Naxçıvan əsilli Heyran xanım Dünbülinin yaradıcılığında Füzuli ənənələri
XIX əsr Azərbaycanın mədəni, iqtisadi inkişafında, o cümlədən ədəbiyyat tarixində mürəkkəb, ziddiyyətli ictimai-siyasi hadisələrlə zəngin bir mərhələdir. Ölkənin iki yerə parçalanması Rusiya və İran arasında bölüşdürülməsi, feodal münasibətlərinin sarsıması Azərbaycan xalqının taleyinə ciddi təsir göstərdi. Əsrin 30-40-cı illərində iqtisadi vəziyyət nisbətən dəyişdi. Əsrin ortalarından etibarən iqtisadiyyatda meyllərin güclənməsi elm , təhsil, mədəniyyət, ədəbiyyat sahəsində də canlanmaya səbəb oldu. Realist ədəbiyyatın, milli drammaturgiya, teatr, mətbuat, peşəkar ədəbi tənqidin yaranması məhz bu dövrlə bağlıdır. Bu dövrdə bədii ədəbiyyatda yeni xarakterli əsərlər yaranmağa başlayır. XIX əsrdə xalqımızın Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfe Vazeh, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzm Şirvani, Həsən bəy Zərdabi kimi görkəmli ziyalılar, ədəbiyyat xadimləri yaşayıb yaratmışlar. Bu qüdrətli sənətkarlar öz əsərlərində xalqın mənafeyini müdafiə etmiş, həyatı onun ziddiyyətlərini, müasirlik meyllərini, azadlıq ideallarını əks etdirmişlər.
Bu dövr ədəbiyyatında realist satirik şeir, nəsr, drammaturgiya inkişaf edir, söz sənətində maarifçilik, realizm üstün mövqe tutur, demokratik ideyalar geniş təbliğ olunurdu.
Ədəbiyyatda qəzəl nəzirəçiliyi bu dövrdə geniş yayılmışdı. Dahi Füzuli qəzəllərinə azərbaycanca və farsca saysız-hesabsız nəzirlər yazırdılar. Qəzəl nəzirəçilərinin sayı getdikcə artırdı. XIX əsrdə Gəncə, Şəki, Şamaxı, Quba, Bakı, Naxçıvan, Ordubad, Təbriz, Ərdəbil və s. şəhərlərdə yüzlərcə qəzəl nəzirəçiləri yetişmişdi. Söz sənətinin korifeyləri:Xaqani, Nizami, Hafiz, Nəvai və Füzuli qəzəli xalq içərisində dərin fikirləri, nəcib duyğuları yaymaq üçün ən təsirli emosional və kütləvi forma hesab edərək bu janrda mənalı lirik şerin ən gözəl nümunələrini yaratdılar. Füzuli qəzəli məclislər zinəti adlandırarkən onun məhz demoratik və kütləvi xarakterə malik olmasını nəzərdə tuturdu.Böyük sənətkarın nəzərində qəzəl xalqa mənəvi qida verən, onun ürəyinə yol tapan insan qəlbini ifadə edən ən yaxşı söz sənətidir. Qəzələ yüksək qiymət verən şair bu janrda misilsiz nümunələr yaradaraq Yaxın Şərq poeziyasında lirik şerin ən böyük ustadı və “qəlb şairi”kimi şöhrət qazandı. Füzulidən sonra oun yolunu izləyən Əlican Qövsi, Saib Təbrizi, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Nəbati, Natəvan, Heyran xanım, Seyid Əzim Şirvani kimi görkəmli şairlər qəzəl janrında məzmunca mənalı orjinal şeirlər yazmağa başladılar. Bu şairlərin yazdıqları qəzəllərdə saf dünyəvi məhəbbət, dini ehkam əleyhinə etiraz motivləri, nikbin ruh tərənnüm olunurdu.
XIX əsrdə ümumən Azərbaycanda, o cümlədən Naxçıvanda ədəbiyyat yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
XVIII əsrdən başlanan erkən realizm XIX əsrin birinci yarısında maarifçi realizm səviyyəsinə çatmışdır. Realist ədəbiyyat ədəbi prosesin aparıcı istiqamətinə çevrilmişdir. Lakin klassik ənənə ikinci planda olsa da, xeyli dərəcədə zəifləsə də yaşamışdır. Naxçıvan ədəbi mühitində də ölkə üzrə müşahidə olunan vahid prosesin yaşandığı nəzərə çarpır. XIX əsrin müxtəlif mərhələlərində yaşayıb-yaratmış sənətkarların bir qismi klassik poeziya ənənələrini davam etdirmişlər. Lakin istər-istəməz yeni tarixi zamanın təsiri ilə onların klassik üslubda yazdıqları əsərlərdə poetik forma qorunub saxlansa da müəyyən yeni ruh, maarifçi meyllər də müşahidə olunur.
