Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib
İyulun 17-də Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.
Bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
Mərasimdə vurğulanıb ki, Azərbaycanın yüksəlişinin memarları-Ümummilli Lider Heydər Əliyev və Prezident cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji inkişaf yolu ölkəmizin müasir və qüdrətli dövlətə çevrilməsinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı möhkəm dövlətçilik təməlləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək ölkənin hərtərəfli inkişafına, şəhər və rayonların müasir simasının formalaşdırılmasına, milli memarlıq irsinin qorunmasına və gələcək nəsillər üçün dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir.
Finalçılar mərhələ ərzində “İdarəçi rollar modeli”nə uyğun hazırlanmış müxtəlif situasiya və tapşırıqları yerinə yetirməklə öz biliklərini, liderlik keyfiyyətlərini və idarəetmə bacarıqlarını nümayiş etdirəcəklər.
Ayhan
15:18 17.07.2026
Oxunuş sayı: 58