İrəvanın Konstitusiya tələsi: Paşinyan öz vədlərinin əsirinə çevrilib?
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan diplomatik irəliləyişlərə baxmayaraq, yekun sülh sazişinin imzalanması qarşısında dayanan mühüm məsələlərdən biri hələ də həllini tapmayıb. Söhbət Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı narahatlıq doğuran hüquqi istinadların aradan qaldırılmasından, daha dəqiq desək qaldırılmamasından gedir. Rəsmi İrəvan yeni Konstitusiyanın hazırlanacağını dəfələrlə bəyan etsə də, indiyədək ictimaiyyətə təqdim edilmiş yekun layihə yoxdur. Paşinyan və silahdaşları bu istiqamətdə ancaq bəyanatlar verməklə kifayətlənirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyinin bəyan etdiyi siyasi məqsədlərlə həmin məqsədlərin həyata keçirilməsi üçün atdığı konkret addımlar arasında çox böyük uyğunsuzluq var.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ötən ay parlamentdə çıxış edərkən yeni Konstitusiya layihəsinin 2026-cı ilin sonunadək açıqlanmasının nəzərdə tutulduğunu bildirmişdi. Oktyabrın 14-də isə baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən hakim “Vətəndaş Müqaviləsi” Partiyasının iclasında konstitusiya islahatları yenidən müzakirə olunub. Mövcud plana əsasən, layihə dekabrın 30-dək hazırlanmalıdır, ümumxalq referendumunun isə 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Deməli, elan olunmuş müddət hələ başa çatmasa da, konstitusiya islahatlarının siyasi və hüquqi nəticələri barədə qeyri-müəyyənlik qalmaqdadır.
Məsələnin mahiyyəti yalnız yeni əsas qanunun nə vaxt hazırlanacağından ibarət deyil. Daha mühüm sual Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mübahisə yaradan konstitusion istinadları aradan qaldırmaq üçün hansı hüquqi mexanizmi seçəcəyidir, bunu necə gerçəkləşdirəcəyidir? Çünki rəsmi Bakı üçün əsas məsələ İrəvanın islahat niyyətini bəyan etməsi deyil, həmin niyyətin konkret və hüquqi baxımdan etibarlı nəticəyə çevrilməsidir. Paşinyan hökuməti bunu edə biləcəkmi, yaxud ümumiyyətlə etmək istəyirmi?
Azərbaycanın mövqeyi kifayət qədər əsaslı və konkretdir. Ermənistan Konstitusiyasının preambulası 1990-cı il Müstəqillik Bəyannaməsində təsbit edilmiş prinsiplərə istinad edilir. Həmin Bəyannamənin giriş hissəsində isə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti ilə Qarabağın erməni separatçılarının qəbul etdikləri “birləşmə qərarı” - separatizm əsas götürülür. Bu sənədlər arasındakı əlaqə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddia irəli sürməkdir.
Bakı məhz bu səbəbdən gələcək münasibətlərin hüquqi əsaslarının ziddiyyətli müddəalardan təmizlənməsini tələb edir. Azərbaycan XİN-in rəsmi açıqlamalarında da vurğulanıb ki, Ermənistanın Konstitusiyası ilə bağlı problem həll edilmədən sülh sazişinin imzalanması dayanıqlı hüquqi təminat yaratmayacaq. Bu yanaşmanın əsas məntiqi ondan ibarətdir ki, dövlətlərarası münasibətlərin gələcəyini yalnız hazırkı hökumətlərin siyasi iradəsinə bağlamaq olmaz. Həmin iradə dövlətin fundamental hüquqi sənədlərində - məsələn Konstitusiyada də aydın əks olunmalıdır.
Ermənistan rəhbərliyi isə məsələyə fərqli hüquqi izah verir. İrəvan 2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsinin sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyət reqlamentinə dair qərarına istinad edərək, mövcud Konstitusiyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olmadığını bildirir. Ermənistan tərəfinin qənaətinə görə, həmin qərar Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədlərinin tanınmasının Konstitusiyaya uyğunluğunu təsdiqləyir. Lakin Bakı bu izahı mövcud konstitusion narahatlıqların tam aradan qaldırılması üçün yetərli hesab etmir. Çünki bununla Ermənistan hökuməti Konstitusiya dəyişikliklərindən qaçmağa çalışır, Məhkəmə səviyyəsində qəbul edilən qərarla kifayətlənmək istəyir. Azərbaycan isə haqlı olaraq bununla razılaşmır.
Bu fikir ayrılığının əhəmiyyəti 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanmasından sonra daha da artıb. Razılaşdırılmış sənəddə tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıması, eləcə də gələcəkdə ərazi iddiaları irəli sürməməsi nəzərdə tutulur. Lakin sənədin paraflanması ilə onun yekun imzalanması eyni hüquqi mərhələ deyil. Azərbaycan məhz bu keçid mərhələsində Konstitusiya ilə bağlı məsələnin həllini vacib sayır. Rəsmi Bakı Erəmistana buna görə dəfələrlə çağırış edib ki, ərazi iddiaı məsələsi aradan qaldırıldıqdan sonra Sülh Sazişinin imzalanması mümkün ola biləcək.
