Samanilər dövləti – Buxaradan başlayan böyük hakimiyyət
Ərəb xilafətinin idarəçiliyində təmsil olunan feodal aristokratiyasının mühüm xanədanlarından biri də Samanilər idi. Xanədan adını Bəlx şəhərinin hakimi ikən düşmənlərinin təcavüzündən qaçaraq Əməvilərin Xorasan valisi Əsəd ibn Abdullah əl-Qəsriyə sığınan və onun dəstəyi sayəsində Bəlxi yenidən ələ keçirən Saman Xudatdan götürmüşdür. Samanilərin mənşəyi haqqında iki fərziyyə mövcuddur. Fars mənşəli olduqlarını iddia edən fərziyyəyə görə, Samanilər soy-kök etibarilə Bəhram Çubinə və farsların əfsanəvi hökmdarı Kəyumərsə dayanır. Buna qarşı çıxanlar şəcərələrdə Güzək, Tamgaç kimi türk adlarının rast gəlindiyini, Bəhram Çubinin İran hökmdarına qarşı uğursuz üsyan qaldırmasının ardından Göytürk xaqanının yanına gedərək onun qızıyla evləndiyini, qaynaqlarda bir-birindən fərqli şəkildə Samanilərin ortaya çıxdığı yer adları olaraq keçən Səmərqənd, Bəlx və Eşnas şəhərlərinin Eftalitlər dövründən bəri türklərin hakimiyyətində olduğu, nəslin əcdadı Samanın ünvanı olan “xudat” kəlməsinin farscada “sahib”, əski uyğur türkcəsində “ünvan və rütbə” mənalarında işlədildiyini nəzərə alaraq türk mənşəli olduqları fikrini irəli sürürlər.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsində
Samanilər nəslinin fars əsilli olduğunu iddia edənlərin digər bir dəlili də fars dili və ədəbiyyatının bu xanədanlıq dövründə yüksəliş dövrü yaşamasıdır. Ancaq bu yüksəlişi sadəcə Samanilərlə əlaqələndirmək doğru deyildir. Çünki Samanilər farsca yazan şair və ədiblər qədər ərəbcə yazanları da himayə etmiş, divanlarında rəsmi dil olaraq ərəbcədən istifadə etmişdilər. Samanilərin türk əsilli olduğunu yazan Fəzlullah Rəşidəddin onların oğuzlardan (türkmən) gəldiklərini qeyd etsə də, heç bir mənbə göstərməmişdir. Bir sıra qaynaqlarda “Samani türkləri” kəlməsinin keçdiyini (Məqdisi, İbn Miskeveyh) nəzərə alsaq, Samanilərin türk əsilli olduğu ehtimalının daha yüksək olduğunu söyləyə bilərik.
Abbasilər sülaləsinin hakimiyyətə gəldiyi dövrdə Xorasan və ətrafı yerli sülalə olan Bərməkilər tərəfindən idarə olunurdu. Xəlifə Harun ər-Rəşid (786-809) bərməkilərin xalq arasında artan nüfuzundan ehtiyat etdiyindən onları hakimiyyətdən qovdu. Xəlifə buranın idarəçiliyini Xorasanın iri feodal aristokratiyasından çıxmış Tahirilər nəslinə həvalə etdi. Sülalənin banisi Tahir ibn Hüseyn Xilafət taxtı uğrunda mübarizə aparan Məmunun xəlifə seçilməsinə dəstək verdiyi üçün mükafatlandırıldı. Xəlifə Məmun Tahiri 813-cü ildə Cəzirəyə (Mesopotamiyanın şimalı), 821-ci ildə isə Xorasana canişin təyin etdi. Bu zaman Mavəraünnəhr Xorasan canişinliyinə tabe idi. “Hüdud əl-Aləm” əsərində qeyd edilir ki, “indi hər iki ölkənin (Xorasan və Mavəraünnəhr nəzərdə tutulur - T.C.) bir canişini var. Xorasan əmiri Buxarada oturur, o, Saman nəslindəndir. Onu Şərq çarı adlandırırlar və bütün Xorasanda onun hakimləri var”.
