Hər 8 xərçəngdən 1-nə bu infeksiya səbəb olur
Dünyada hər il milyonlarla insan xərçəng diaqnozu alır və yeni araşdırma bu xəstəliklərin müəyyən hissəsinin qarşısının alına bilən infeksiyalarla əlaqəli olduğunu göstərir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) “The Lancet Oncology” jurnalında dərc olunan araşdırmasına görə, 2024-cü ildə dünyada təxminən 2,3 milyon yeni xərçəng hadisəsi infeksiyalarla əlaqəli olub ki, bu da bütün yeni xərçəng hallarının 12 faizini təşkil edir.
Araşdırmada xüsusilə Helicobacter pylori və insan papillomavirusu (HPV) önə çıxır. Bu iki infeksiyanın 2024-cü ildə birlikdə 1,5 milyondan çox xərçəng hadisəsi ilə əlaqəli olduğu bildirilir. Mütəxəssislər isə HPV və hepatit B-yə qarşı vaksinasiya, eləcə də H. pylori və hepatit C-nin aşkarlanması və müalicəsi kimi tədbirlərin infeksiyaların səbəb olduğu xərçənglərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan verdiyini vurğulayırlar.
Crossmedia.az-a açıqlamasında onkoloq Fərid Museyibov dünyada və Azərbaycanda xərçəng xəstəliyinin artdığını, eyni zamanda daha gənc yaşlarda müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bəzi xərçəng növlərinin yaranmasında infeksiyalar mühüm risk amili kimi çıxış edir.
“Son aparılmış statistika onu göstərir ki, Azərbaycan mədə xərçənginə görə dünyada beşinci sıradadır. Mədə xərçənginin əsas yaranma səbəblərindən biri Helicobacter pylori infeksiyasının olmasıdır. Bu infeksiya vaxtında müayinə və müalicə olunarsa, mədə xərçənginin qarşısının alınmasına kömək etmək mümkündür”, - deyə onkoloq qeyd edib.
Fərid Museyibov Hepatit B və Hepatit C viruslarının da qaraciyər xərçənginin yaranmasında əsas amillərdən olduğunu vurğulayıb: “Ümumiyyətlə, Hepatit B-nin peyvəndi vardır. Əgər vaxtında peyvənd olunarsa, xəstəliyin qarşısının alınmasında çox böyük rol oynayar. Uşaqlıq boynu xərçənginin yaranmasına səbəb olan insan papilloma virusunun da peyvəndi var. Bunun da vaxtında tətbiq olunması uşaqlıq boynu xərçənginin qarşısının alınmasında mühüm rol oynayır”.
Onkoloq erkən diaqnostikanın əhəmiyyətinə də diqqət çəkib: “Biz hər zaman deyirik ki, erkən diaqnoz can qurtarır. Əgər vaxtında üstünə düşülərsə, vaxtında aşkar olunarsa, xərçəngin müalicə şansı çox yüksək olur. Amma təəssüf ki, bizim yanımıza gələn xəstələr 3-cü, 4-cü mərhələdə müraciət edirlər. Bu da təbii ki, xəstəliyin müalicəsində çox çətinliklər yaradır”.
O, xərçəng riskində qidalanma və həyat tərzinin də rolunu qeyd edib: “Mədə xərçənginin yaranma səbəblərindən biri də qidalanma faktorudur. Burada ultra emal olunmuş ət və ət məhsulları, fast-food qidaları, artıq çəki, alkoqoldan geniş istifadə və tütün məmulatlarından istifadə nəzərdə tutulur. Alkoqol əsasən qaraciyər xərçənginin, eləcə də mədə xərçənginin yaranmasında əsas rol oynayan amillərdən biridir. Ona görə də bunlardan nə qədər uzaq olunsa, xərçəngin qarşısının alınmasında bir o qədər effektiv nəticə əldə etmək olar”.
Nigar Xəlilli
18:30 06.10.2026
Oxunuş sayı: 68