XX əsrin informasiya müharibəsi və Əhməd bəy Ağaoğlu
1875-ci ildə əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatı xələfləri üçün bir yol, cığır açdı, nümunə verdi. Belə ki, böyük mütəfəkkir Həsən bəy Zərdabinin başlatdığı qəzetçilik ənənəsini davam etdirən böyük ədiblərimiz Ünsizadə qardaşları, Əli bəy Hüseynzadə M.Şahtaxtlı, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə və nəhayət haqqında danışacağım Əhməd bəy Ağaoğlu 100 il əvvəl mətbuat sahəsində çox böyük işlər görüblər. Heç şübhəsiz ki, 100 il əvvəl görülən işlər, həyata keçirilən layihələr, ötürülən ideayalar bu günün mətbuatına istiqamət verir. “İrşad”, “Həyat” qəzetlərinin, “Molla Nəsrəddin” jurnalının mövzu palitrası bu gün üçün də aktualdır. Bu aktuallığa Əhməd bəy Ağaoğlunun mətbu fəaliyyətində nəzər salaq:
Əhməd bəyin qələmlə ilk tanışlığı Fransanın Sarbonno Universitetində təhsil aldığı zamana təsadüf edir. Doğrudur, Əhməd bəyin Fransadakı mətbu orqanlarda fəaliyyəti əsasən araşdırma, tədqiqat istiqamətində idi. Amma bu istiqamətlə o Fransanın 1879-cu ildə təsis edilmiş “La Nouvelle Revue” dərgisində yazılar yazmağa başalayır. Bu dərgidəki ilk elmi araşdırması da “La Societe persane” (İran cəmiyyəti) başlıqlı məqalələr silsiləsi olmuşdur. (A.Balayev “Əhməd bəy Ağaoğlu” səh 68).
Əhməd bəyin Fransa mətbuatında dərc edilən sonuncu yazısı isə 1894-cü ilin may ayında “Journal des Debats” dərgisində dərc edilir. Və burada Əhməd bəyin imzası ilə yanaşı “Tiflis” sözü də yazılır. Bu da Əhməd bəyin 1894-cü ildə Fransanı tərk etməsindən xəbər verir.
6 illik Paris həyatına son verən ədib Tiflisə gəlir və bir müddət burada yaşamağa qərar verir. Yaşadığı müddətdə Tiflisdə dərc edilən “Kavkaz” qəzeti ilə əməkdaşlıq edir. 2 il də Tiflisdə həm mətbu həm pedaqoji fəaliyyətlə məşğul olan Əhməd bəyin Şuşa üçün, öz doğma torpağı üçün burnunun ucu göynəyirdi. Bu səbəbdən o, 1896-cı ildə Şuşaya qayıtmaq qərarına gəlir. Şuşaya gəlməsi ilə maarifçilik fəaliyyətinə başlayan Əhməd bəy Şuşanın türklər yaşayan hissəsində ilk qiraətxana və kitabxananın əsasını qoyur. Əhməd bəyin “Kavkaz” qəzetindəki fəaliyyəti azərbaycanlı ziyalılara artıq tanış idi. 1896-cı ilin dekabrında Hacı Zeynalabidin Tağıyevin “Kaspi” qəzetini alması və azərbaycanlı ziyalıların ixtiyarına verməsi bu qəzeti “milli qəzet”ə çevirdi. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələn Əhməd bəy də qəzetin redaksiya heyətinə qoşuldu. Bu redaksiya Əhməd bəyin Azərbaycanda çalışdığı ilk redaksiya, ilk mətbu orqan oldu.
