünki dünya artıq “rəqəmsal kənd” rolunda çıxış edir. Bəs bundan 120 il əvvəl, klassik Azərbaycan mətbuatında informasiya müharibəsi necə aparıla bilərdi?
1905-ci ildə Bakı qan gölünə dönmüşdü. Rusiyada yaranmış siyasi boşluqdan istifadə etməyə çalışan ermənilər Bakıda üstünlük qazanmaq üçün dinc müsəlmanların üstünə hücuma keçmişdi. Və özlərinə xas ləyaqətlə bu məsələni mətbuatlarında birtərəfli və qərəzli şəkildə işıqlandırmışdılar. Qeyd etmək lazımdır ki, həmin dövrdə Qafqazda 10, bəzi mənbələrə görə isə 5 erməni qəzeti fəaliyyət göstərirdi. Müsəlmanların isə sadəcə “Kaspi” və yeganə anadilli qəzet olan, yeni fəaliyyətə başlayan “Həyat” qəzeti var idi. Mətbuatda ermənilərin imkanlarının geniş olması saxtakarlıqları üçün zəmin yaratmışdı. Belə ki, yazdıqları yazılarda müsəlmanların “dinc” ermənilərə hücum etdiyini, onları doğma yerlərindən didərgin etdiyini qeyd edən ermənilər ictimaiyyəti tam əks məlumatlarla inandırmağa çalışırdılar. Həmin dövrdə nəinki Qafqazda çıxan, Rusiyada çıxan qəzetlər də ermənilərin nəzarətində idi. İ. Doluxanov adlı bir erməni “Rus” qəzetində yazdığı “Qafqazın bəlası” məqaləsində ortaya qoyduğu saxta və təhrif edilmiş faktlarla erməniləri məzlum xalq kimi qələmə verib. Halbuki həmin vaxt Doluxanov heç Bakıda olmayıb və hadisələrin şahidi deyil. Yazıda güya hansısa erməni Doluxanova məktub göndərib və məktubda qeyd edilib ki, müsəlmanlar hər biri əli silahlı küçələrdə gəzir, harada erməni gördülərsə öldürürlər: “Birliklər yaradıb evlərə girirlər, üç gündür acıq, evdən çıxa bilmirik”. Bu məktub özü necə də gülüncdür ki, müsəlmanların əlində silah var, amma ruslar heç nə demir.
Bu mənzərə dövrün bütün erməni qəzetlərini bürümüşdü. Lakin məhdud imkanlara, tək anadilli qəzetin olmasına baxmayaraq, Azərbaycan siyasi-ictimai xadimləri ortaya qoyduqları faktlarla erməni mətbuatını və yalanlarını yerlə bir etdilər.
Başda Həsən bəy Zərdabi olmaqla Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ə.M. Topçubaşov, Qara bəy Qarabəyov, Fərrux bəy Vəzirov, Cəlil Məmmədquluzadə, M.Ə. Rəsulzadə, Ü. Hacıbəyov mətbuatda silsilə məqalələrlə çıxış etməyə başladılar.
Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1905-ci il iyulun əvvəllərində (21-ci nömrə) “Erməni vətəndaşlarımıza tövsiyə və ixtaratımız” (xəbərdarlığımız) sərlövhəli məqaləsində qeyd edir ki, pişik öz pisliyini torpaqla ört-basdır etdiyi kimi, ermənilər də öz qüsurlarını, qəbahətlərini, vəhşətlərini söz tufanı içində gizlədib, bizim ən kiçik qəbahətimizi birəmi dəvə edərcəsinə mübaliğələndirirlər. Əli bəy yazının davamında qeyd edir ki, sizi qorxudan İslamın və türklərin uydurma ittihad və ittifaqı deyil! Siz onların “xabi-qəflətdən oyanıb” mədəniyyət və tərəqqi yoluna, maarif səmtinə hərəkətlərindən qorxursunuz: “Sizin qorxu və təlaşınızla qanuni-təbiətə səddmi çəkiləcək zənn edirsiniz? Və ya siz bütün Avropanı təlaşa düşürməklə bizi təhdid etdiyiniz üçün biz; xeyr, əstağfirullah, qələt etdik – deyənlərdənmiyik zənn edirsiniz? Çalışalım ki, Bakı və İrəvan hadisələri kimi çirkin şeylər yaddan çıxsın. Maarifə, təməddünə, təkamül və inkişafa çalışalım”.