Canişinliyi müstəqil dövlətə çevirməyə çalışan Tahir qəflətən öldü. Xəlifə Məmun hakimiyyəti Tahirin oğlu Əbdül Abbas Abdullaya verdi. Onun dövründə Xorasan canişinliyi xilafətdən asılı yarımmüstəqil dövlətə çevrildi. Xəlifə Harun əl-Rəşid yerli feodalları, eyni zamanda böyük nüfuz sahibi olan aristokratları öz tərəfinə çəkməkdə maraqlı idi. O, Xorasan, Mərv şəhərlərini ən iri feodal olan Tahirilər və Samanilər sülaləsinin sərəncamına verdi. Qeyd edək ki, Tahir ibn Hüseynin dövründə Samanilər Tahirilərə tabe idi.
Ərəb mənbələri Samanilərin əcdadı olan Saman Xudatın (və ya Saman Xuda) 724-727-ci illər arasında Xorasana valilik etmiş Əsəd ibn Abdullahın təşviqi ilə müsəlmanlığı qəbul etdiyini və oğluna onun adını verdiyini yazır. Bu zaman siyasi meydana xəlifə Məmunun sevimlisi, Samanın oğlu Əsəd çıxdı. Əsədin Nuh, Əhməd, Yəhya və İlyas adında dörd oğlu vardı. Rafi ibn Leysin Abbasilərə qarşı Mavəraünnəhrdə başlatdığı üsyanın yatırılmasındakı xidmətlərinə görə onların hər biri xəlifə Məmunun göstərişi ilə bölgənin ayrı-ayrı şəhər və vilayətlərinə canişin təyin edildilər. Belə ki, Nuh Səmərqəndin, Əhməd Fərqanənin, Yəhya Şaşın (indiki Daşkənd), İlyas isə Usruşananın hakiminə çevrildilər. Bu təyinatlarla Samanilər xanədanlığının təməlləri atıldı (819-cu il) və faktiki olaraq ailə dörd qola ayrıldı.

821-ci ildə Xorasana canişin təyin edilmiş Tahir ibn Hüseyn də Əsədin oğlanlarını müdafiə edirdi. Qardaşlar arasında ali hakimiyyət Nuha məxsus idi. Səmərqənd hakimi olan Nuh Tahirilər və Abbasilərlə münasibətləri sabit saxlamaqla Samanilərin Mavəraünnəhrdəki hakimiyyətini möhkəmləndirdi. Bu arada gözdən düşmüş xilafət ordusunun baş komandanı Afşinin (Heydər ibn Kavus) oğlu Həsənin yaxalanmasında Abbasilərə yardım edən Nuh qardaşı Yəhya ilə birlikdə 840-cı ildə İsfidcab ətrafındakı türklərə qarşı uğurlu səfər təşkil etdi. Şəhər və ətrafındakı bağlar Nuhun əmri ilə türk axınlarına qarşı müdafiə səddinə çevrildi. Onun ölümündən sonra (841/842) ailədə ali hakimiyyət qardaşı Əhmədə keçdi. İyirmi ildən artıq bir müddətdə hakimlik etməsinə baxmayaraq, haqqında yetərli qədər məlumat yoxdur. Əhmədin ölümündən sonra (864) oğlu Nəsr xəlifədən bütün Mavəraünnəhrin idarə olunması səlahiyyətini aldı.