Bu dövrdə Azərbaycanlıların yeganə mətbuat orqanı olan, rus dilində çıxan Kaspi qəzeti qafqazda çıxan 5 erməni qəzeti ilə - “Mşak”, “Taraz”, “Arşaluys”, “Murç”, “Nor Dar” – qəzetləri ilə mübarizə aparmaq gücündə deyildi. Həmçinin qeyd etmək lazımdır ki, bölgədə çıxan rus dilli qəzetlər də ermənilərin nəzarətində idi. Bununla yanaşı azərbaycanlıların öz dillərində mətbu orqanının yaranmasına icazə verilmirdi. Belə çətin şəraitdə Əhməd bəy Ağaoğlu ermənilərin Azərbaycan türklərinə qarşı başlatdığı informasiya müharibəsinə imkanı daxilində müqavimət göstərməyə və hadisələrin əsl mahiyyətini oxuculara çatdırmaq üçün çalışırdı. Qeyd edək ki, 1905-ci ildə baş verən erməni-müsəlman toqquşmaları erməni və rus mətbuatında qərəzli işıqlandırıldı. Ermənilər məsum quzu, müsəlmanlar isə canavar adlandırıldı. Əhməd bəy Ağaoğlu bütün bu qarayaxma və qərəzli yanaşmalara qarşı «Санкт-Петербургские ведомости» qəzetində dərc olunmuş “Bakı hadisələri haqqında həqiqət” məqaləsi ilə paytaxt mətbuatında ermənilərə layiqli cavab verən ilk azərbaycanlı jurnalist, ədib oldu. Ə.Ağaoğlu bu məqaləsində qeyd edirdi: “heç kimə sirr deyildir ki, son vaxtlara kimi Qafqaz administrasiyası bütün vasitələrlə erməniləri dəstəkləyir və himayə edirdi. Ermənilər də, ağıllı və diribaş xalq olaraq, bu müstəsna vəziyyətlərdən ən geniş şəkildə yararlanırdılar. Onlar məktəblər açır, qəzetlər təsis edir, xeyriyyə və insanpərvərlik cəmiyyətləri yaradır, kitabxana və qiraətxanalar qururdular. Bütün bunların hesabına onlar, nisbətən azsaylı olmalarına rəğmən, həm əqli, həm də iqtisadi cəhətdən sürətlə tədəqqi edərək, bölgədə aparıcı rol oynamağa başladılar. Müsəlmanlar isə, sayca mütləq əksəriyyəti təşkil etmələrinə baxmayaraq, administrasiyanın etimadsızlığı və yaranmış əlverişsiz şərait səbəbindən ətalət, cəhalət, əqli və iqtisadi səfalət içində yaşamağa davam edirdilər. Üstəlik müsəlmanların mədəni tərəqqi yoluna qədəm qoyduqları ilk günlərdən başlayaraq, ermənilər onları yetərincə rəğbətlə qarşılamadılar”.
Maraqlıdır ki, məqalənin işıq üzü görməsindən sonra bəzi erməni nümayəndələri belə “müsəlmanlar haqqında Rusiya cəmiyyətində yayılan yalan məlumatların çirkinliyini” etiraf etməyə və Əhməd bəyin gətirdiyi faktların həqiqiliyini təsdiqləməyə məcbur oldular. Məsələn Nikoqosov adında bir erməni müəllif həmin qəzetdə yazırdı: “Bakı administrasiyasının baş vermiş faciəli hadisələrə tam biganə münasibəti barədə cənab Ağayevin belə aydın və qəti şahid ifadəsindən sonra, mən, bir erməni olaraq, qafqazlı müsəlman həmkarımla təmamilə razıyam ki, mətbuatda müsəlmanlara qarşı hər cür təşviqat və onların qırğının əsas günahkarı kimi təqdim edilməsi çirkindir, yersizdir və pislənməlidir. Öz tərəfimdən əlavə edirəm ki, bütün bunlar qırğının əsl günahkarlarının xeyrinədir”.
Bir erməni tərəfindən bu cümlələrin dövrün aparıcı mətbuat orqanında dərc edilməsi ümumi mənzərə haqqında ətraflı məlumat verir, xüsusən son cümlə bütün erməni faşizmini, terorrunu ifşa edir. Beləliklə görürük ki, Əhməd bəyim hadisələrə biganə qalmaması jurnalist mövqeyindən çıxış edərək birmənalı mövqe qoyması öz bəhrəsini verdi ki, erməni yazarı özü öz millətini ifşa edən yazı yazmağa məcbur oldu.