Yaradıcılığında klassik ənənəyə sadiq qalaraq böyük Füzuli irsini ustalıqla davam etdirən Naxçıvandakı məşhur Dünbüli tayfasından olan Heyran xanım XIX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan qadın şairələrimizdən biridir.

Bütöv bir Divan müəllifi olan Heyran xanımın adı Azərbaycan ədəbiyyatından bəhs edən təzkirələrə düşməmiş, yaradıcılığı haqqında mənbələrdə ətraflı məlumat verilməmişdir. Şairə haqqında ilkin məlumatlara Cənubi Azərbaycan ədəbiyyatşünaslarından Məhəmmədəli Tərbiyətin nəşr etdiyi “Danışməndani-Azərbaycan” adlı əsərində rast gəlirik.
Heyran xanımın şəxsiyyəti, həyatı və tərcümeyi-halı haqqında əldə heç bir yazılı sənəd yoxdur. Vəfat etdiyi şəhər və dəfn edildiyi məzar belə kimsəyə bəlli olmadığından onun ölüm tarixi də məlum deyildir. Buna görədir ki, onun haqqında az-çox məlumatı əsərlərindəki işarələrdən, özü haqqında yazdığı misralardan, bəzi hadisələri şeirlərində əks etdirməsindən öyrənmək olar. “Danışməndani-Azərbaycan”ın müəllifi Heyran xanımın Təbrizdə doğulduğunu yazsa da heç bir dəlil gətirmir. Lakin şairənin əsərlərini nəzərdən keçirdikdə bu iddianın yanlış olduğu aydınlaşır. Heyran xanımın Naxçıvanda doğulub Dünbüllilər nəslindən olduğunu özü “Sərvdir qamətin ey mah, üzün bir güldür” mətləli qəzəlinin son beytlərində açıq-aydın etiraf etmişdir:
Soruşursan nəsəbini bu yazıq Heyranın,
Bir Əli xadimidir, cümləcəhanə bildir.
Naxçıvan şəhrinin ətrafına çatsa nəsəbi,
Əslinə varsan əgər taifəsi Dünbüldür.
Şairənin həyatı ilə üzvi surətdə bağlı olan bu sətirlər onun haralı olması və Cənubi Azərbaycana hardan köçüb getməsi haqqında mübahisəyə son qoyur.
Qulam Məmmədli məşhur təzkirəsində qeyd edir: “Heyran xanım İran vəliəhdi Abbas Mirzənin ailəsinə yaxın olmuşdur. Bu barədə nəzm ilə m bir məktubu vardır ki, 1826-1828-ci illərdə İran-rus müharibəsi zamanı ailəsi ilə birlikdə Abbas Mirzə tərəfindən Naxçıvandan Təbrizə köçürülmüş və orada yaşamışdır. ”
1828-ci ildə Təbrizin şərqində Türkmənçay kəndində bağlanmış saziş Azərbaycanı iki hissəyə böldü və beləliklə də vətənindən, elindən ayrı düşmüş şairə ömrü boyu ana yurduna həsrət qaldı. Bu ayrılıq Heyran xanımı həmişə ağrıtmış və o daima vətənə qovuşmaq arzusu ilə yaşamışdır.
Heyran xanım çox istedadlı və dövrünə görə mükəmməl təhsil almış, iki dildə azərbaycan və farsca gözəl əsərlər müəllifidir. Heyran xanım müxtəlif əssərlər, poemalar yazmasa da onun əlimizdə olan şeirləri vəzn və ahəng etibarı ilə çox rəngarəngdir. Heyran xanımın həyat və yaradıcılığı haqqında bir sıra məqalələr yazılmış, ayrıca bir monoqrafiya çap edilmişdir.
Cənnət Nağıyeva monoqrafiyasında Heyran xanımın əsərlərinin 6 əlyazma nüsxəsinin mövcud olduğunu göstərmişdir. Bu əlyazmalar Tehran, Təbriz, Tiflis və Bakı şəhərində mühafizə edilir.