873-cü ildə Tahirilər sülaləsinin süqutu ilə Samanilər önə çıxdılar. 874-cü ildə Buxara vilayəti Hüseyn ibn Tahir tərəfindən ələ keçirildi. Lakin Hüseynin yarıtmaz siyasətindən narazı xalq kütləvi şəkildə qiyam qaldırdı. Qiyamçılar Hüseynin sarayını ələ keçirib Nəsr ibn Əhmədə müraciət etdilər. Onlar Nəsrdən Samanilər sülaləsinin nümayəndəsini vilayətə hakim göndərməyi xahiş etdilər. Nəsr kiçik qardaşı İsmaili (874-907) Buxaraya göndərdi. Əhmədin ölümündən sonra (864) yerinə keçən oğlu Nəsr (865-892) xəlifə Müqtəmidin 874/75-ci ildə verdiyi fərmanla bütün Mavəraünnəhrin idarə olunması səlahiyyətini aldı. Samanilərin bölgədəki hökmranlığının xəlifə tərəfindən təsdiq edildiyi bu tarix bəzi tarixçilər tərəfindən dövlətin yaranma tarixi kimi qəbul edilir. Vilayətin müstəqil hakiminə çevrilən Nəsr 887-ci ildə öz adından pullar zərb etdirdi.
Buxarada ictimai asayişi təmin edən Hüseyn ibn Əli ət-Tainin başçılığı ilə Xarəzmlilərin hücumunun qarşısını alan İsmail daha sonra Tahirilərin Xorasan hakimi Rafi ibn Xersemenin dəstəyi ilə qardaşına qarşı üsyan etdi. Lakin bu addımı uğursuz oldu və o, Nəsrin irəli sürdüyü şərtləri qəbul edib illik 500 000 dirhəm xərac ödəməyə məcbur oldu. İsmail qardaşına qarşı növbəti dəfə üsyan etdi. O, 888-ci ildə Səmərqənd yaxınlığında Nəsri məğlub edib əsir götürdü, lakin onunla çox yaxşı rəftar etdi.
Əyalətinin iqtisadi müstəqilliyi uğrunda mübarizə aparan İsmail çox keçmədən Mavəraünnəhri də öz nəzarəti altına ala bildi. Bu zaman Nəsr Samanilər sülaləsinin başçısı olaraq qalsa da, faktiki olaraq hakimiyyətdən məhrum edilmişdi. 893-cü ildə Nəsrin ölümündən sonra İsmail dövlətin təkbaşına başçısı oldu və paytaxt tezliklə Buxaraya köçürüldü. Beləcə, Tahirilərlə başlayan vilayət hakimliyi 893-cü ildə hakim olan İsmail ilə birlikdə dövlət statusu qazandı.
893-cü ildə köçəri karluqlar üzərinə yürüş edən İsmail Taraz şəhərini ələ keçirdi. Yürüşün səbəbi türklərin müsəlmanlar yaşayan ərazilərə olan köçünün qarşısını almaq idi. Lakin bir sıra mənbələr İsmailin Mavəraünnəhr torpaqlarını qeyri-müsəlman türklərin basqınlarından qorumaq məqsədilə belə bir addım atdığını yazır. Döyüş zamanı xaqan atası və həyat yoldaşı da daxil olmaqla 10 min döyüşçüsü ilə birlikdə əsir düşdü. Samanilər bununla şərqdəki ən böyük sərhədlərinə çatdılar.
Bu zaman İsmayılın güclənməsi xəlifənin narahatlığına səbəb oldu. Xəlifə İsmailə qarşı mübarizə aparmaq üçün Sistan hakimi Əmir ibn Liyazın gücündən istifadə etməyə başladı. Əmir ibn Liyazın (879-900) qətiyyətli davranışlarından qorxuya düşən xəlifə onu İsmail ilə qarşılaşdırıb, hər ikisini zəif salmağa çalışırdı. Bu məqsədlə xəlifə Əmir ibn Liyazı Bağdada çağırıb ona öz tapşırıqlarını verdi və Mavəraünnəhrin hakimi təyin etdi. O, dərhal qüvvələrini İsmailin üzərinə yeritdi, İsmail isə Bəlxdə möhkəmləndi. 900-cü ildə tərəflər arasında Bəlx yaxınlığında baş verən toqquşmada İsmayıl hərbi hiyləyə əl ataraq Liyazın qüvvələrini mühasirəyə aldı. O, Əmir ibn Liyazı yaxın adamları ilə birlikdə ələ keçirib Bağdada göndərdi. Bu uğuruna görə ona xəlifə tərəfindən Xorasan, Təbəristan və Deyləmin hakimi titulu verildi.