“Həyat” qəzetinin fəaliyyətə başlaması ermənilərdə böyük qıcıq yaratdı. Belə ki, qəzetin ilk sayının işıq üzü görməsindən bir gün əvvəl erməni qəzeti olan “Mşak” yazırdı ki, bu qəzetin barışmaz panislamizmin mətbu orqanı olacağını təxmin etmək çətin deyildir. Və dövrün mətbuat orqanlarında bu qəzetin ünvanına qarşı qarayaxmalar aparıldı. Əhməd bəy Ağaoğlu göstərirdi ki, ermənilərin müsəlmanlara qarşı çuğulluq etməsi, onları hökümətin gözündən salmaq cəhdləri heç də Rusiya imperiyasına olan məhəbbətindən irəli gəlmirdi. O, açıq aydın göstərirdi ki, ermənilər bütün bunları müsəlmanlara qarşı repressiyalar həyata keçirmək, mədəni oyanışın qarşısınl almaq üçün edirlər. “Həyat” nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarının, ədəbi-ictimai və siyasi fikir tariximizdə məxsusi yeri olan şəxsiyyətlərin mübarizə tribunasına çevrildi.
“İrşad” qəzetini təsis etdi. Əhməd bəy üçün "İrşad" qəzetinin nəşri maddi qazanc və ya şəxsi şöhrət vasitəsi deyil, xalqın maarifləndirilməsinə yönəlmiş milli bir missiya idi. Qəzetin nəşrindən sonra geri düşüncəli və radikal təbəqələrin "İrşad"a qarşı qarayaxma kampaniyaları başlasa da, Əhməd bəy bu hücumlara yüksək ictimai məsuliyyət və milli şüur çərçivəsində cavab vermişdir. O, bu münasibətlə yazırdı:
"Mən səmimi qəlbdən diyorum, əgər millətim məndən narazıdır, əgər məni qəzetə aparmağa layiq görmüyorsa, mən 'İrşad'ı hər kəs istəsə, ona verərəm, qoy məndən yaxşıları, məndən layiqliləri aparsın, təki aparsın, təki bu mənbeyi-feyz və tərəqqi olan sərmayə əlimizdən çıxmasın. Axtarın, vuruşun, tapın, biz bu qədər zəhmətlər ilə düzəlmiş büsatı özgələrə millət namına təslim etməyə hazırıq."
Bu fikirlərdən aydın olur ki, Əhməd bəy Ağaoğlunun məqsədi şəxsi ambisiyaları təmin etmək deyil, xalqın tərəqqisi üçün zəruri olan maarif və intibah ideyalarını geniş kütlələrə çatdırmaq idi. Onun fəaliyyətində əsas hədəf, milli intibah prosesinin təmin olunması və İslam dünyasında mövcud olan stereotiplərin aradan qaldırılması olmuşdur.
"İrşad" qəzetinin fəaliyyəti qısa bir zaman kəsiyində geniş oxucu auditoriyası qazanaraq, tiraj baxımından da dövrünün digər mətbu orqanlarını geridə qoymuşdur. Belə ki, qəzetin tirajı 3000 nüsxəni aşmışdır ki, bu da həmin dövrün Azərbaycan mətbuatı üçün mühüm nailiyyət hesab edilə bilərdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu dövrün ən nüfuzlu mətbu orqanlarından sayılan "Həyat" qəzetinin tirajı belə heç vaxt 2500 nüsxəni keçməmişdi. Bu fakt "İrşad" qəzetinin cəmiyyət tərəfindən necə rəğbətlə qarşılandığını və onun sosial təsir gücünü əyani şəkildə göstərir.
