Erməni revanşistləri ayaqlandı - nə baş verir?
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda keçirilən mətbuat konfransında Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə bağlı səsləndirilən işgəncə, dini ayrı-seçkilik və xristian dini simvollarının məhv edilməsi barədə iddialara münasibət bildirib. Ombudsman bu fikirləri əsassız və qərəzli hesab edərək, ağır ittihamların hər hansı etibarlı sübut təqdim edilmədən ictimaiyyətə fakt kimi çatdırılmasının yolverilməz olduğunu vurğulayıb.
Qurumun Milli Preventiv Qrupunun keçirdiyi monitorinqlər zamanı erməniəsilli şəxslərlə konfidensial görüşlərin aparıldığı, onların tibbi və psixoloji vəziyyətlərinin qiymətləndirildiyi, hüquq və azadlıqları barədə məlumatlandırıldıqları və ayrı-seçkiliyə yol verilmədən zəruri xidmətlərə çıxışlarının təmin edildiyi bildirilib. Ombudsman belə iddiaların dini qarşıdurma müstəvisinə keçirilməsinin Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesinə və cəmiyyətlərarası etimada mənfi təsir göstərə biləcəyini qeyd edib.
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Ombudsman Səbinə Əliyevanın Ermənistan tərəfindən səsləndirilən iddialara reaksiyası adekvat və obyektiv olub:
“Ombudsman çox düzgün və adekvat reaksiya verib və bu yalanlara, böhtanlara tam obyektiv cavab artıq hər yerdə yayılmışdır. O ki, qaldı Ermənistanın içərisində revanşist qüvvələrə onlar, təəssüf ki, var. Onlar həm hüquq müdafiəçiləri səviyyəsində, həm siyasətçilər içərisində var və biz bunu çox gözəl bilirik. Ancaq ümumi trend, ümumi istiqamət bunların səyləri nəticəsində dəyişə bilməz”.
Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı keçmiş fəaliyyətindən xəbərdardır:
“Artıq dünyada da, beynəlxalq ictimaiyyətdə də, təşkilatlarda da çox gözəl bilirlər ki, hansı cinayətləri bu canilər törədiblər Azərbaycan xalqına qarşı, hansı ağlasığmaz hərəkətləri ediblər. Ona görə bu cəhdlər sadəcə həmin qurumların, həmin dairələrin siyasətidir ki, onlar keçmişi unuda bilmirlər və hər hansı bir variantda revanşist ideyaları gündəmə gətirirlər. Ancaq bunun heç bir xeyri və təsiri ola bilməz”.
Nigar Xəlilli
15:00 05.09.2026
Oxunuş sayı: 59