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsində
İsmayıl dövləti möhkəmləndirmək məqsədilə bir sıra addımlar atdı. O, ilk növbədə, mərkəzi və yerli idarəetmə orqanlarını möhkəmləndirdi. Dövlət işlərinə, idarəçilik aparatına ən bacarıqlı şəxsləri cəlb etdi. O, feodal əyanlarının böyük bir hissəsini özünə tərəf çəkə bildi. Dövlətdə “Dorqax” adlandırılan hərbi-mülki idarə mərkəzləri yaratdı. Həmçinin İsmayıl xilafətdəki divanlar sistemi əsasında dövlətin mərkəzi aparatını qurdu. Tarixçi Narşahi yazır ki, II Nəsrin dövründə (914-943) on divan fəaliyyət göstərirdi. Divanların sahiblərinin vəzifələrinə vəzir, maliyyəyə baxan mustofi, əmirin şəxsi yazışmalarına nəzarət edən divan ərrasai, Samani qvardiyasını idarə edən divan şurat, ordunun maliyyə işlərinə baxan ariz, şəhərlərdə bazarlara və ticarətə nəzarət edən divan müxtəsib və s. daxil idi. Birinci divan vəzir divanı və ya baş divan adlanırdı ki, üzvləri yalnız üç ailədən – Çayxan, Balami və Utbi ailəsindən seçilə bilərdi. İkinci divan xəzinə divanı idi. Bu divan dövlətin mədaxil, məxaric məsələlərinə nəzarət edirdi. Üçüncü divan Amud-ul Mülk adlanır və əmirin şəxsi yazışmalarına nəzarət edirdi. Dördüncü divan hərbi işlərə, beşinci divan rabitəyə, altıncı divan ticarətə, yeddinci divan dövlətin təhlükəsizliyi məsələlərinə baxırdı.
Güclü ordunun yaradılmasını dövlət üçün ən vacib məsələlərdən biri hesab edən İsmayıl bunun üçün türk qulamlarından ibarət qvardiyasının təşkilinə xüsusi diqqət yetirirdi. A. Məmmədov “Kəngərlər” adlı əsərində yazır ki, İsmail ölkəni xarici əsarət və zülmdən azad etməyə yollar axtaran və yerli feodalların mənafeyi uğrunda mübarizə aparan dairələrə arxalanırdı. O, 907-ci ilin oktyabrın 12-də ürək tutmasından vəfat etdi. Onun yerinə taxta oğlu Əhməd ibn İsmayıl (907-914) çıxdı. Onun dövründən başlayaraq Samanilər dövlətinin müxtəlif vilayətlərində qiyamlar baş verdi. Əhməd xəlifənin razılığını alaraq Əmir ibn Hüseyn ibn Liyazın vəfatından sonra qarışıqlıq içində olan Sistana Əli əl-Mərvəzin komandanlığı altında ordu göndərdi (911). Paytaxt Zərəngə girən Samani ordusu bütün vilayətə hakim oldu. Bu zaman Təbəristanda Seyid Nəsir-i Kəbirin başçılıq etdiyi üsyan bütün əyalətə yayıldı. 914-cü ildə Əhməd ibn İsmayıl üsyanı yatırmaq üçün səfərə hazırlaşarkən (bir sıra mənbələr ovda olarkən yazır - T.C.) Sistana vali təyin olunmadığı üçün Hüseyn ibn Əli Mərvəzi və dövlət başçısı olmaq istəyən Mənsur ibn İshaqın təşviq etdiyi qulamları tərəfindən öldürüldü.
Əhmədin ölümünün digər bir səbəbi də dövlət aparatında ərəb dilini bərpa edərək bu dili bilən məmurlara himayədarlıq etməsi idi. Mənbələrin verdiyi məlumata görə, Əhmədin bu addımı sarayətrafı dairələrdə və türk qvardiyasında narazılıq yaratdı. Yerinə 8 yaşlı oğlu II Nəsr (914-943) keçdi. II Nəsr azyaşlı olduğu üçün Dərgahın (saray) razılığı ilə səlahiyyətləri müvəqqəti olaraq vəzir Abdullah Məhəmməd ibn Əhməd Cayxaniyə keçdi.
