Kürmük məbədinin ardındakı gizlinlər
Tarix özündə elə mürəkkəb hadisələri ehtiva edir ki, onlar mütləq ciddi araşdırmalar, xüsusi yanaşmalar tələb edir. Dünyanın tarixinə baxdıqda isə bəşəriyyətin yarandığı gündən etibarən təkamül etdiyini, bu təkamülün də birbaşa olaraq bütün bioloji və ekoloji sistemə təsir etdiyini müşahidə edə bilərik. Lakin bir məqamı da vurğulamaq lazımdır ki, dünyanın tarixi həm də müharibələr tarixidir və bütün müharibələr bu və ya digər formada günümüzün beynalxalq münasibətlər sisteminə, dövlətlərarası əlaqələrə, mədəniyyətlərin formalaşmasına ciddi təsir edib. Məlum məsələdir ki, ticarət əlaqələri və maddi maraqlar mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına nə dərəcədə təsir edirsə, baş verən müharibələr, işğallar və bunların fonunda imperialist assimilasiya prosesləri də bir o qədər təsir edir.
Bu gün bizim yaşadığımız bu müqəddəs-şəhid qanı ilə suvarılmış torpaqların da multikultural nizama sahib olması tarixin yaratdığı danılmaz və inkaredilməz sistemlə birbaşa əlaqəlidir.
Bu əlaqənin köklərini təhlil etmək üçün Azərbaycanın xronikasına qısa nəzər salmaq lazımdır. Eramızdan əvvəl 9-cu əsrdə günümüz Azərbaycan torpaqlarında qurulan ilk dövlət olan Manna dövləti regionda yeni yaranmış Midiya dövləti ilə rəqabətə tab gətirə bilməyərək onun vassal asılılığıan keçir.
Dünyanın tarixi sürətlə dəyişir, çünki, müxtəlif regionlarda dövlətlərin rəhbərləri, sülalələr və sülalə rəislərinin istəyi ilə də sərhədlər dəyişir. Midiya imperiyası da varlığını uzun müddət qoruya bilmir və dövlət Midiya hökmdarı Astiaqın dövründə elə öz nəvəsi ll Kir tərəfindən e.ə 550-ci ildə süquta uğradılır, yerində isə fars əsilli sülalənin idarə etdiyi Əhəmənilər dövləti yaranır.
Nəhəng bir coğrafiyanı əhatə edən bu imperiya idarəetməni asanlaşdırmaq məqsədilə bir üsula əl atır: ölkəni satraplığa, yəni vilayətlərə bölür. Bu da imperiyanın daxilində mərkəzdən ayrı mərkəzləşmələr yaradır. Vaxtı ilə müstəqil dövlət olan Midiya 11 satraplıqdan biri kimi inzibati status alır və bir növ öz daxili sərhədlərini qorumuş olur.
Təbii ki, o zamankı dünyada vahid güc Əhəmənilər dövləti deyildi. Qərb məmləkətlərini özünə tabe edən İskəndər Şərqin ellin mədəniyyətindən “məhrum qalmasını” istəməyərək atının istiqamətini gündoğan torpaqlara çevirir.
İskəndərin bu həmləsi ilə bütün dünyanın mədəni-siyasi tarixi dəyişəcək, balkan diyarının Tanrıları öz müqəddəslik elçilərini İskəndərin qılıncı ilə Şərq ölkələrinə xüsusilə də Şərqin qapısı olan Azərbaycana gətirəcəkdi.
Həqiqətən də tarix sübut edir ki, eramızdan əvvəl 4-3 əsrlərdə cənubi Qafqaz və Kiçik Asiyada yunan tanrılarına sitayiş geniş vüsət alır və bu da yerli xalqarın yüzilliklər sonrasına bütün prizmalardan təsir edir.
E.ə 331-ci ildə fars qoşunlarını darmadağın edən Makedoniya imperatoru Əhəməni dövlətinin varlığına son qoyur. Bu döyüşdə diqqət çəkən məqamlardan biri də Əhəməni qoşunlarının tərkibində Alban tayfalarının da xüsusi fəallıq göstərməsi idi. Bu da o demədkir ki, sözügedən bölgədə albanlar gözardı edilməyəcək nüfuza və gücə sahibdirlər. Albanların bu ərazilərdə mövcud olduğunu göstərən tarixi faktlar həm də bizim tariximizi, (abidələrimizi) qorumağa xidmət edəcək.
