“Yüksəliş” müsabiqəsi nəticəsində ən yaxşı iyirmi nəfər idarəçini ölkəmizə təqdim edəcəyik - Fərhad Hacıyev
“Yüksəliş” müsabiqəsinin artıq final mərhələsinə çatmışıq. On yeddi minə yaxın müraciət arasından aparılan seçim və imtahanların nəticəsində yüz otuz nəfər finalçı müəyyən etmişdik. Artıq bu gündən etibarən final mərhələsinə start verilib.
Crossmedia.az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində jurnalistlərə açıqlamasında “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O, qeyd edib ki, finalda, yüz otuz nəfər iştirakçı iştirak edir: “Biz inanırıq ki, müsabiqənin nəticəsində ən yaxşı iyirmi nəfər idarəçini ölkəmizə təqdim edəcəyik. Bu finalın formatı Qiymətləndirmə Konfransı (Assessment Center) formatıdır. Bu, hazırda dünyada peşəkar kadrların seçilməsi üzrə ən etibarlı üsullardan biri hesab olunur. Bizdə iştirakçıların qiymətləndirilməsi üçün əlli səkkiz nəfər ekspert seçilmişdir. Onlar üç günlük intensiv təlimlərdən keçmişlər. Ən mühüm məqamlardan biri də odur ki, təqdim olunan keyslər yerli ekspertlər, yerli mütəxəssislər tərəfindən hazırlanmış, onların uyğunluğu yoxlanılmış və hər bir keysdə Azərbaycan reallıqları nəzərə alınmışdır. Ümumiyyətlə, builki müsabiqə Memarlıq İlinə həsr olunmuşdur. Cənab Prezidentin müvafiq sərəncamı ilə bu il ölkəmizdə Memarlıq İli elan olunub. Müsabiqənin əsas mövzusu da Azərbaycanın memarlıq irsi, Azərbaycan memarlığı və bu istiqamətdə Cənab Prezidentin müəyyən etdiyi prioritetlərə həsr olunmuşdur. Buna görə də bizim əsas mövzumuz da bu olacaq. Bazar günü məhz bu keys üzərində yarış aparacağıq. İnanıram ki, çox maraqlı müzakirələr və təqdimatlar olacaq”.
Ayhan
16:50 17.07.2026
Oxunuş sayı: 49