II Nəsrin hakimiyyətinin ilk illəri taxt-tacı ələ keçirmək məqsədi daşıyan daxili üsyanların yatırılması ilə keçdi. Bu arada Sistan üsyan nəticəsində itirildi. Atasının dövründə Təbəristanda başlayan üsyan daha geniş vüsət aldı. Belə qiyamlardan biri 914-cü ildə Hüseyn ibn Əli Mərvəzi tərəfindən baş verdi. Qərmətilik təlimini Samanilər dövlətinin ərazisində yaymaqda maraqlı olan qiyamçılara 918-ci ildə divan tutuldu, Mərvəzi əsir götürüldü. Zeydilərdən Həsən ibn Qasımın əmri ilə hərəkətə keçən Leyla ibn Numanın komandanlığı altında ordu 921-ci ildə Nişapuru ələ keçirdi. Lakin həmin ildə Samani sərkərdəsi Xamuyə ibn Əli Leyla ibn Numana qalib gəlməklə Xorasandakı vəziyyəti yenidən Samanilərin xeyrinə dəyişdi.
II Nəsr 926-cı ildə Reyə yürüş etdi. Nəsr hakimiyyətinin ilk illərində itirdiyi bu mühüm şəhəri geri aldı. Bu arada Təbəristanda Samanilərin hakimiyyəti bərpa olundu. 935-ci ildə Məkan ibn Kakinin təşkil etdiyi yürüşlə Kirman bir müddət Samanilərə birləşdirildi. Samanilər Buveyhilərlə ittifaq bağladılar və Ziyarilərə böyük zərbə vurdular. II Nəsr hakimiyyətinin sonlarına doğru dövləti qərbdəki ən böyük sərhədlərinə qədər genişləndirdi.
II Nəsr dövrünün digər mühüm hadisəsi Xorasan və Mavəraünnəhrdə inkişaf edən Batini-İsmailiyyə (qərmətilik) hərəkatı idi. İbn ən-Nədim, Nizamülmülk ölkə ərazisində yayılan və çoxlu tərəfdar toplayan İslamın batiniyyə qoluna mənsub İsmailiyyə təriqətinə Nəsrin də qoşulduğunu, hətta bu təriqəti rəsmi şəkildə qəbul etdiyinə dair şayiələrin yayıldığını, nəticədə müsəlman ruhanilərinin və türk qvardiyasının ciddi narazılığına səbəb olduğunu yazır. Türkiyəli tarixçi Aydın Usta “Samanilər” adlı əsərində bu şayiələrin doğru olmadığını yazır.
Artan narazılıqlardan yaxa qurtarmağa çalışan II Nəsr oğlu Nuhun xeyrinə taxtdan əl çəkdi. İbn ən-Nədim yazır ki, xəlifə Müqtədir dövründə (908-932) Samani hökmdarı II Nəsr Səmərqənddəki manixeyçiləri sıxışdırırdı. Bunu görən uyğur hökmdarı ona məktub yazaraq bildirir ki, “mənim ölkəmdə bir neçə min müsəlman vardır. Əgər onları öldürəcəksənsə, mən də müsəlmanları yox edər və məscidlərini dağıdaram”.
I Nuh (943-954) hakimiyyətinin ilk illərindən batinilərə qarşı hərəkətə keçdi, onları məhv etdi və Xarəzmdə üsyanı yatırtdı. Onun hakimiyyətinin sonrakı illəri əsasən Xorasanın keçmiş valisi Əbu Əli ibn Möhtacın törətdiyi üsyanlar və Buveyhilərlə mübarizə şəraitində keçdi. Nuhun dövründə Samanilər dövlətinin iqtisadi və sosial dayaqları zəifləməyə başladı. Döyüşçülərin uzun müddət maaş ala bilməməsi, həmçinin vergi və mükəlləfiyyətlərin artırılması ölkə ərazisində ciddi narazılıqlar yaratdı.
