“Yüksəliş” uğurlu insanların müsabiqəsidir - Fərəh Əliyeva
“Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, uğurlu insanların müsabiqəsidir. Artıq həyatda uğur qazanmış, biliyi və bacarığı ilə öz həyat yolunu, karyerasını qurmuş, özü ilə eyni səviyyədə olan uğurlu insanlarla yarışan şəxsiyyətlərin bir araya gəldiyi platformadır".
Crossmedia.az xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva deyib.
O, qeyd edib ki, “Yüksəliş” müsabiqəsi başa çatdıqdan sonra bir çox iştirakçının yeni dostlar qazanması, yeni əlaqələr şəbəkəsi formalaşdırması bunun bariz nümunəsidir: “Burada bir şüar səsləndi. Bu, əslində, bütün yarışlarda və müsabiqələrdə deyilən bir ifadədir: “Qoy güclülər qalib gəlsin!” Bəs “Yüksəliş”də güclü olmaq nə deməkdir? Biz hansı güclülərin qalib gəlməsini gözləyirik? Əlbəttə, bilikli, bacarıqlı, öz işinin peşəkarı olan insanların. Amma eyni zamanda, “ən güclülər” deyəndə biz dövlətçiliyə sadiq olan, sağlam mənəvi dəyərlərə söykənən, məsuliyyəti yalnız özünə, ailəsinə və işinə deyil, həm də dövlətinə, xalqına, millətinə qarşı daşıyan insanları nəzərdə tuturuq".
Fərəh Əliyeva qeyd edib ki, iştirakçıların hamısının onun söylədiyi fikirlərə, dəyərlərə və meyarlara uyğun insanlar olduğuna əmindir: “Öz karyerasını, həyatını - həm maddi, həm də mənəvi rifahını – bütövlükdə “Hər şey Vətən üçün!”, “Öncə Vətən!” prinsipi ilə quran insanlar olmalısınız. Çünki bilməlisiniz ki, sizin həyatınızın mənası da, qazandığınız nailiyyətlər də Vətəninizin nailiyyətləridir. Vətəninizin nailiyyətləri sizin nailiyyətlərinizdir. Mən bu yolda hamınıza uğurlar arzulayıram. Arzu edirəm ki, finalda iştirakınızın nəticəsindən asılı olmayaraq, buradan dost kimi, yarışmanın nəticələrindən razı qalan insanlar kimi ayrılasınız".

Ayhan
16:40 17.07.2026
Oxunuş sayı: 46