Əhməd bəy Ağaoğlu bir neçə xarici dil bildiyi və xarici ölkələrlə əlaqələrinin yaxşı olduğu üçün həm yerli, həm də xarici mətbuatda hadisə ilə bağlı mənfur düşmənə lazımi cavabları verdi. Əhməd bəy Ağaoğlu bütün bu qarayaxma və qərəzli yanaşmalara qarşı «Санкт-Петербургские ведомости» qəzetində dərc olunmuş “Bakı hadisələri haqqında həqiqət” məqaləsi ilə paytaxt mətbuatında ermənilərə layiqli cavab verən ilk azərbaycanlı jurnalist, ədib oldu. Ə.Ağaoğlu bu məqaləsində qeyd edirdi: “Heç kimə sirr deyildir ki, son vaxtlara kimi Qafqaz administrasiyası bütün vasitələrlə erməniləri dəstəkləyir və himayə edirdi. Ermənilər də, ağıllı və diribaş xalq olaraq, bu müstəsna vəziyyətlərdən ən geniş şəkildə yararlanırdılar. Onlar məktəblər açır, qəzetlər təsis edir, xeyriyyə və insanpərvərlik cəmiyyətləri yaradır, kitabxana və qiraətxanalar qururdular. Bütün bunların hesabına onlar, nisbətən azsaylı olmalarına rəğmən, həm əqli, həm də iqtisadi cəhətdən sürətlə tərəqqi edərək, bölgədə aparıcı rol oynamağa başladılar. Müsəlmanlar isə, sayca mütləq əksəriyyəti təşkil etmələrinə baxmayaraq, administrasiyanın etimadsızlığı və yaranmış əlverişsiz şərait səbəbindən ətalət, cəhalət, əqli və iqtisadi səfalət içində yaşamağa davam edirdilər. Üstəlik, müsəlmanların mədəni tərəqqi yoluna qədəm qoyduqları ilk günlərdən başlayaraq, ermənilər onları yetərincə rəğbətlə qarşılamadılar”.
Maraqlıdır ki, məqalənin işıq üzü görməsindən sonra bəzi erməni nümayəndələri belə “müsəlmanlar haqqında Rusiya cəmiyyətində yayılan yalan məlumatların çirkinliyini” etiraf etməyə və Əhməd bəyin gətirdiyi faktların həqiqiliyini təsdiqləməyə məcbur oldular. Məsələn, Nikoqosov adında bir erməni müəllif həmin qəzetdə yazırdı: “Bakı administrasiyasının baş vermiş faciəli hadisələrə tam biganə münasibəti barədə cənab Ağayevin belə aydın və qəti şahid ifadəsindən sonra, mən, bir erməni olaraq, qafqazlı müsəlman həmkarımla tamamilə razıyam ki, mətbuatda müsəlmanlara qarşı hər cür təşviqat və onların qırğının əsas günahkarı kimi təqdim edilməsi çirkindir, yersizdir və pislənməlidir. Öz tərəfimdən əlavə edirəm ki, bütün bunlar qırğının əsl günahkarlarının xeyrinədir”.
Bir erməni tərəfindən bu cümlələrin dövrün aparıcı mətbuat orqanında dərc edilməsi ümumi mənzərə haqqında ətraflı məlumat verir. Xüsusən son cümlə bütün erməni faşizmini, terrorunu ifşa edir. Beləliklə, görürük ki, Əhməd bəyin hadisələrə biganə qalmaması, jurnalist mövqeyindən çıxış edərək birmənalı mövqe qoyması öz bəhrəsini verdi və erməni yazarı özü öz millətini ifşa edən yazı yazmağa məcbur oldu.
“Həyat” qəzetinin fəaliyyətə başlaması ermənilərdə böyük qıcıq yaratdı. Belə ki, qəzetin ilk sayının işıq üzü görməsindən bir gün əvvəl erməni qəzeti olan “Mşak” yazırdı ki, bu qəzetin barışmaz panislamizmin mətbu orqanı olacağını təxmin etmək çətin deyildir. Və dövrün mətbuat orqanlarında bu qəzetin ünvanına qarşı qarayaxmalar aparıldı. Əhməd bəy Ağaoğlu göstərirdi ki, ermənilərin müsəlmanlara qarşı çuğulluq etməsi, onları hökumətin gözündən salmaq cəhdləri heç də Rusiya imperiyasına olan məhəbbətindən irəli gəlmirdi. O, açıq-aydın göstərirdi ki, ermənilər bütün bunları müsəlmanlara qarşı repressiyalar həyata keçirmək, mədəni oyanışın qarşısını almaq üçün edirlər. “Həyat” nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarının, ədəbi-ictimai və siyasi fikir tariximizdə məxsusi yeri olan şəxsiyyətlərin mübarizə tribunasına çevrildi.