954-cü ildə I Nuh öldü və yerinə 10 yaşlı oğlu I Əbdülməlik (954-961) gəldi. Onun hakimiyyəti illərində türk hərbi sərkərdələrinin mövqeyi gücləndi, dövlətin idarə edilməsində türk qvardiyasının yuxarı dairələrinin mövqeyi önə çıxdı. Bu zaman türk qvardiyasının rəisi olan Alp Tigin baş hacib vəzifəsinə yüksəldi. Mənbələr yazır ki, dövlət başçısı olan Əbdülməlik onun icazəsi olmadan hər hansı bir şəxsi vəzir vəzifəsinə təyin edə bilməzdi. I Əbdülməlik onun idarəçiliyinə dolayı yolla mane olan Alp Tigini vəzifəsindən kənarlaşdırmağa cəhd etsə də, bir nəticəsi olmadı. Alp Tiginin təsirindən qurtulmaq üçün onu Xorasana vali təyin edən I Əbdülməlik 961-ci ildə vəfat etdi. Bir çox dövlət xadimləri kimi Əbdülməlikin də atdan yıxılaraq ölməsi hakimiyyət daxilində intriqanı bir qədər də artırdı. Feodal çəkişmələri, hakimiyyət uğrunda mübarizə, 961-ci ildə çörəkçi Əbu Bəkrin başçılığı altında baş verən üsyan, köçərilərin aramsız basqınları və digər amillər dövlətin tənəzzülünü sürətləndirdi.
Alp Tiginin məsləhəti ilə I Əbdülməlikin yerinə oğlu Nəsr təyin olundu. Nəsr yalnız bir gün taxtda otura bildi. Ondan sonra taxta Nəsrin əmisi Mənsur ibn Nuh (961-976) yiyələndi. Alp Tigin Nəsri yenidən hakimiyyətə gətirmək üçün Buxaraya yürüş etsə də, sonradan başına gələcəklərindən qorxaraq tabeliyində olan qüvvələrlə Qəznəyə çəkildi. I Mənsurun dövründə Samanilər dövləti bərpa dövrünə qədəm qoydu. Alp Tiginin təsiri aradan qaldırıldıqdan sonra Xorasan valisi Əbu Mənsur Məhəmməd ibn Əbdürrəzzaqın başlatdığı üsyan yatırıldı. Mənsur Xələf əs-Səffarın ödədiyi vergiləri göndərmədikdə Səffarilərə qarşı yeddi il davam edən müxtəlif kampaniyalar təşkil etdi və sonra Xələf Samanilər adından moizə oxumağa razı oldu (972). İbn əl-Əsir Xələfin üsyanını Samanilərdəki zəifliyin ilk əlaməti kimi göstərir və bu hadisədən sonra ətraf əmirlərin Samani torpaqlarına göz dikməyə başladıqlarını yazır.
Qərbdəki mübarizə dövrün güclü sərkərdələrindən olan Əbül Həsən Məhəmməd ibn İbrahim əs-Simcurinin səyləri sayəsində Buveyhi əmiri Ədudüddövlə ilə bağlanan müqavilə ilə sona çatdı.
I Mənsur 976-cı ildə öldü. Yerinə keçən oğlu II Nuhun (976-997) hakimiyyətinin ilk illəri anası ilə vəzir Əbu Abdullah əl-Ceyhani və Əbül-Hüseyn Abdullah ibn Əhməd əl-Utbinin mübarizəsi şəraitində keçdi. Bu arada komandirlər arasında nüfuz mübarizəsi daha da gücləndi. Sistanda Samanilər əleyhinə yeni qarşıdurmalar baş verdi. Əbül Həsən əs-Simcurinin komandanlığı ilə buraya göndərilən ordu vəziyyəti müvəqqəti olaraq nəzarətdə saxlamağı bacardı.
