Zelenski yenidən prezident seçkilərinə qatılacaq? 60 günlük atəşkəs şərti
Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a verdiyi müsahibədə hərbi vəziyyət şəraitində prezident seçkilərinin keçiriləcəyi təqdirdə öz namizədliyini mütləq irəli sürəcəyini bəyan edib. Müharibənin başlanğıcından bəri ölkəsinin müdafiəsinə cavabdeh olduğunu vurğulayan Zelenski bildirib ki, Rusiya iki ay (60 gün) müddətinə tam atəşkəsə razı olarsa, Ukraynada prezident seçkilərinin keçirilməsi təmin olunacaq və Kiyev xalqın istənilən seçimini qəbul edəcək. Zelenskinin bu təşəbbüsü yalnız Ukraynanın daxili siyasi gündəmi deyil, müharibənin gələcək fəlsəfəsi, Moskvanın legitimlik ittihamları və mümkün diplomatik danışıqlar baxımından mühüm müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, Zelenskinin bu gedişi daxili və xarici siyasi cəbhədə legitimliyi yeniləmək məqsədi daşıyır:

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın iki aylıq tam atəşkəsə razılaşacağı təqdirdə prezident seçkilərinin keçirilməsinin mümkünlüyü barədə açıqlaması müharibənin siyasi gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Bu təşəbbüsə yalnız Ukraynanın daxili siyasi məsələsi kimi deyil, Rusiya-Ukrayna müharibəsinin gedişinə və mümkün sülh danışıqlarına təsir göstərə biləcək amil kimi yanaşmaq lazımdır. Seçkilərin keçirilməsi ilk növbədə Ukrayna hakimiyyətinin demokratik legitimliyini yeniləmək və Rusiyanın Kiyev rəhbərliyinin legitimliyi ilə bağlı irəli sürdüyü arqumentlərin təsirini azaltmaq baxımından əhəmiyyət daşıya bilər. Eyni zamanda, seçki prosesi Ukrayna cəmiyyətinin müharibənin davam etdirilməsi, atəşkəs və mümkün sülh şərtləri ilə bağlı mövqeyinin müəyyənləşdirilməsi üçün siyasi platforma rolunu oynaya bilər".
Politoloq xüsusi vurğulayıb ki, seçki prosesi müharibənin başa çatması mənasına gəlmir və ciddi təşkilati risklər ehtiva edir:
"Lakin seçkilərin keçirilməsi müharibənin başa çatacağı anlamına gəlmir. Əksinə, seçki kampaniyası ərazi bütövlüyü, təhlükəsizlik təminatları və mümkün güzəştlər ətrafında daxili siyasi fikir ayrılıqlarını gücləndirə bilər. Müharibə şəraitində hərbçilərin, xaricdə yaşayan ukraynalıların və işğal altındakı ərazilərdəki əhalinin seçki hüququnun təmin edilməsi də ciddi təşkilati və hüquqi çətinliklər yaradır. Digər tərəfdən isə 60 günlük atəşkəs diplomatik danışıqlar üçün imkan yarada bilər. Ancaq bunun üçün atəşkəsin şərtləri, nəzarət mexanizmləri və tərəflərin öhdəlikləri əvvəlcədən razılaşdırılmalıdır. Əks halda, seçkilər üçün tələb olunan müvəqqəti fasilə müharibənin dayandırılmasına deyil, tərəflərin hərbi və siyasi mövqelərini möhkəmləndirməsinə xidmət edə bilər".
Aytən Qurbanova Rusiyanın mövqeyinə və sülh şərtlərinə diqqət çəkərək fikrini yekunlaşdırıb:
"Məsələnin digər mühüm tərəfi isə Rusiyanın mövqeyidir. Moskva ilə Kiyev arasında əsas ziddiyyətlər ərazi məsələləri, Ukraynanın gələcək təhlükəsizlik arxitekturası və müharibədən sonrakı regional nizamla bağlıdır. Seçkilər bu ziddiyyətləri aradan qaldırmır. Ona görə də, siyasi proseslərin sülhə çevrilməsi tərəflərin real kompromisə hazır olmasından asılıdır. Nəticə etibarilə, Ukraynada mümkün prezident seçkiləri sülh prosesinə diplomatik imkanlar yarada bilər, lakin müharibənin taleyini təkbaşına müəyyənləşdirə bilməz. Əsas məsələ seçkilərin hansı şəraitdə keçirilməsi deyil, onların davamlı atəşkəsə və təhlükəsizlik təminatlarına əsaslanan siyasi razılaşmaya töhfə verib-verməyəcəyidir. Beləliklə də, seçkilər sülhə aparan mərhələyə çevrilə bilər, ancaq bunun üçün siyasi iradə, qarşılıqlı öhdəliklər və etibarlı təhlükəsizlik mexanizmləri zəruridir".
Zeynəb Həsən
17:00 19.10.2026
Oxunuş sayı: 95