Əhməd bəy daha sonra 1905-ci ilin 23 martında “Kaspi” qəzetində “Qafqazın bəlası” sərlövhəli yazı yazdı və bu yazıda da müsəlmanlara atılan iftiralar lazımi şəkildə cavablandırıldı. Müsəlmanları hədəf alıb saxta ittihamlar irəli sürən Doluxanov Əhməd bəyin faktları ilə yerinə oturduldu.
Erməni-müsəlman davasının üstündən 1 il keçsə də, mətbuatda yazılar dərc edilirdi. Üzeyir bəy Hacıbəyli 1906-cı ildə “İrşad” qəzetində “Erməni müsəlman sülh məclisinə dair” yazısında hadisələrin üstündən bir il keçsə də, izlərinin qaldığını, yaraların sağalmadığını və sülhün vacibliyini vurğulayırdı. Bu yazı həm də bir təklif idi – sülh məclisinin qurulmasına dair təklif.
Bu, informasiya müharibəsinin ən ləyaqətli formasıdır. Zərərçəkən, əliyalın insanları güllələnən millətin ziyalıları mətbuatda öz mədəniyyətlərini qoruyaraq, obyektiv və qərəzsiz şəkildə faktları ortaya qoyur, həqiqəti müdafiə edir və sülh təklif edirlər. Halbuki münaqişəni yaradan tərəf biz deyilik.
Bütün bunlar göstərir ki, informasiya müharibəsi yalnız bu günün anlayışı deyil. Sosial şəbəkələrin, televiziya kanallarının, internet portallarının və süni intellektin olmadığı bir dövrdə də informasiya həqiqətin müdafiəsi, ictimai rəyin formalaşdırılması və siyasi mübarizənin əsas vasitələrindən biri olub. Sadəcə, həmin dövrdə informasiya daha yavaş yayılırdı, amma onun təsiri heç də az deyildi.
1905-ci ildə Azərbaycan ziyalılarının qarşısında ikiqat ağır vəzifə dayanırdı: bir tərəfdən xalqın fiziki təhlükəsizliyini qorumaq, digər tərəfdən isə onun haqqında yaradılan saxta informasiya mühitini dağıtmaq. Onlar bunu silahla deyil, qələmlə etdilər. Onların əsas silahı fakt, arqument, mətbuat və maarif idi. Daha da əhəmiyyətlisi isə bu mübarizəni apararkən nifrətin, intiqamın və kor-koranə təbliğatın əsirinə çevrilmədilər.
Əli bəy Hüseynzadənin maarifə və tərəqqiyə çağırışı, Əhməd bəy Ağaoğlunun faktlarla yalanları ifşa etməsi, Üzeyir bəy Hacıbəylinin isə hadisələrdən bir il sonra belə sülh məclisi yaratmağı təklif etməsi Azərbaycan mətbuatının informasiya müharibəsində hansı mövqedən çıxış etdiyini göstərir.
Bəlkə də Azərbaycan mətbuat tarixinin həmin ilk böyük informasiya müharibəsindən çıxarmalı olduğumuz ən mühüm nəticə budur: həqiqəti müdafiə etmək üçün yalnız güclü informasiya resurslarına sahib olmaq kifayət deyil, həmin informasiyanı necə və hansı məqsədlə yaymaq da vacibdir. 120 il əvvəl bir neçə qəzetin imkanları ilə aparılan bu mübarizə göstərdi ki, həqiqətə söykənən jurnalistikanın təsir gücü bəzən saysız-hesabsız təbliğat vasitələrindən daha böyük ola bilər.
Bu gün informasiya müharibəsinin texnologiyaları dəyişib, sürəti misilsiz dərəcədə artıb. Lakin jurnalistin missiyası dəyişməyib: yalanın qarşısında həqiqəti, təxribatın qarşısında faktı, nifrətin qarşısında isə insanı və sülhü müdafiə etmək. Azərbaycan mətbuatının 1905-ci ildə verdiyi bu cavab da məhz bunu göstərir. O dövrün qələmləri ilə aparılan mübarizə bu günün informasiya müharibələri üçün də mühüm bir dərsdir: qələm yalnız müharibəni təsvir edən vasitə deyil, həqiqəti qoruyan və sülhə yol açan silahdır.
14:30 05.09.2026
Oxunuş sayı: 60