Bu çay Bakı və Moskva arasında razılaşma əsasında BÖLÜNDÜ
Azərbaycan və Rusiya Samur transsərhəd çayının su ehtiyatlarının idarə olunmasında növbəti mühüm addımı atıb. İyulun 9-da Qusar rayonunda keçirilən Azərbaycan–Rusiya Birgə Komissiyasının 29-cu iclasında su ehtiyatlarının bölüşdürülməsi, monitorinqi və Samur Hidroqovşağının birgə istismarı ilə bağlı məsələlər müzakirə olunub, yekun protokol imzalanıb. Samur çayı Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. Bu, təkcə şirin su qaynağı deyil, həm də sərhəd bölgəsindəki kənd təsərrüfatı, energetika və ekoloji təhlükəsizlik baxımından həssas məsələdir. İki ölkə arasında imzalanmış saziş çərçivəsində keçirilən bu iclas su resurslarının səmərəli və ədalətli istifadəsi istiqamətində konstruktiv əməkdaşlığın davamı kimi qiymətləndirilir.
Politoloq Azad
Məsiyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan xarici siyasətində qonşularla
dinc yanaşı yaşamaq prinsipinə hər zaman sadiqdir və bu münasibətlərin beynəlxalq
hüquq normaları çərçivəsində tənzimlənməsində maraqlıdır: “Azərbaycanın
qonşularından biri də Rusiyadır. Rusiya ölkəmizin əzəli və əbədi qonşusudur,
eyni zamanda dünya siyasətində söz sahibi olan dövlətlərdən biridir. Azərbaycan
ilə Rusiya arasında münasibətlərin daha da genişləndirilməsi və inkişaf
etdirilməsi məqsədilə 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti ilə
Rusiya Prezidenti arasında 43 maddədən ibarət Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə imzalanıb. Bu sənədin hər bir müddəası iki dövlət arasında
münasibətlərin inkişafına xidmət edir. Bu baxımdan Azərbaycan və Rusiya
arasında siyasi və iqtisadi əlaqələr davamlı şəkildə inkişaf edir. Bu münasibətlərin
mühüm istiqamətlərindən biri də sərhəd məsələləridir. Azərbaycan ilə Rusiya
arasında sərhədin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi prosesində hər hansı
ciddi problem mövcud deyil. Sadəcə, Samur çayı iki dövlət arasında sərhəd xətti
kimi qəbul edilir”.

Politoloq qeyd edib ki, tarixi sənədlərə və sovet dövrünə aid xəritələrə nəzər saldıqda Samur çayının Azərbaycan ərazisi kimi göstərildiyini görürük: “Samur çayı Azərbaycanın mühüm su ehtiyatlarından biridir. Bununla yanaşı, Azərbaycan və Rusiya arasında Samur çayından birgə istifadə ilə bağlı müəyyən razılaşmalar da mövcuddur. Lakin hesab edirəm ki, bu istiqamətdə hüquqi bazanın daha da təkmilləşdirilməsinə ehtiyac var. Ümumiyyətlə, dünyada şirin su ehtiyatları getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir. Azərbaycan üçün də əsas şirin su mənbələrindən biri məhz Samur çayıdır. Samur su kanalı vasitəsilə çayın suyu Azərbaycanın ərazisinə yönəldilir və kənd təsərrüfatında, xüsusilə suvarma məqsədilə geniş istifadə olunur. Ümumilikdə, Samur çayı Kür çayı ilə yanaşı Azərbaycanın ən mühüm su arteriyalarından hesab edilir. Azərbaycanın su təhlükəsizliyinin təmin olunması baxımından Samur çayından Rusiya ilə birgə və səmərəli istifadə məsələsi daim diqqətdə saxlanılmalıdır. Bunun üçün hər iki ölkənin müvafiq dövlət qurumları arasında mütəmadi müzakirələr aparılmalı, qarşılıqlı razılaşmalar əldə edilməli, çayın mühafizəsi və su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində hüquqi mexanizmlər daha da təkmilləşdirilməlidir. Hesab edirəm ki, hər iki dövlətin aidiyyəti qurumları Samur çayından birgə və səmərəli istifadə ilə bağlı yeni razılaşmalar əldə edəcəklər. Bu, həm su ehtiyatlarının qorunmasına, həm də gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısının alınmasına xidmət edəcək. Nəzərə almaq lazımdır ki, sovet dövrünə aid xəritələrdə də Samur çayı ilə bağlı mövcud vəziyyət öz əksini tapıb. Bu da məsələnin hüquqi və tarixi baxımdan əhəmiyyətini artırır. Hesab edirəm ki, qarşılıqlı anlaşma əsasında iki dövlət Samur çayından birgə istifadəni tənzimləyən sənədləri daha da təkmilləşdirəcək və bununla da gələcəkdə hər hansı problemin yaranmasının qarşısı alınacaq”.
Coğrafiya
elmləri doktoru Nəriman Paşayev isə açıqlamasında qeyd edib ki, Samur çayı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb
edən çaylardan biridir: "Çay sadəcə olaraq iki dövlətin sərhədindən keçir və Azərbaycan
ərazisindən axır. Ona görə də bu məsələdə Rusiya ilə ciddi problemimiz yoxdur.
Əksinə, bu məsələ hazırda bizim üçün olduqca vacibdir. Ona görə vacibdir ki, bütün
dünyada olduğu kimi, Azərbaycanda da qlobal istiləşmə prosesi gedir. Qlobal
istiləşmə isə su ehtiyatlarının getdikcə azalmasına səbəb olur. Məhz buna görə
Azərbaycan üçün su ehtiyatlarının qorunması və səmərəli idarə olunması xüsusi əhəmiyyət
daşıyır. Ölkədə həqiqətən də su çatışmazlığı problemi mövcuddur”.

N.Paşayev
qeyd edib ki, bu baxımdan həm Samur çayından, həm də digər transsərhəd
çaylardan səmərəli istifadə edilməlidir: “Azərbaycanın su ehtiyatları onsuz da
məhduddur və su çatışmazlığı problemi var. Buna görə də Samur çayından Rusiya
ilə birgə istifadə etmək ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Əslində, biz
artıq uzun illərdir bu sudan Rusiya ilə birgə istifadə edirik. Azərbaycan üçün əsas
üstünlük ondan ibarətdir ki, əldə olunan razılaşmalar nəticəsində ölkəmiz Samur
çayının suyundan bundan sonra da istifadə edəcək. Əslində, Azərbaycan indiyədək
də bu sudan istifadə edib və gələcəkdə də istifadə etməyə davam edəcək. Bu
baxımdan əldə olunan razılaşmalar ölkəmiz üçün müsbət və faydalıdır”.
Ayhan
17:00 10.07.2026
Oxunuş sayı: 54