Qəzetin fəaliyyətinin dayandırılmasını abunə azlığı dil qəlizliyi, fikir mürəkkəbliyi və jurnalistika təcrübəsinin yetərincə olmaması ilə bağlayanlar bu fakta diqqət yönəltməlidirlər. Elə bu səbəbdəndir ki, XX əsrin əvvəllərindəki mətbuat nümunələri haqqında xatirələrində Abdulla Şaiq o dövrün nəşrlərini qaranlıq gecədə bir-birinin ardınca yanıb-sönən ulduzlara bənzədirdi. Maraqlısı da bundadır ki, bağlanması üçün göstərilən heç bir səbəbin məntiqi əsası yox idi. 3000 dən artıq tirajı olan bir qəzetə abunə azlığı, xalq arasında ən çox oxunan qəzetə dilinin qəliz olması, ətrafında Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə və Ömər Faiq Nemanzadə kimi ziyalıların birləşdiyi qəzetə jurnalistika təcrübəsinin yeterincə olmamasını demək olduqca absurddur. İrşad qəzeti tək Çar Rusiyasının deyil eyni zamanda içimizdə olan bölücülərin, saxta mollaların və savadsız dövlət adamlarının hədəfində idi. Yolunu itirmiş, mənəviyyatından və milli kimliyindən getdikcə uzaqlaşan bir xalqa-yol göstərən- İrşad hava və su kimi lazım idi. Lakin daxili və xarici qaragüruhlar İrşada “yol göstərərək” fəaliyyətini dayandırdı. Amma unutduqları nüans o idi ki, yol yolcuya göstərilir. İrşad bir yolçu deyildi, İrşad yol göstərən idi. Yolçular İrşadı hədəf alıb xalqın maarifinə qarşı çıxanlar idi. Yolgöstərənə yol göstərən yolçular!
Ə.Ağaoğlu yaradıcılığının Azərbaycandakı mərhələsi 1908-ci ildə başa çatdı. Azərbaycanda yaranmış qarışıqlıq və Əhməd bəyin cəsur çıxışlarl, yazıları onu təqiblərə məruz qoymuşdu. Əhməd bəy həmin dövrü belə xatırlayır: “Şiddətli təqib edilənlət arasında idim. İş elə bir dərəcəyə çatmışdı ki, artıq daha özümün deyik, ailəmin də sakitlik və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə inqlab olmuşdu. Tanıdığım bəzi şəxslər vəzifə başına gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin edilən Votontsov-Daşkov məni necə olursa olsun həbsə aldırıb sürgün etməyə qərar vermişdi. Bunu eşidən kimi mən də dərhal 1908-ci ilin sonu İstanbula qaçdım”.(Y.Akçura – Əhməd Ağaoğlu – “Elm”, 13.04.1991)
Əhməd bəyin qeyd etdiyi kimi bəzi tanıdıqları vəzifəyə gəlmişdi və bu onun Türkiyədəki fəaliyyətinə zəmin yaratmışdı. Əhməd bəyin publisist fəaliyyəti Türkiyəyə getməzdən əvvəl də oradakılara tanış idi. Türkiyəyə köçdüyü ilk dönəmlərdə (1910-1914) Əhməd bəy “Sırat-ı Müstakim” və “Sebilürreşad” kimi islamçı dərgilərlə sıx əməkdaşlıq edirdi. İlk sayı 1908-ci ilin 14 avqustunda işıq üzü görən “Sırat-i Müstakim” dərgisinin baş redaktoru da Mehmet Akif Ərsoy idi. Əhməd bəyin əməkdaşlığı nəticəsində bu dərgi Rusiya müsəlmanlarının durumuna xüsusi diqqət yetirirdi. Dərginin səhifələrində mütəmadi olaraq Rusiya imperiyasının məhkum müsəlman xalqlarına həsr olunmuş yazılar dərc edilirdi. Hətta bu yazılardan sonra “Sırat-ı Müstakim” dərgisinin Rusiya ərazisində yayımı qadağan edilmişdi.
Əhməd bəyin Türkiyədə olsa da Azərbaycan mətbuatında da yazıları dərc edilirdi. Publisistimiz Türkiyə mətbuatında ürək yanğısı ilə Qafqaz müsəlmanlarının azadlığından yazmaqla yanaşı, həm də Azərbayxan mətbuatında maarifin inkişafın əhəmiyyəti ilə bağlı yazılar dərc etdirirdi. Belə ki, Ə.Ağaoğlu 1911-ci ildə Bakıda çıxan “Yeni həqiqət” qəzetində yazırdı: “Niyə digər xalqların həyat tərzi müsəlmanlar üçün münasib sayılmır? Məsələn bu gün Avropada “paniranizm”, “panslavizm”, “panlatınizm”, “panamerikanizm” və digər “panizm”lərin tərəfdarı olan çoxsaylı ittifaq və partiyalar mövcuddur. Özü də bu cəmiyyətlər sözdə deyil, gerçəklikdə mövcuddurlar və aktiv fəaliyyət göstərirlər. Niyə Avropada bu cür təşkilatların fəaliyyəti təqdir edildiyu halda, müsəlmanlar arasında qadağan olunur?”
