Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilir
Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə xidmətlərinin göstərilməsini qadağan edən yeni qayda noyabrın 1-dən qüvvəyə minəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Kibertəhlükəsizlik Şurasının Rəyasət Heyəti tərəfindən hazırlanan qaydaya əsasən, sosial şəbəkə platformaları 15 yaşına çatmamış uşaqlara xidmət göstərə bilməyəcək. Tənzimləmənin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini gücləndirməkdir.
“CyberArts” şirkətinin baş direktoru Erdem Eriş bildirib ki, yaş məhdudiyyəti uşaqların şəxsi məlumatlarının qorunması və platformaların məsuliyyətinin artırılması baxımından mühüm addımdır.
Onun sözlərinə görə, uşaqlar internetdə yalnız uyğun olmayan məzmunla deyil, saxta tanışlıq profilləri, şəxsi məlumatların oğurlanması, dələduzluq, kiberzorakılıq və şantaj kimi təhlükələrlə də üzləşirlər. Süni intellekt isə bu cür təhdidlərin daha inandırıcı görünməsinə şərait yaradır. Məsələn, uşağın adi fotosu saxta intim görüntüyə çevrilərək şantaj məqsədilə istifadə oluna bilər.
Eriş vurğulayıb ki, uşaqların təhlükəsizliyi üçün yalnız ekran qarşısında keçirdikləri vaxt deyil, onların fotolarını, məktəb məlumatlarını və yerləşdikləri məkanı kimin görə bilməsi də vacibdir.
Ekspert yaşın yoxlanılması prosesində şəxsi məlumatların qorunmasının əsas şərtlərdən biri olduğunu qeyd edib. Onun fikrincə, platformalar yaş məhdudiyyətinə əməl olunduğunu təsdiqləmək üçün yalnız zəruri məlumatları əldə etməlidir. İstifadəçilərdən isə saxta “hesabınız bağlanacaq, yaşınızı təsdiqləyin” mesajlarına aarşı diqqətli olmaları, şübhəli keçidlər vasitəsilə parol və elektron hökumət hesabı məlumatlarını daxil etməmələri tələb olunur.
Sosial şəbəkələr üzrə ekspert və kommunikasiya məsləhətçisi Ümit Sanlav da qaydanın platformaların uşaqların təhlükəsizliyinə görə məsuliyyətini artırdığını bildirib. O, yaş yoxlaması ilə yanaşı, uşaqlara hansı məzmunun tövsiyə edildiyinə, həmin məzmuna kimin çıxış əldə edə bildiyinə və istifadəçiləri uzun müddət ekran qarşısında saxlayan dizayn elementlərinə də nəzarət edilməsinin vacibliyini vurğulayıb.
Sanlavın sözlərinə görə, ailələrin rəqəmsal savadlılığının artırılması, məktəblərdə təhlükəsiz internetlə bağlı maarifləndirmə və uşaqlarla açıq ünsiyyət bu prosesin ayrılmaz hissəsidir.
“Yaşıl Aypara”nın elmi şurasının üzvü, professor Şaziyə Sənəm Başgül isə sosial şəbəkələrdən intensiv istifadənin uşaqlarda diqqət problemlərinə, yaşıdları ilə münasibətlərin zəifləməsinə və asılılıq riskinin artmasına səbəb ola biləcəyini bildirib.
Başgül qeyd edib ki, yaş məhdudiyyəti təkbaşına kifayət deyil. Onun fikrincə, platformalar müstəqil auditdən keçməli, şəffaflıq hesabatları dərc etməli və uşaqlar üçün təhlükəsiz parametrləri standart olaraq aktivləşdirməlidir. Həmçinin uşaqlara davranışlarına əsaslanan hədəfli reklam və məzmun tövsiyələrinin göstərilməməsi, zərərli məzmuna operativ müdaxilə edilməsi vacibdir.
08:00 17.10.2026
Oxunuş sayı: 53