Ziya Səlcuq Bakıda ustad dərsi keçdi: “Sürətdən dərinliyə – özünə qayıdış”
Heydər Əliyev Mərkəzində görkəmli professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı və “Önce Öğretmen” Fondunun sədri Ziya Səlcuqun iştirakı ilə “Sürətdən dərinliyə: özünə qayıdış” adlı ustad dərsi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə əvvəlcə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxış edib. O, təhsil prosesində müəllim amilinin, pedaqoji yanaşmaların və insanın özünü inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.
Daha sonra Ziya Səlcuq “Sürətdən dərinliyə: özünə qayıdış” mövzusunda ustad dərsi ilə çıxış edib. Professor müasir dövrdə sürətlə dəyişən həyat tərzinin insan münasibətlərinə və təhsil prosesinə təsiri, uşağın dünyasına düzgün yanaşma, valideyn-müəllim münasibətləri və fərdin daxili inkişafı barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində Ziya Səlcuqun Azərbaycan dilində nəşr olunan “Qırx dəfə demişəm” kitabının təqdimatı da keçirilib. Kitabda gündəlik ifadə və deyimlər valideynlik prizmasından təhlil olunur, uşağa və uşaqlığa fərqli baxış təqdim edilir.
Ustad dərsi Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutub.
18:51 06.10.2026
Oxunuş sayı: 59