Əhəmənilərin süquta uğramasından sonra bu əraziləri öz imperiyasının tərkibinə qatan İskəndər burada ellin-yunan mədəniyyətinin yayılmasında əvəzolunmaz rol oynayır. Öncəliklə yunan əsgərlərindən tikinti sirrlərini öyrənən yerli əhali kirəmit və çiy kərpiclə evlərin inşa edilməsi prosesini təkmilləşdirir. Daha sonra yerli əhali ilə yunan orduları arasındakı bu kommunikasiya dini inanclara və etiqada da ciddi təsir edir və əhali arasında yunan tanrılarına sitayiş meydana gəlir. Böyük yunan tarixçisi Strabon yazır ki, xristianlığın Alban torpaqlarında yayılmasına, yəni, Fələstin misionerlərinin təbliğatına qədər yerli xalq yunan tanrılarına sitayiş edirdi...
İskəndər Atropatı canişin kimi saxlayıb, Midiyanı tərk edtikdən sonra bu günkü cənubi Azərbaycan torpaqlarında Atropatın başçılığı ilə e.ə 321-ci ildə Atropatena dövləti yaradılır. Bu məsəslə burada qalsın. Keçək əsas kilid nöqtəsi sayılan Albaniya dövlətinə və onun mədəni quruluşuna.
Albaniya dövlətinin yaradılmasına səbəb olan başlıca amillərdən biri albanların xarici qüvvələrin hücumlarına qarşı birləşməsi və birgə mübarziə aparması olmuşdur. Xüsusilə də növbəti yunan hücumlarından qorunmaq instikti və cənubda da vahid bir dövlətin meydana gəlməsi bu dövlətin yaranmasına ciddi təsir edir və Şimalda ilk müstəqil Azərbaycan dövləti yaradılır.
Strabonun məlumatına görə eramızdan əvvəl 4-cü əsrdə yaradılan Albaniya 26 dildə danışan tayfaların birləşməsindən meydana gəlib. O, həmçinin yazırdı ki, xristianlığın qəbuluna qədər albanlar Helios (Günəş), Zevs (Yer və Göyün tanrısı), xüsusilə İberiya yaxınlığında yerləşən Selena məbədinə (Ay) sitayiş edirlər. Strabonun İberiya yaxınlığında qeyd etdiyi Selena məbədinin yerləşdiyi ərazi Qafqaz Albaniyasının tarixi vilayəti olan və e.ə. I əsrdə İberiya sərhəddində yerləşən Şəki vilayətini nişan göstərir– yəni müasir Azərbaycan Respublikası torpaqları.
Kürmük məbədi isə Qax rayonunda yerləşən qədim alban memarlığnın izlərini daşıyan, Makedoniya mədniyyətindən təsirlənərək dini inanclara uyğun inşa edilmiş və Selelna-Ay tanrısına ibadət üçün məkan seçilmişdir
Kilsədağ məbədi, Qum məbədi, Girdiman məbədi, Kiş məbədi, Aquen məbədi, Kürmük məbədi, Ləkit məbədi, Gənzəsar məbədi kimi məbədlər də Albaniya ərazisində inşa edilib.
Bəs yaxşı, bu məbədlərin içərisində niyə axı Kürmük məbədi Selena-Ay tanrısının şərəfinə ucaldılmış ibadət yeri kimi qiymətləndirlir? Buna əsas səbəb dövrün tarixçilərinin qeydləridir. Xüsusilə də, Strabon yazırdı ki, “albanlar tanrılardan Helios, Zevs və Selenaya, xüsusən də məbədi İberiya yaxınlığında yerləşən Selenaya sitayiş edirlər”. Bu gün də yerli əhali hələ də Kürmükoba bayramını qeyd edir. Burada isə Strabonun dediyini təsdiqləyən bir fak da var. Xalq öz tarixi yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir. Aya və Günəşə sitayiş həm albanların daxili mədəniyyətinin həm də yunan tanrısı olan Heliosun (Günəş tanrısı) və Zevsin (Yer və Göy tanrısı) əhali tərəfindən qəbulunun və artıq bir ənənə kimi bu günlərə gəlməsinin əyani sübutudur.