Əhməd bəy hər zamankı kimi üsyan edirdi, həm millətinin başındakı qara buludlara həm də içindəki qaragüruhlara idi bu üsyan. Vətəndən kənarda vətən üçün mübarizədə idi.
Əhməd bəyin mətbuat sahəsindəki zəngin təcrübəsi ilk dəfə Malta sürgünündə tanış olduğu Mustafa Kamal Atatürkə də məlum idi. Bu səbəbdən Əhməd bəy 1921-ci ildə Malta sürgünündən Ankaraya dönən kimi sadəcə Mətbuat və İnformasiya Baş İdarəsinə deyil, həm də Mustafa Kamal Atatürkün təşəbbüsü ilə yaradılmış Anadolu agentliyinə də rəhbərlik etməyə başladı. Bu qurumlar əhaliyə Türkiyədə və onun hüdudlarından kənarda baş verən hadisələr barədə məlumat vermək, milli-azadlıq mübarizəsinin gedişini obyektiv işıqlandırmaq, türk xalqının ədalətli tələblərini dünya ictimaiyyətinə çatdırmaq, müəyyən dairələrin ölkənin milli maraqlarına qarşı yönəlmiş siyasi intiriqalarını ifşa etmək vəzifəsini öz üstünə götürmüşdü. Əhməd bəy eyni zamanda “Hakimiyyet-i Milliye” qəzetinin də baş redaktoru və ən məhsuldar yazarı idi.
Əhməd bəy Ağaoğlunun Türkiyədə dərc etdirdiyi sonuncu mətbu orqan 1933 cü il mayın 29 da ilk sayı buraxılan “Axın” qəzeti idi. Bu qəzet gündəlik, siyasi, ictimai, müstəqil türk qəzeti idi. Baş redaktor Əhməd bəyin təbirincə desək, “Hökmlərimizdə şəxsi ehtiraslardan uzaq duracaq və türkün yüksək mənfəətlərini özümüz üçün yeganə yol hesab edəcəyik. Qəzetimizin gedəcəyi yol, güdəcəyi hədəf budur”. (V. Quliyev “Atatürk və Əhməd Ağaoğlu” – Bakı 2019)
Sürəyya Ağaoğlunun xatirələrində qeyd etdiyi məlumata görə Əhməd bəy bu qəzeti nəşr etdirmək üçün xanımının zinət əşyalarını və nadir Qarabağ xalılarını dəyər dəyməzinə satmışdı
Bu qəzetin səhifələrində nəinki Türkiyə daxilindəki siyasi-iqtisadi, sosial məsələlər həm də xarici dövlətlərin daxilində baş verən çaxnaşmalar, beynəlxalq siyasətlə bağlı Əhməd bəyin müəllif yazıları dərc edilir, auditoriyaya analitik siyasi məqalələr təqdim edilirdi.
Qeyd etdiyimiz məlumatlardan da göründüyü kimi Əhməd bəy yarım əsrlik fəaliyyəti ilə dünyanın 4 ölkəsində jurnalitika ilə məşğul olmuş, siyasi məsələlərdə mövqe qoymuş, daima millət yanğııs ilə yaşamış və mübarizə aparmışdır. Fəaliyyətində elmə, araşdırmaya önəm verən Əhməd bəyin ilkin qələm təcrübəsi də məhz elmi araşdırmaladla Sarbonnoda başlamış və daha sonra həm Azərbaycanda həm də Tükiyədə davam etmişdir. Yaradıcılığında müasir jurnalistikanın rəməl prinsiplərini birləşdirən Əhməd bəy həm də daim milli mövqedən çıxəş edirdi. Öz yazılarında və rəhbərlik etdiyi media qurumlarında da maarifləndirmək, məlumatlandırmaq və obyektivlik ən əsas prinsiplər idi. Müasir dövr jurnalistikası 100 il geriyə dönüb sadəcə Əhməd bəyin mətbuat fəaliyyətinə nəzər salsa, aydın şəkildə görər ki, hələ öyrənəcəyi çox şey var.
12:30 26.08.2026
Oxunuş sayı: 52