II Nuhun ölümündən sonra (997) taxta çıxan oğlu II Mənsur (997-999) Qəznə hakimi Mahmudun əlində olan Xorasan valiliyini Hacib Beqtüzünə verdi. Bu addım Qəznəlilərlə Samanilər arasında dostluğun pisləşməsinə səbəb oldu. Tərəflər döyüşmək üçün hərəkətə keçərkən II Mənsur Beqtüzün və Faiq əl-Həsənin təşkil etdiyi sui-qəsdlə taxtdan endirildi və kor edilərək Buxaraya göndərildi. Onu qardaşı II Əbdülməlik əvəz etdi. Bu hadisədən sonra Qəznə ordusu ilə müharibə Samanilərin məğlubiyyəti ilə nəticələndi (999). Bu məğlubiyyətdən sonra Samanilər Xorasan torpaqlarını itirdilər.
999-cu ildə fevralın 1-də Samanilər dövlətində hakimiyyət dəyişikliyi baş verdi və II Mənsur Əbdülməliklə əvəzləndi. Onun qısa səltənəti Buxaranın Qaraxanlılar tərəfindən işğalı ilə sona çatdı. Şəhərdəki Samani ailəsinin üzvləri Özkəndə aparılaraq həbs edildilər. Bunlardan II Əbdülməlikin qardaşı Əbu İbrahim İsmail ibn Nuh növbəti il həbsdən qaçaraq Hacib Arslan Balu və Samanilərin tərəfinə keçən xalqın yardımı ilə Buxaranı yenidən ələ keçirdi. Müntəsir ləqəbi ilə Samani taxtına çıxan İsmail ibn Nuhun Samanilər dövlətini yenidən bir araya gətirmək üçün Mavəraünnəhrdə Qaraxanlılarla, Xorasanda Qəznəlilərlə apardığı mübarizələr nəticəsiz qaldı. 999-cu il oktyabrın 23-də Qaraxanlı hökmdarı Nəsr paytaxt Buxaranı zəbt edərək Samanilər dövlətinin varlığına son qoydu. Dövlətin ərazisi iki türk dövləti – Qaraxanlı və Qəznəlilər arasında bölüşdürüldü. Əbu İbrahim İsmail son olaraq getdiyi Mavəraünnəhrdə məğlub olduğu Qaraxanlı qüvvələrdən qurtulmaq üçün Ceyhun çayını keçdikdən sonra Mərv ətrafında sığındığı çöldə ərəb qəbiləsi tərəfindən öldürüldü. Onun ölümü ilə Samanilər dövləti tarixə qarışmış oldu.
İnzibati və hərbi təşkilat. Samani əmirləri I Nuhdan etibarən “məlik” titulu daşımış, II Nuh ibn Mənsur isə “şahənşah” titulunu qəbul etmişdir. 999-cu ilə qədər zərb olunmuş Qəznəli pullarında Samani hökmdarlarının adlarının qeyd olunması onların bu sahədə uğurlarının göstəricisidir. Xarici siyasətdəki bu müsbət atmosferə baxmayaraq, hökmdarların daxili siyasətdə sərkərdələrin və dövlət xadimlərinin təsiri altında qaldıqları və buna qarşı heç bir tədbir görə bilmədikləri nəzərə çarpır. Samanilərin hökm sürdüyü torpaqlar Mavəraünnəhr və Xorasan olmaqla iki bölgədən ibarət idi. Xorasan II Nəsr dövründə təsis edilən Xorasan valisi ünvanına sahib komandanlar tərəfindən idarə olunurdu və mərkəzi Nişapur şəhəri idi. Xorasan valisi vəzifəsi ümumiyyətlə Muhtacoğulları və Simcurilər kimi məşhur sərkərdə ailələrinin əlində idi. Onlar hökmdarın tapşırığı ilə səfərlərə çıxmaq, əyalətin vergilərini toplamaq, inzibati və hərbi işlərin təşkili ilə məşğul idilər. Samanilərin qərb qonşuları ilə hərbi mübarizələrini Xorasan valiləri idarə edirdilər.
Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
12:35 25.08.2026
Oxunuş sayı: 109