Selena məbədinin lokalizəsindən yazan tarixçilər də onun məhz həmin çayların- Alazan və İori çaylarının Kürə qovuşduğu ərazidə olduğunu ehtimal edirlər. Bu isə bir daha təhrik edir ki, biz Azərbaycan coğrafiyasının məhz həmin nöqtələrində yerləşən tarixi abidələri bir daha nəzərdən keçirək, yunan tanrılarına ibadət məqsədilə inşa olunmuş tikilinin hansı məbəd olduğunu konkretləşdirək. Sözsüz ki, Selena məbədini tapmaq üçün düşünməli olduğumuz ilkin məsələ bu abidənin xronoloji olaraq xristianlığın yayılmasından daha öncəyə aid olmasıdır. O zaman fərqli prizmadan yanaşsaq, həmin məbəd çoxsaylı digər xristian məbədlərindən fərqli olaraq xristian olmayanlar üçün də sitayiş yeri ola bilərdi. Bu əlamətləri baxımından elə az öncə yuxarıda qeyd etdiyim Qax rayonu ərazisində yerləşən Kürmük məbədi araşdırılma üçün yendiən əsas mövzuya çevrilir.
Kürmük məbədi tarixin süzgəcindən keçərək bu günə qədər gəlib çıxan və hələ də əhalinin müqəddəs bir məkan kimi ziyarət etdiyi tarixi-mədəni abidədir. Belə ki, uzun illərin ənənəsinə uyğun olaraq yerli əhali və ətraf rayonların, habelə bəzi Gürcüstan vətəndaşlarının da ziyarət etdiyi, əhd edib nəzirlər dediyi yer olan Kürmük məbədi özündə həm islam, həm də xristianlıq elementlərini daşıyan və hər iki dinin mənsubları üçün müqəddəs hesab olunan yerdir. Reallıq bundan ibarətdir ki, hər bir ziyarətgah müəyyən kateqoriya – yalnız həmin möhvuma inanan vahid əqidəli insanlar tərəfindən ziyarət edilirsə, Kürmükoba məbədi dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq fərqli etnosların ziyarət etdiyi, təbiətlə bağlı olaraq may və noyabr aylarında qurban kəsilən, eyni ayinləri icra etdiyi istisna sayılan müqəddəs məkandır.
Öncəliklə bu məbəd haqqında danışarkən ilkin məqamda bunu qeyd etmək mütləqdir ki, məhz Kürmük məbədi xristianlıq və islamın yayılmasından öncə inşa edilmiş, yerli əhalinin yunan tanrılarına sitayişi üçün nəzərdə tutulmuşdur. Yuxarıda da qeyd etmişdim ki, yerli əhali Makedoniya ordusundan gil və kirəclə evlərin və digər başqa məqsədlərə xidmət edən tikililərin inşasını öyrənirlər. Aparılan arxeoloji araşdırmalar zamanı da bu günkü Kürmük məbədinin yerləşdiyi ərazidən gil və kirəc qalıqları aşkar edilib. Bununla yanaşı yunan mədəniyyətinin ayrılmaz hissəsi olan və tanrıların təcəssümü olaraq bilinən heykəllər də məhz həmin ərazidən tapılmışdır. Bu isə bir daha onu sübut edur ki, Azərbaycan tarixində Azərbaycan dövləti kimi mövcud olan Albaniya dövrün şərtlərinə uyğun olaraq yunan mədəniyyətinə inteqrasiya etmiş, bu da təbii olaraq əhalinin dini inancına və bunun paralelində həyat tərzinə yansımışdır.
Eramızın 4-cü əsrinə gəldikdə xristianlıq Albaniya ərazisində geniş şəkildə yayılmış, əhalinin dini inancına çevrilmişdir. Bu dinin yayılmasında əsas rolu isə Fələstin və İordaniyadan şimala gələn xristian misionerləri oynayır və əhalinin dini təfəkkürünə tam mənası ilə təsir edir. Xristianlıq yerli xalq arasında yayıldıqdan sonra, eramızın 4-cü əsrində, 313-cü ildə Albaniya hökmdarı Urnayr xristianlığı ölkənin rəsmi dini elan edir və bununla da uzunmüddətli şəkildə formalaşan ellin mədəniyyətinin izləri xristianlıqla qarışır və yunan məbədləri də tədricən kilsə kimi fəaliyyət göstərməyə başlayır. Hətta həmin ərazidən – Kürmük məbədi ətrafından tapılan qadın tanrı heykəlləri bir daha onu sübut edir ki, Kürmük məbədi Selena – Ay tanrısına sitayiş üçün inşa edilmiş, xristianlıq yayıldıqdan sonra bu dinə olan etiqad ciddi şəkildə sarsılmışdır. Nəticədə isə, ehtimal olunandır ki, sözügedən qadın tanrı heykəlləri sındırılmış və qalıqları ətrafa səpələnərək, bu gün bizlər üçün maddi-mədəniyyət nümunəsinə çevrilmişdir.