Həmin nüsələr haqqında burda da məlumat verməyi məqbul gördük:
Heyran xanım “Divan”ının ən mükəmməl nüsxəsi Bakıda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-217 şifrəsi altında saxlanılır.Ölçüsü 12x20sm-dir. Əlyazma abidəsi iki sütunludur, hər sütunda 15 beyt vardır. Nüsxəyə 491 şeir daxildir. Əlyazmanın əvvəlində Hacı Məhəmməd Naxçıvaninin avtoqraf qeydi vardır. Həmin əlyazmaya Hacı Məhəmməd Naxçıvaninin möhürü də basılmışdır ki, bu da abidənin sahibi olduğunu əyani təsdiqləyir. Katibi şairin dövründə yaşamış peşəkar xəttat Həmzəzadə Məhəmməd Hüseyndir. Bakı nüsxəsi qara mürəkkəblə, müxtəlif rəngli Avropa kağızlarına incə şikəstə-nəstəliqlə yazılmışdır. Vərəqlərin uclarında müxtəlif filiqranlar, onların altında isə latın və fransız dillərində müxtəlif məzmunda ifadələr vardır.Əlyazmanın əvvəlində Heyran xanımın öz əlyazması, yəni avtoqrafı, həmçinin yeganə nüsxə olduğu və Azərbaycan Respublikasının 25 illik bayramı münasibəti ilə Azərbaycana bağışlanması haqda Hacı Məhəmməd Naxçıvaninin h.1324 /m.1945-ci il tarixli göy mürəkkəblə, ərəb əlifbasında azərbayanca qeydi vardır. Həmin əyazmaya Hacı Məhəmməd Naxçıvaninin möhürü də basılmışdır ki, bu da onun abidənin sahibi olduğunu əyani təsdiqləyir. Əlyazma üzərində tədqiqat nəticəsində aşkarlanmışdır ki, o avtoqraf deyil. Katibi şairin dövründə yaşamış peşəkar xəttat Həmzəzadə Məhəmməd Hüseyndir. Məlum olur ki, Divan şairin sağlığında nəzarət altında köçürülmüşdür.
Tehran Universitetinin mərkəzi Kitabxanasında “Qəzəlhayi-Heyran” adı altında saxlanılan nüsxəyə şairin ancaq farsca 114 qəzəli daxildir. Əlyazma Avropa kağız fabriki istehsalı olan ağ saya vərəqlərə nəstəliq xətti ilə yazılmışdır. Cildi meşindəndir. Katibi göstərilməmişdir. Bu əlyazma nüsxəsinə Azərbaycan nüsxəsinin ikinci hissəsini təşkil edən qəzəllərdən 114-ü daxildir.
Gürcüstan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda R-165 şifrəsi altında mühafizə edilən əlyazma Heyran xanımın fars dilində olan 151 qəzəli əhatə edir. Bunlardan üçü natamamdır. Bu əlyazma nüsxəsi şikəstə-nəstəliq xətti ilə ağ, sarı, yaşıl, mavi rəngli vərəqlərə qara mürəkkəblə köçürülmüşdür. Əvvəlindən və sondan naqisdir. Cildi qəhvəyi meşindəndir.
Dördüncü nüsxə Heyran xanımın əsərlərinin Təbriz nüsxəsidir.Hacı Məhəmməd Naxçıvaninin kolleksiyasına aid olan bu abidənin 1a və sonuncu vərəqlərində kolleksionerin möhürü basılmışdır. Əvvəlində onun Heyran xanım divanı olduğu və şairin öz xətti ilə yazılan nüsxədən köçürüldüyü haqqında fars dilində qeyd vardır . Qeydi yanında “Xordad, 1324-cü şəmsi yazılmışdır”. Ağ saya vərəqlərə nəstəliq xətti ilə bənövşəyi, göy və bir-iki yerdə qırmızı mürəkkəblə yazılmış divanın Təbriz nüsxəsinin katibi mahir xəttat olsa da onun şeir sənətinin o qədər də dərin bilicisi olmadığı aydınlaşır. Belə ki, katib bir məsnəvini digərinin davamı kimi yazmış, eləcə də katib qeydini Heyran xanım öz şeri kimi yazmış və başqa uyğunsuzluqlara yol vermişir.
