Şuşa Dövlət Musiqili Dram Teatrında “Ağıldan kəm Jurden” tamaşası nümayiş olunacaq
10 iyul tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında rus yazıçısı Mixail Bulqakovun "Ağıldan kəm Jurden" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Bədii Şura üzvlərinin iştirakı ilə daxili baxış keçirildi.
Crossmedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, rəqslərin quruluşçusu Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Səhnə əsərində Əməkdar artist Nazir Rüstəmov (Əməkdar artist) (Lui Bejar - Cənab Jurden), Xanirə İsgəndərova (Yuber - Xanım Jurden), Sürahi Əlimmədova (Xanım Molyer - Lyusil), Emin Sevdiməliyev (Laqranj - Kleont), Mətanət Eres (Xanım Debri - Markiza Dorimena), Azər Məmmədov (Latorilyer - Markiz Dorant), Təranə Əliyeva (Xanım Boval - Nikol), Cavid Cavadzadə (Kovyel - Kovyel), Orxan Abışov (Cənab Debri - Qılınc təlimi müəllimi), Hamlet Qənbərov (Dü Kruazi - Pankras), Rəhimə Məmmədova (Teatr və musiqi müəllimi - dərzi), Dürdanə Dünyamalıyeva (Rəqs müəllimi - Notarius), Mobil Qurbanov (Brendavuan) çıxış edirdi.
M. Bulqakov Molyerin klassik süjetini qələmə aldığı “Ağıldan kəm Jurden” pyesinə olduğu kimi köçürməyib, ona özünəməxsus dramatik qat əlavə edib. Tamaşaçılar birbaşa Jurdenin hekayəsini deyil, Molyerin teatr truppasının bu pyesi necə məşq etdiyini və səhnələşdirdiyini izləyirlər. Burada aktyorların truppadaxili intriqaları, pərdə arxası həyatı və sənətkarın cəmiyyətlə mübarizəsi ön plana çəkilir. Tamaşa tamaşaçıya daxili və mənəvi boşluqları zahiri parıltı ilə doldurmaq istəyinin nə qədər absurd olduğunu anlamağa kömək edir.
Tamaşaya baxışdan sonra keçirilən müzakirə zamanı Bədii Şura üzvləri və Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova çıxış edərək tamaşa haqqında fikirlərini söylədilər. Sonda Bədii Şura tərəfindən tamaşa qəbul edildi və teatrın cari repertuarına salındı.
"Ağıldan kəm Jurden" tamaşasının premyerası 15 iyul 19:00 tarixində baş tutacaq.
19:20 11.07.2026
Oxunuş sayı: 115