Qədim alban memarlıq məktəbinə uyğun olaraq, ilkin məbədin tikintisində ətraf ərazilərdən, xüsusilə Kürmük çayından toplanmış yerli çay daşları və xüsusi dözümlü əhəng məhlulundan istifadə olunmuşdur. Bu gün də məbədin yerləşdiyi qayanın ətəyində həmin dövrə aid qədim divar qalıqları açıq şəkildə görünür. Qədim tikilinin daş elementləri üzərində erkən dövr alban xaçları, Göy cismlərinə, Ay və Günəşə, sitayişin rəmzi olan dairəvi motivlər və prototürk tayfalarına məxsus həndəsi oymalar yer almışdır. Məbədin pəncərə konstruksiyalarında və qədim daş qalıqlarında Alban Xaçı ornamentləri gizlənmişdir.
Ümumiyyətlə irada aparılan arxeoloji tədqiqatlar sübut edir ki, abidə vahid bir dövrdə tikilməyib, üst-üstə oturan 4 fərqli mədəni qatdan ibarətdir: Ən altdakı Antik dövr Ay məbədi, onun üzərində I–III əsrlər erkən alban kilsəsi, daha üstdə X–XII əsrlər monastır kompleksi və ən nəhayət, XIX əsr rus kilsəsi.
Kürmük adının etimologiyası da əslində bir çox məqamlardan xəbər verə bilər. "Kür", qədim türk dillərində, həmçinin yerli alban tayfalarının leksikonunda "dəlisov", "coşqun", "coşub-daşan" və ya birbaşa "çay" mənasını ifadə edir. Sözdə olan "Mük" sözü isə "su mənbəyi" mənasını daşıyan "mək/mük" komponenti ilə əlaqələndirilir.
Kürmük məbədinin hansı əraziyə və hansı mədəniyyətə aid olduğunu bildik. İndi isə keçək məsələnin ən ziddiyyətli tərəfinə. Məhz elə bu məsələnin əsas mahiyətini tam şəkildə şərh etmək üçün Azərbaycan tarixinə bununla yanaşı olaraq Rusiyanın imperyalizm siyasətinə nəzər salmaq və müxtəlif dövrlərdəki vəziyyəti təhlil etmək lazımdır.
Rusiya 17-ci əsrdən etibarən işğalçılıq siyasətini ən sərt şəkildə davam etdirmək və dünyada yeganə hegemon güc olmağa çalışır. Ümumilikdə Rusiya tarixinə baxdıqda müharibə etmədiyi qonşu ölkəsi yoxdur, ən azından nümunə olaraq qonşu dövlətləri qeyd etdim...
1721-ci ildən etibarən Rusiyanın cənubi Qafqazı işğal etmək niyyəti baş tutur və təəsüflər olsun ki, Azərbaycanın da Xəzərsahili torpaqları rus işğalına məruz qalır. Sonrakı dövrdə isə məlumdur ki, 1724-cü il çar fərmanı ilə ermənilər Xəzərsahili Azərbaycan torpaqlarına yerləşdirilir və etnik münaqişənin təməli qoyulur.
Lakin burada qeyd olunmalı başqa bir məqam da var. 1783-cü ildə Kartili-Kaxeti çarlığı, yəni Gürcüstan öz razılığı əsasında Georgiyevsk traktatını imzalayır və Rusiyanın protektoratına keçir. Bu nüansı qeyd etməyimdə əsas məqsəd birazdan təhlil edəcəyim məsələnin mahiyətini tam şəkildə çatdırmaqdır.
Çar Rusiyası 1828-ci il Türkmənçay müqaviləsi ilə yekun olaraq bütün şimali Azərbaycan torpqlarını işğal etdi və ardınca burada öz assimilasiya siyasətini icra etməyə başladı.
19-cu əsrin 40-ci illərindən etibarən Çar Rusiyası artıq xalqlar həbsxanası rolunu oynamağa başladı və ciddi repressiv tədbirlər həyata keçirildi. Belə ki, çarlıq qaydalarına əsasən milli azınlıqların dinlərini sərbəst şəkildə yaşamalarıan qanuni və ya müəyyən mənada qeyri-qanuni qadağalar tətbiq olundu. Xristianlıq isə dövlət dini kimi rəsmi olaraq təbliğ olunur, azınlıq millət hesab etdikləri xalqlara da bunu təlqin etməyə çalışılırdı.