Paşinyan hökumətinin qarşılaşdığı çətinliklərdən biri konstitusiya dəyişikliklərinin Ermənistan daxilində siyasi mübarizə predmetinə çevrilməsidir. Radikal müxalif qüvvələr bu təşəbbüsü Azərbaycanın tələbləri ilə əlaqələndirərək hakimiyyətə qarşı arqument kimi istifadə edirlər. Hökumət isə yeni Konstitusiyanın qəbulunu Ermənistan dövlətçiliyinin inkişafı, idarəçilik sisteminin yenilənməsi və daxili siyasi ehtiyaclarla əsaslandırmağa çalışır.
Baş nazir Paşinyanın parlamentdə etdiyi çıxış bu ziddiyyəti aydın nümayiş etdirir. Paşinyan yeni Konstitusiya təşəbbüsünün Ermənistanın daxili gündəliyindən irəli gəldiyini, eyni zamanda gələcək sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu bildirib. O, Qarabağ hərəkatının davam etdirilməməsini də yeni siyasi yanaşmanın tərkib hissəsi kimi təqdim edib.
Bu mövqe Ermənistanın əvvəlki işğalçılıq konsepsiyasından və xəstə “Böyük Ermənistan” ideologiyasından uzaqlaşmaq istiqamətində mühüm siyasi bəyanat sayıla bilər. Bununla belə, Azərbaycanın maraqları baxımından həmin bəyanatın praktiki əhəmiyyəti onun gələcək Konstitusiyanın mətnində necə əks olunmasından asılıdır. İrəvanın hansı niyyətləri səsləndirməsindən asılı olmayaraq, nəticəni müəyyən edən amil qəbul ediləcək sənədin məzmunu və hüquqi qüvvəsi olacaq.
Ermənistanda 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri də konstitusiya islahatlarının mürəkkəb siyasi şəraitdə həyata keçiriləcəyini göstərir. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası 105 yerlik parlamentdə 64 mandat qazanıb. “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib. Beləliklə, hakim partiya parlamentdə mütləq çoxluğa sahib olsa da, yeni Konstitusiyanı referenduma çıxarmaq üçün tələb olunan üçdə iki səs çoxluğunu təkbaşına təmin edə bilmir.
Ermənistan Konstitusiyasına əsasən, yeni əsas qanunun qəbuluna dair təşəbbüslə hökumət, deputatların ən azı üçdə biri və ya seçki hüququ olan 200 min vətəndaş çıxış edə bilər. Lakin layihənin ümumxalq səsverməsinə təqdim edilməsi üçün parlament üzvlərinin ən azı üçdə ikisinin dəstəyi tələb olunur. Hazırkı 105 mandatlıq parlamentdə bu, 70 səs deməkdir. Deməli, hakim partiya müxalifət düşərgəsindən azı altı deputatın dəstəyini əldə etməlidir.
Burada mühüm siyasi ziddiyyət yaranır. Bir tərəfdən, Paşinyan hökuməti yeni Konstitusiyanı Ermənistanın gələcək inkişafı üçün zəruri hesab edir. Digər tərəfdən, həmin sənədin qəbuluna aparan prosedurun mühüm mərhələsində onun siyasi rəqiblərinin mövqeyindən asılı vəziyyətə düşür. Bu isə konstitusiya islahatlarının yalnız hüquqi deyil, həm də ciddi siyasi razılaşmalar tələb etdiyini göstərir.
Üstəlik, müxalifətin müəyyən hissəsi Qarabağ məsələsində əvvəlki siyasi yanaşmaların saxlanılmasını müdafiə edir. Həmin qüvvələr üçün Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması sadə hüquqi düzəliş deyil, uzun illər təbliğ olunmuş siyasi konsepsiyadan imtina kimi qiymətləndirilir. Bu baxımdan konstitusiya referendumu Ermənistan daxilində təkcə idarəçilik islahatları deyil, həm də dövlətin gələcək regional siyasəti ətrafında mübarizə meydanına çevrilə bilər.
Məsələnin başqa bir tərəfi Ermənistanın xarici siyasət münasibətləridir. İrəvan son illərdə Qərb dövlətləri ilə əlaqələrini genişləndirməyə çalışsa da, Rusiyadan iqtisadi, enerji və təhlükəsizlik sahələrində mövcud asılılıqlarını tam aradan qaldırmayıb. Digər tərəfdən, İranın regiondakı nəqliyyat kommunikasiyaları və sərhədlərin dəyişməzliyi ilə bağlı həssas mövqeyi Ermənistanın regional siyasətinə təsir göstərən amillərdəndir.
