Bloggerlər sosial təsdiq tapa bilmirlər
Sosial şəbəkələrdə insanların həyatlarının yalnız ən parlaq tərəflərini paylaşması artıq adi hala çevrilib. Xüsusilə bloggerlər izləyiciləri qarşısında daim xoşbəxt, uğurlu, baxımlı və problemsiz görünməyə çalışırlar. Lakin ekranda görünən bu “ideal həyat” real həyatda yaşananların tam əksini də əks etdirə bilər. Gündəlik qayğıların, qorxuların, uğursuzluqların və daxili narahatlıqların gizlədilməsi insanın özünü sosial mediada daha fərqli təqdim etməsinə səbəb ola bilər. Bəzən bu davranış sadəcə imic yaratmaq istəyindən deyil, daha dərin psixoloji səbəblərdən qaynaqlanır. Uşaqlıqda formalaşan müqayisə vərdişi, sosial təsdiq ehtiyacı və natamamlıq hissi də insanın özünü başqalarından daha ideal göstərməsinə təsir edə bilər. Beləliklə, sosial şəbəkədə gördüyümüz “mükəmməl həyat”ın arxasında əslində tamamilə fərqli emosional reallıq dayana bilər.
Crossmedia.az-a açıqlamasında psixoloq Sibel Piriyeva bildirib ki, bloggerlərin sosial şəbəkələrdə özlərini ideal göstərmələrinin əsas səbəblərindən biri kədər, qorxu, narahatlıq, gərginlik və uğursuzluqlarını gizlətmək istəyidir: “İkinci səbəb sosial təsdiq ehtiyacıdır. Adətən bloggerlərin sosial şəbəkələrdə daha aktiv olmalarının səbəbi real həyatda kifayət qədər sosial təsdiq tapa bilməmələridir. Buna görə də sosial media onlar üçün daha rahat və əlverişli mühitə çevrilir. Bunu adi yeniyetmələrdə də görə bilərsiniz. Onlar telefon vasitəsilə daha rahat ünsiyyət qurur, yazışırlar, amma real həyatda eyni rahatlıqla ünsiyyət qura bilmirlər. Digər səbəb Azərbaycanda tərbiyə sistemində geniş yayılmış müqayisə vərdişidir. Valideynlər uşaqlarını daim başqaları ilə müqayisə edirdilər. Bu da yetkinlik dövründə fərqli formada özünü göstərə bilər. İnsan özünü daha ideal təqdim etməklə sanki başqalarından üstün olduğunu göstərir və özünü müqayisəyə çıxarır".

Psixoloq qeyd edib ki, bu, uşaqlıq travmaları ilə də əlaqəli ola bilər: "Daha dərinə getdikdə natamamlıq kompleksi də belə davranışın səbəblərindən biri ola bilər. Bunu xüsusilə davamlı olaraq lazımlı-lazımsız estetik əməliyyatlar etdirən bloggerlərdə müşahidə etmək mümkündür. Bundan başqa, insan hansısa psixoloji problem yaşaya və bunu özündə ört-basdır etmək üçün sosial mediada özünü ideal şəkildə təqdim edə bilər. Məsələn, depressiya yaşayır, amma bunu göstərməməyə çalışır. Yaxud yemək pozuntusu var və bunu gizlətmək üçün özünü başqa fəaliyyətlərə yönəldir. Sosial mediada həmin insan özünü daha xoşbəxt hiss etdiyi bir dünya yaradır. Gerçək həyatda problemlər və narahatlıqlar olsa da, sosial mediada bütün bunlar sanki yox olur. Çünki insan orada özünün tamamilə fərqli obrazını təqdim edir".
Zeynəb Həsən
12:30 25.08.2026
Oxunuş sayı: 45