Bütün bunları qeyd etməyimdə əsas məqsəd bu gün bizim tarixi abidəmiz olan və yuxarıda da haqqında geniş şəkildə danışdığım Kürmük abidəsinin bugünkü vüzəiyyətinin gürcü kilsə memarlığına bənzəməsidir. Öncəliklə bu məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, gürcülər Qafqazda Rusiyaya ən yaxın yerləşən xristian xalqıdır və onlar da bundan çox “səmərəli” şəkildə istifadə edərək kilsənin inşası prosesinə öz memarlıq üslublarını əlvaə ediblər. Gürcüstanın Qax bölgəsinə yaxın mövqedə yerləşməsi Rusiyanın buraya məhz gürcü memarlarını göndərməsinə rəvac verə bilər. Lakin işi kimin icra etməsindən asılı olmayaraq tarix sübut edir ki, ruslar bizim tariximizə - alban mədəniyyətinə aid olan məbədi söküb, yerində milli təfəkkürümzə qəsd məqsədilə kilsə inşa etmişlər.
Məbədin Alban dövrünə və birbaşa Azərbaycana aid olmasını keşiş İrodion Okropridzenin "İngiloy keşişliyində mövcud olan aşağı kilsə təşkilatçılarının vəziyyəti haqqında 1892-ci il hesabatı" adlı tarixi sənəd də təsdiq edir. Bu tarixi sənəddə Kürmük kilsəsinin köhnə alban tikilisi üzərində, pravoslavlığı qəbul etməkdən yayınan yerli xalqı cəlb etmək üçün könüllü ianələr hesabına yenidən tikilməsi faktı birbaşa rəsmiləşdirilir.
Çar Rusiyası dövründə mənbələrdə də açıq-aşkar qeyd olunur ki, Qədim alban məbədi olan Kürmük məbədinin yerində 1892-1894-cü illərdə rus-pravoslav kilsəsi inşa edilib. Bunu etməkdə çarizm hakimiyyətin əsas məqsədlərindən biri də əhaliyə şüuraltı olaraq təsir etmək və xristianlığın təbliğini həm də bu yolla həyata keçirmək idi. Kürmükoba məbədi yerli əhalinin ildə ən azı iki dəfə, təbiətlə bağlı olaraq may və noyabr aylarında üz tutduğu məkan idi. Bunu müşahidə edən imperiya rəhbərliyi bu vasitə ilə sakinlərin yenə həmin məbədə getməsinin davamlılığını təmin etmək istəyir ki, xristianlıq ideologiyası şüualtı olaraq əhalinin dini inancına qarışsın və bir növ milli kimliyindən uzaqlaşsın. Düzdür, bu gün Qax rayonunda olan Kürmük məbədinin qədim Alban məbədi ilə hər hansı bir əlaqəsi yoxdur, çünki, həmin məbəd 1892-ci ildə çar Rusiyası tərəfindən sökülüb. Xoşbəxtlikdən bəzi daş parçaları ətrafa səpələnib və ərazinin arxeoloji araşdırması zamanı maddi sübut olaraq götürülüb.Ümumilikdə baxdıqda isə əhalinin oraya getmə səbəbi yenə eyni qalır – arzularnın reallaşması üçün qurbanlar kəsmək, şamlar yandırmaq, dua etmək, nəzir paylamaq. Maraqlısı isə bundadır ki, həm xristian həm də müsəlman etiqadı sahibləri demək olar ki, eyni dini ayinləri icra edir. Lakin istənilən halda bu ona dəlalət etmir ki, tariximiz saxtalaşdırılmalı, bizim olan qədim maddi-mədəniyyət nümunəsi hər hansı bir işğal prosesindəki özbaşına və zorakı addımlara görə özgələşdirilməlidir. Kürmük məbədi qədim alban tikilisidir. Bu məbədin ətrafından aşkar olunan yunan qadın heykəlləri, qara ibadət daşı, hətta Rusiyanın məbədi sökdüyü zaman belə ətrafa səpələnən daş parçaları və ən əsası bizim millili yaddaşımız bir daha onu sübut edir ki, Kürmük məbədi qədim Alban tarixinin ayrılmaz və əvəzolunmaz parçasıdır, alban kulturalizminə aid olan bizim maddi-mədəniyyət nümunəmizdir.
Turqut Ansari
15:05 02.10.2026
Oxunuş sayı: 53