Azərbaycan Kolumbiyada "ASAN xidmət" modelinin tətbiqinə dəstək göstərəcək
Azərbaycan Kolumbiyada "ASAN xidmət" modelinin tətbiqinə dəstək göstərəcək, kolumbiyalı dövlət qulluqçuları isə dövlət xidmətlərində innovasiyalar sahəsində təcrübə mübadiləsi proqramlarında iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Kolumbiyanın Milli Günü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Kolumbiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər dinamik şəkildə inkişaf etməkdə davam edir. Qarşılıqlı səfərlər və təmaslar ikitərəfli əməkdaşlığa əlavə təkan verib və siyasi dialoqun möhkəmlənməsinə töhfə verib.
Nazir müavini xatırladıb ki, bu ilin aprel ayında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin altıncı raundu keçirilib.
Rzayev, həmçinin parlamentlərarası əməkdaşlığın mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın Milli Məclisi və Kolumbiya Konqresi arasında qarşılıqlı əlaqə, eləcə də hər iki ölkədəki parlament dostluq qruplarının fəaliyyəti parlamentlərarası dialoqun dərinləşməsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir.
O əlavə edib ki, humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olaraq qalır. Azərbaycan və Kolumbiyada müntəzəm olaraq keçirilən mədəni tədbirlər və digər birgə təşəbbüslər xalqlara bir-birinin zəngin mədəni irsini daha yaxşı tanımağa kömək edir və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.
20:11 10.07.2026
Oxunuş sayı: 53