Şuşa Vaqif Poeziya Günlərinə ev sahibliyini davam etdirir
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Qazaxda start götürən Vaqif Poeziya Günləri Şuşada davam edir.
Crossmedia.az xəbər verir ki, poeziya bayramı çərçivəsində iyulun 17-də “Sözün aşığı, sazın aşiqi” adlı musiqili-ədəbi tədbir keçirilib.
Tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızı bu zəngin irsin daşıyıcısı olmağın böyük məsuliyyət olduğunu vurğulayaraq, ustad sənətkarın yaradıcılığını layiqincə təbliğ etməyə çalışdığını bildirib. O, müəllifi olduğu “Sazın, sözün aşiqi” və “Sarı köynək” kitabları haqqında da məlumat verib, uşaqlıq illərindən saz-söz mühitində böyüdüyünü diqqətə çatdırıb.
Aşıq Ələsgərin nəticəsi Zahid Göyçəli isə çıxışında Molla Pənah Vaqifin həyat və yaradıcılığının Qazax və Qarabağ dövrlərindən bəhs edib.
Tədbirin bədii hissəsində aşıqların ifasında Dədə Ələsgərin yaradıcılığı əsasında hazırlanmış musiqi nümunələri səsləndirilib.
14:36 17.07.2026
Oxunuş sayı: 49