Cənubi Koreya Rusiyaya yanacaq tədarükünü kəskin artırıb
Cənubi Koreyadan Rusiyaya iki ay ərzində 176 min tondan çox yanacaq göndərilib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” liman sənədləri və gəmi izləmə məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, iyul və avqust aylarında Cənubi Koreyanın bir neçə limanından əsasən dizel yanacağı olmaqla 176 min tondan çox yanacaq yeddi tankerlə Rusiyanın Uzaq Şərqinə daşınıb. Tankerlər bu müddətdə ümumilikdə 14 reys həyata keçirib.
Gəmilərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. Tankerlərdən biri isə yanacağı Cənubi Koreya sularında gəmidən-gəmiyə yükləmə yolu ilə qəbul edib.
Kpler məlumatlarına görə, Rusiya avqust ayında dəniz yolu ilə 368 min ton neft məhsulu idxal edib. Bunun 112 min tonu, yəni 31 faizi Cənubi Koreyanın payına düşüb. Beləliklə, Cənubi Koreya Hindistandan sonra Rusiyanın ikinci ən böyük neft məhsulları tədarükçüsü olub.
Məlumata görə, yanacaq tədarükünün artması Ukraynanın Rusiya neft emalı zavodlarına PUA zərbələri fonunda ölkənin emal gücünün azalması ilə əlaqəlidir. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, Rusiyada dizel istehsalı ötən illə müqayisədə təxminən 30 faiz azalıb.
“The Guardian” qeyd edir ki, bu daşımaların Cənubi Koreya qanunlarını pozduğu görünmür. Seulun Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər əsasən hərbi məqsədlər üçün istifadə oluna biləcək məhsulların ixracına yönəlib.
19:06 06.10.2026
Oxunuş sayı: 53