Beşinci nüsxə yenə Təbriz Milli Kitabxanasında saxlanılan ikinci bir əlyazmadır.Əlyazmanın katibi qeyd olunmamışdır. Ağ ahərlənmiş vərəqlərə mətni qara, sərlövhələri qırmızı mürəkkəblə nəstəliq xətti ilə yazılmışdır.
Yaxın və Orta Şərq ədəbiyyatında dərindən bələd olan, əsasən Füzuli ədəbi məktəbini təmsil edən Heyran xanım lirik şair kimi şerin bütün janrlarına müraciət etmiş, öz səmimiliyi, təbiiliyi ilə seçilən tərcibəndlər, tərkibəndlər, müxəmməs, rübai, qəzəl, qəsidələr qələmə almışdır. Heyran xanım zəmanəsinin açıqfikirli, tərəqqipərvər şairi olmuş, öz əsərlərində inanpərvərlik,həyat sevgisi tərənnüm etmişdir. Böyük istedada sahib olan şairə həyat hadisələri haqqında duyğu və düşüncələrini, özünün daxili aləmini bacarıqla əks etdirə bilmişdir. Klassik şairlərin nəcib ənənələrinə sadiq qalan, eşqi ən yüksək varlıq kimi əks etdirən şairin yaradıcılığının əsasını aşiqanə şerlər təşkil edir. Həmin şeirlərdə lirikanın əsası olan məhəbbət, vəfa , hicran, ayrılıq,kədər motivləri tərənnüm edilir. Məzmun, forma, üslub cəhətdən canlı, səmimi, təsirli və çox vaxt nikbin ruhlu əsərlərində gözəl insani hisslərə, real hadisələrə geniş yer verilir.
Heyran xanım həyat sevən, ədalət sevən şair idi. Onun şeirlərində dünyadan kam almağa, ömrü xoş keçirməyə qəmdən uzaqlaşmağa, məhəbbət arzuları ilə yaşamağa çağırış çox qüvvətlidir. Əsərlərində insan gözəlliyi, insan məhəbbəti, mərdlik, dostluq kimi nəcib hisslər tərənnüm olunur.
Heyran xanım öz şeirlərində insanın arzu və istəklərini, sevgi və vüsal həsrətlərini ifadə etməklə bərabər, yaşadığı dövrdə baş vermiş tarix hadisələri də qələmə almışdır. Heyran xanım orta əsr klassik şeir ənənələrini davam etdirməklə bərabər, şeri yaşadığı tarixi dövrün tələblərinə yaxınlaşdırmış, Azərbaycan şerinin inkişafında həyatiliyin, dil və üslub sadəliyinin qüvvətlənməsinə kömək etmişdir. Onun istər azərbaycanca, istərsə də farsca şeirləri xalq dilinə yaxın, sadədir.
Hər bir şair, hər bir sənətkar kim Heyran xanım da özündən əvvəlki ədəbi-tarixi inkişafın nailiyyətləri əsasında yetişmiş, klassik şeir ənənələrindən öyrənmişdir. Heyran xanım da başqa sənətkarlar kimi öz sələflərinin, birinci növbədə Azərbaycan klassiklərinin yaradıcılıq təcrübəsinə hər zaman istinad etmişdir.Keçmiş ədəbi irs Heyran xanımın yaradıcılığının formalaşmasında və inkişafında həlledici rol oynamışdır.
Heyran xanımın bədii istedadı lirik istiqamətdə inkişaf etmişdir. Bu səbəbdən biz onun daha çox Nəsimi, Füzuli kimi lirik şairlərin ənənələrinə bağlı olduğunu görürük. Heyran xanım öz sələflərinin irsinə gözəl münasibət bəsləmiş, onların ədəbi ənənələrini davam etdirərkən özünəməxsus yol ilə getməyə çalışmışdır. Dərin məzmunlu lirik əsərlərinin tədqiqi onun Rudəki. Sədi şirazi, Hafiz Şirazi, Nəsimi, Qövsi Təbrizi və başqa söz sənətkarlarının yaradıcılığından bəhrəldiyini göstərsə də əsasən Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olduğunu təsdiqləyir. Bir çox başqa şairlər kimi Heyran xanım da lirik şerin əsas janrı sayılan qəzəldən bəhrələnmiş və qəzəlin ən bariz nümunələrini yaratmışdır. Füzuli qəzəllərində ənənəvi şəkil almış aşiq, məşuq obrazları, məhəbbət, hicran və sairənin təsvirində müəyyənləşmiş bədii ifadə vasitələri Heyran xanımda da təkrar olunur.
Yalnız Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə türkdilli xalqların bədii fikir inkişafı tarixində dərin və çox əhəmiyyətli izlər buraxmış Füzuli şeri Heyran xanımın yaradıcılıq yüksəlişində xüsusi rol oynamışdır. Məlumdur ki, Füzuli yaradıcılığı zəngin ideya məzmunu və misilsiz bədii sənətkarlıq keyfiyyətləri ilə əsrlər boyu yalnız Heyran xanım kimi şairlər üçün deyil, böyük sənətkarlar üçün də sehrli təsir qüvvəsinə malik oluşdur. Heyran xanım Füzuli yaradıcılığından çox bəhrələnmiş, onun məna gözəlliklərindən, poetik üsullarından öyrənmişdir. Şairənin təsirləndiyi, öyrəndiyi və çox sevdiyi şairlər içərisində birinci yeri Füzuli tutur. Heyran xanım yaradıcılığı boyu Füzulinin yaratdığı ədəbi örnəklərdən nümunə götürmüş və onu özünə ustad hesab etmişdir. Füzuli qəzəllərinə yazdığı nəzirələr buna gözəl sübutdur.
Heyran xanımın “Üzün ey mah, qılar mehri-dirəxşan ilə bəhs” mirası ilə başlayan şeri Füzulinin “Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs” qəzəlinə nəzirədir.
Üzün ey mah, qılar mehri-dirəxşan ilə bəhs,
Zülfi-mişkinin edər sünbülü reyhan ilə bəhs.
Həddi yox ayü günün, sünbülü reyhanın, edə,
Ol mahi-ariz ilə, zülfi-pərişan ilə bəhs.
Can alan qaşların, ol qanım içən qəmzələrin,
Eyləyər tiğ ilə, həm xəncəri-bürran ilə bəhs.
Gözlərin huşımı şərdən alıb ey afəti-can,
Edər ey şux ləbin ləli-dirəxşan ilə bəhs.
Cəzbeyi-eşqin edib bənd, salıb zindana.
Çün cəmalın eylədi Yusifi-Kənan ilə bəhs.
Dərgəhində sənin, ey sərvəri-afaq, bu gün,
Kimsənin həddi nədir, kim edə Heyran ilə bəhs.
Füzulidə
Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs,
Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.
Cənnəti-kuyinə zöhd əhli münasib desələr,
Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.
Yüzünə durmasın ayinə urub lafi-səfa,
Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.
Gərçi şümşaddə çox lafi-lətafət vardır,
Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs.
Qılsa can ləlin ilən feyz yetirmək bəhsin,
Canibi-ləlini tut, ey könül, et can ilə bəhs!
Düşər od şəm dilinə bu səbəbdən ki, qılır,
Dil uzadıb gecələr ol məhi-taban ilə bəhs.
Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb,
Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs.
Heyran xanım qəzəlində əvvəldən axıra kimi sevgilini təbiətdəki gözəllərlə müqayisə edir. Füzuli lirikasında olduğu kimi Heyran xanımda da sevgili həyatın, təbiətin zinətidir, oradakı bütün gözəlliklərdən üstündür.
Şairənin digər bir qəzəlinə nəzər salaq:
Çarə yox dərdimə ol ləli-dütadən qeyri,
Kimsə tutmaz əlimi zülfı-rəsadən qeyri.
Yoxdu bir yar edə halimi dildarımə ərz,
Səri-kuyində məgər, badi-səbadən qeyri?
Bəxtimiz şeşdəri-heyrətdə idi, çünki bizə
Görmədi yar rəva cövrü cəfadan qeyri.
Gərçi dildar mənə eylədi çox zülmü sitəm.
Mən ona eyləmənəm mehrü vəfadən qeyri.
İstərik dilbərimin xidmətinə əzm qılaq.
Töhfəmiz yox, dəxi bir xeyr-duadən qeyri.
Olmadı bunca giriftar qəmü dərdü ələm,
Səri-kuyində mətü-bəxti-qəradən qeyri.
Düşmənin tənəsi, hicran odu, qürbət ələmi.
Yoxdu qəmxar bizə, kimsə xudadən qeyri.
Gər qəza saldı səni yardan ayrı, Heyran!
Dəxi təqdirə nədir çarə, rizadən qeyri.
Heyran xanımın bu qəzəli Füzulinin eyni rədifli qəzəlinə nəzirədir.
Füzulidə
Yar qılmazsa mənə cövrü cəfadən qeyri,
Mən ona eyləməzəm mehrü vəfadən qeyri.
Ey deyən qeyrə könül vermə, qanı məndə könül,
Səri-zülfündə olan bəxti-qəradən qeyri?
Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli,
Doymadı dərdə, məni-bisərü padən qeyri.
Müşki-Çin zülfün ilə eyləsə dəva nə əcəb,
Nə olur üzü qara qulda xətadən qeyri?
Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin,
Var bir canə yarar feyzi, bəqadən qeyri.
Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin,
Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.
Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi,
Qılalım səbr, nədir çarə rizadən qeyri.
Heyran xanım bu nəzirəsində də Füzuli qəzəlinə çox bağlı görünür. Bu şeirdə də təqlid və təkrar daha çox üstülük təşkil edir.
Heyran xanımın “Könlüm”, “Görcək”, “Ey həkim” rədifli qəzəlləri də Füzuliyə nəzirədir.
Olubdu qəm yatağı şad gördüyün könlüm,
Dağıldı qüssədən abad gördüyün könlüm.
Diyari-qəmdə giriftarü dəstgir oldu,
Kəməndi-firqətə, azad gördüyün könlüm.
Fəraq dərdinə axtardı, tapmadı çarə,
Cəmi hikmətə ustad gördüyün könlüm.
Sərin -vəsldə Xosrovsifət oturmuşdu,
Olubdu guhdə Fərhad, gördüyün könlüm.
Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,
Visal seydinə səyyad gördüyün könlüm.
Hücumi-möhnətü qəmdən, süpehri-əlayə,
Gətirdi naləvü fəryad, gördüyün könlüm.
Çəkib şərarələr, etdi vicudimi, Heyran,
Misali-küreyi-həddad gördüyün könlüm.
Füzulidə
Tutuşdu qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd oldu ol azad gördüyün könlüm.
Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,
Fəzayi-eşqdə abad gördüyün könlüm.
Nə gördü badədə bilmən ki, oldu badəpərəst,
Mürid məşrəbü zöhhad gördüyün könlüm.
Fəraqın odunu gördükcə mum tək əridi,
Səbatü səbrdə fulad gördüyün könlüm.
Gətirdi əcz, görüb eşq müşkül olduğunu,
Qamu hünərlərə ustad gördüyün könlüm.
Deyildi böylə, dəmində bir əhli-işrət idi,
Bu qanlar içməyə mötad gördüyün könlüm.
Füzuli, eylədi ahəngi-eyş xanəyi-Rum,
Əsiri-möhnəti-Bağdad gördüyün könlüm.
Heyran xanım bu qəzəlində Füzuli obrazlarını, rədiflərini eynilə təkrar edir. Heyran xanımda da əsas mövzu şad və xoşbəxt olan aşiqin ayrılıq dərdi ilə qəmlərə qərq olmasıdır.
Bütün bunlar aydın götərir ki, Heyran xanım Füzuli şerindən qüvvətli surətdə ideya-bədii təsir almışdır.
Heyran xanımı Füzuli ənənələrinə bağlayan əsas məsələ dahi şairin yaradıcılığındakı insanpərvərlik lirikası,məhəbbət tərənnümü, zülm və itaətsizliyə qarşı qüvvətli etiraz ruhudur. Füzuli ilə Heyran xanım arasında yaradıcılıq bənzəyişi, dünyagörüş, ruh yaxınlığı da Füzulinin ona təsirini qüvvətləndirmişdir. Heyran xanım Füzuli ənənələrinə daha çox bağlansa da onun qüvvətli təsirinə məruz qalsa da öz orijinal yaradıcılıq xüsusiyyətlərə sadiq ola blmişdir.
Heyran xanımın yaradıcılığının eyni zamanda şeirlərinin Füzuli şeirləri ilə mövzu, janr baxımından müqayisəli şəkildə tədqiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Fikrimizcə gələcəkdə bu istiqamətdə araşdırmaların geniş aspektdə aparılması ədəbiyyatşünaslığımız, Heyran xanım yaradıclığını sevən hərkəs üçün faydalı olacaqdır.

13:40 22.08.2026
Oxunuş sayı: 71