Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixinə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir
Azərbaycan Respublikasının Albaniya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixi və mədəni irsinə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir.
Crossmedia.az xəbər verir ki,tədbirdə Albaniya Elmlər Akademiyasının prezidenti Skender Cinuşi, Albaniya Elmlər Akademiyasının eks-prezidenti akademik Receb Meydani, professor Gezim Xoca və s. iştirak ediblər.
Təqdimatın açılış hissəsində Albaniya Elmlər Akademiyasının rəhbərliyi adından Akademiyanın elmi katibi, akademik Anila Hoda iştirakçıları salamlamışdır.
Səfir Anar Hüseynov çıxışında Qafqaz Albaniyasının tarixinin Azərbaycanın tarixi irsinin mühüm hissəsi olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, bu mövzunun qədim tarix, mədəniyyət, din, memarlıq və xristian irsi baxımından öyrənilməsi böyük əhəmiyyət daşıyır və Qafqaz Albaniyası ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan üçün vacib istiqamətlərdən biridir. Səfir, həmçinin Azərbaycanla Albaniya arasında siyasi, iqtisadi və enerji sahələri ilə yanaşı, elm və mədəniyyət sahələrində də əməkdaşlığın inkişaf etdiyini, belə tədbirlərin iki ölkənin alimləri və tədqiqatçıları arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini vurğulamışdır.
Tədbir çərçivəsində tarixçi, Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynovun müəllifi olduğu “Qafqaz Albaniyasının qısa tarixi” kitabının hazırlanması zamanı Qafqaz Albaniyasının dövlətçilik tarixi, onun Azərbaycanın siyasi və mədəni inkişafındakı yeri barədə məlumat vermişdir. Müəllif Şəkinin Kiş kəndində (kishë sözü alban dilində kilsə mənasını verir) yerləşən qədim Müqəddəs Yelisey kilsəsinin Qafqazda erkən xristian irsinin mühüm nümunələrindən olduğunu qeyd etmişdir
O, bildirmişdir ki, 1836-cı ildə Rusiya imperatoru I Nikolayın fərmanı ilə Alban katolikosluğunun ləğv olunaraq onun kilsə, torpaq, əmlak və arxivlərinin Eçmiədzin erməni patriarxlığının tabeliyinə verilməsi alban dini və mədəni irsinin taleyində əsas dönüş nöqtələrindən biri olmuşdur. Müəllifin fikrincə, bu proses yerli alban əhalisinin deetnikləşməsi və erməniləşdirilməsinə, alban dini-mədəni irsinin isə sonrakı dövrlərdə erməni irsi kimi təqdim edilməsinə şərait yaratmışdır. Rizvan Hüseynov bəzi abidələrin görünüşü və yazılarında dəyişikliklər aparıldığını bildirmiş, alban tarixi-mədəni irsinin mənsubiyyətinin ilkin mənbələr və maddi sübutlar əsasında beynəlxalq elmi müstəvidə araşdırılmasının vacibliyini vurğulamışdır.
Albaniya Elmlər Akademiyasının Albanologiya şöbəsinin müdiri, akademik Gezim Hoca “Qafqaz Albaniyasının tarixinə baxış” mövzusunda çıxış edərək Rizvan Hüseynovun yeni nəşri əsasında Qafqaz Albaniyasının tarixi və mədəni irsinə dair fikirlərini bildirmişdir.
Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili isə “Qafqaz Alban Apostol Kilsəsi və Azərbaycandakı alban icmasının xristian irsi” mövzusunda təqdimatla çıxış etmişdir. O, Azərbaycanda qorunub saxlanılan Qafqaz Albaniyasına aid xristian irsi, qədim dini abidələr və Alban-Udi icmasının bu irsin yaşadılması istiqamətində fəaliyyəti barədə məlumat vermişdir.
Robert Mobili Qafqaz Albaniyasının xristian irsinin Azərbaycanın tarixi-mədəni müxtəlifliyinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırmışdır.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, Qafqaz Albaniyasının tarixi və mədəni irsi, habelə Azərbaycan və Albaniya elmi dairələri arasında gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
18:16 06.10.2026
Oxunuş sayı: 44