Pakistan Azərbaycan ordusuna çox böyük önəm verir - Rəy
Azərbaycan və Pakistan arasında münasibətlərin mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq son illərdə daha da intensivləşib. Qarşılıqlı səfərlər, hərbi təlimlər, peşəkar görüşlər və təcrübə mübadiləsi iki ölkənin silahlı qüvvələri arasında əlaqələrin genişlənməsinə şərait yaradıb. Döyüş hazırlığı, hərbi təhsil, yeni silahların öyrənilməsi və müxtəlif hərbi istiqamətlər üzrə təcrübə mübadiləsi Azərbaycan və Pakistan orduları arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələri arasında son illər çox sıx əlaqələr yaranıb və qarşılıqlı səfərlər, o cümlədən müxtəlif sahələri əhatə edən görüşlər hər iki ölkə üçün faydalıdır.
"Bu, Azərbaycan–Pakistan hərbi əməkdaşlığının ruhuna uyğun olaraq həyata keçirilir. Bu görüşlər planlı şəkildə keçirilir. Pakistan nümayəndə heyəti Azərbaycana səfər edir, Azərbaycan nümayəndə heyəti də Pakistana mütəmadi olaraq səfərlər həyata keçirir. Həm Baş Qərargah səviyyəsində, həm də müdafiə naziri səviyyəsində görüşlər keçirilir. Ona görə də bizim nümayəndə heyətlərimiz Pakistan Ordusunun nailiyyətlərini öyrənir və Azərbaycan Ordusunda tətbiq etmək üçün onların öncül nümunələrindən istifadə edir".

Ekspert qeyd edib ki, bu dəfəki görüşdə də tərəflər 2026-cı il üçün nəzərdə tutulmuş və yaxın perspektivdə həyata keçiriləcək istiqamətləri müzakirə ediblər:
"Bu, ordunun döyüş hazırlığı, o cümlədən silahlı qüvvələrin təlim-tədris məsələləri, yeni silahların öyrənilməsi və digər istiqamətləri əhatə edir. Pakistan Ordusu da Azərbaycandan müəyyən yenilikləri öyrənir və bu sahədə əldə olunan təcrübə ilə tanış olur.
Əlbəttə ki, belə görüşlər hər iki ölkənin inkişafı və birgə fəaliyyəti üçün səmərəlidir.
Bizim zabitlər Pakistanda hazırlıq keçirlər, xüsusən komando hərbi hissələrinin şəxsi heyətinin bir hissəsi. Biz indi Pakistanla bərabər, qardaş Türkiyə, o cümlədən Orta Asiya respublikaları da daxil olmaqla bir sıra təlimlər planlaşdırmışıq, bəzilərini keçirmişik. Elə təlimlər var ki, onlar virtual keçirilir, elə təlimlər də var ki, real şəraitə uyğun olaraq keçirilir.
Hər iki ölkə bir-biri ilə hərbi attaşe səviyyəsində təmsil olunub. Əgər ölkələr arasında hərbi attaşelik varsa, deməli, bu, hər iki ölkənin bir-birinin hərbi və hərbi-texniki sahəsinə önəm verdiyini göstərir. O nöqteyi-nəzərdən hesab edirəm ki, Pakistan bizim üçün çox vacib ölkədir. Pakistan Silahlı Qüvvələrinin böyük təcrübəsi var. Pakistan Ordusu da Azərbaycan Ordusunu həm Cənubi Qafqazda, həm də postsovet məkanında müharibə keçmiş ordu kimi qəbul edir. Ona görə də hesab edirəm ki, bu cür təmasların olması çox vacibdir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyevin də bu görüşləri keçirməsi o anlama gəlir ki, qərargahlarımız arasında öyrənilməsi və təcrübədən keçirilməsi vacib olan sahələr var və həmin sahələr də müzakirə olunur. Müvafiq idarələrə – məsələn, Döyüş Hazırlığı İdarəsinə, Rabitə İdarəsinə və ya Tibbi Baş İdarəyə tövsiyələr və göstərişlər verilir, ona uyğun olaraq da işlər həyata keçirilir”.
Zeynəb Həsən
13:00 26.08.2026
Oxunuş sayı: 55