Məhz bu kontekstdə konstitusiya islahatlarının uzanmasını Azərbaycan diqqətlə izləyir. İrəvanın gecikmələri daxili siyasi müqavimətlə əsaslandırması mümkün olsa da, bu izah Bakının təhlükəsizlik və hüquqi təminatlarla bağlı maraqlarını aradan qaldırmır. Azərbaycanın tələbinin mahiyyəti Ermənistanın daxili siyasi sistemini müəyyənləşdirmək deyil, iki dövlət arasında gələcək münasibətlərdə ərazi bütövlüyünə dair hüquqi ziddiyyətlərin qalmamasını təmin etməkdir.
Digər mühüm məsələ vaxt amilidir. Yeni Konstitusiya layihəsi dərc olunduqdan sonra onun ictimai müzakirəsi, parlamentdə dəstəklənməsi, referenduma çıxarılması və seçicilər tərəfindən qəbul olunması ayrı-ayrı mərhələlərdir. Ermənistan Konstitusiyası referendumun təyinindən sonra səsvermənin 50 gündən tez, 65 gündən gec olmayaraq keçirilməsini nəzərdə tutur. Bu prosedurların mövcudluğu göstərir ki, layihənin ictimaiyyətə açıqlanması mühüm addım olsa da, konstitusiya probleminin həlli ilə eyniləşdirilə bilməz.
Hətta referendumun keçirilməsi də dəyişikliklərin avtomatik qəbul ediləcəyi anlamına gəlmir. Ermənistan qanunvericiliyinə görə, ümumxalq səsverməsinə çıxarılan sənədin qəbul olunması üçün iştirakçıların yarıdan çoxunun müsbət səsi tələb edilir və bu səslər referendumda iştirak etmək hüququ olan vətəndaşların ümumi sayının ən azı dörddə birini təşkil etməlidir. Bu səbəbdən hakimiyyət parlamentdə zəruri dəstəyi əldə etdikdən sonra da cəmiyyətdə kifayət qədər geniş razılıq formalaşdırmalıdır.
Konstitusiya dəyişikliklərinin yalnız preambula ətrafında deyil, daha geniş dövlət idarəçiliyi islahatları çərçivəsində təqdim edilməsi hakimiyyətin siyasi manevr imkanlarını artıra bilər. Lakin belə yanaşmanın nə dərəcədə nəticə verəcəyi layihənin məzmunundan, müxalifətin münasibətindən və ictimai müzakirələrin xarakterindən asılı olacaq. Geniş islahat paketi bəzi siyasi qüvvələri razı sala biləcəyi kimi, mübahisəli müddəalar ətrafında yeni fikir ayrılıqları da yarada bilər.
Mövcud mənzərədə diqqət çəkən əsas məqam Ermənistan rəhbərliyinin yeni konstitusion modelə keçidi siyasi baxımdan müdafiə etməsinə baxmayaraq, bu məqsədə çatmaq üçün tələb olunan parlament və ictimai dəstəyin hələ təmin edilməməsidir.
İrəvan üçün əsas sınaq isə öz ictimaiyyətinə təqdim etdiyi dövlətçilik konsepsiyası ilə qonşu dövlət qarşısında üzərinə götürməyə hazırlaşdığı beynəlxalq öhdəliklər arasında uyğunluğu təmin etməkdir. Hökumətin bəyan etdiyi yeni siyasi xəttin nə dərəcədə möhkəm olduğunu müəyyənləşdirən əsas meyar konstitusiya layihəsində əks olunacaq müddəalar, parlamentdə veriləcək qərarlar və referendumun nəticəsi olacaq.
Nəticə etibarilə, Ermənistanın konstitusiya islahatları artıq yalnız bu ölkənin daxili hüquqi gündəliyi ilə məhdudlaşmır. Onun nəticələri Azərbaycanla münasibətlərin gələcək xarakterinə və regionda sülhün hüquqi əsaslarının formalaşmasına birbaşa təsir göstərəcək. İndiki mərhələdə layihənin dərc olunmaması hökumətin niyyətləri barədə qəti nəticə çıxarmağa imkan verməsə də, mühüm sualları açıq saxlayır: Ermənistan rəhbərliyi elan etdiyi dəyişiklikləri hansı məzmunda həyata keçirəcək və onların qəbulunu təmin edə biləcəkmi?
Azərbaycan üçün isə əsas ölçü dəyişmir: sülh prosesinin etibarlılığı siyasi bəyanatların sayından deyil, qəbul edilmiş hüquqi öhdəliklərin aydınlığından və onların yerinə yetirilməsindən asılıdır. Yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması Ermənistan rəhbərliyinin sözlə ifadə etdiyi mövqeyin konkret hüquqi məzmuna çevrilib-çevrilmədiyini müəyyənləşdirmək üçün mühüm imkan yaradacaq. Sülh sazişinin yekunlaşdırılması baxımından əsas gözlənti də məhz bu qeyri-müəyyənliyin aradan qaldırılmasıdır.
17:11 19.10.2026
Oxunuş sayı: 195
Mübariz Göyüşlü
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru