Azərbaycan və Özbəkistan Xəzərdə donanma yaradır: Orta Dəhlizdə yeni mərhələ
Azərbaycan və Özbəkistan Xəzər dənizində strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. İki ölkə nəqliyyat infrastrukturu və dəniz logistikasının inkişafı istiqamətində birgə layihələri davam etdirərək, “Özbəkdəmiryolkarqo” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında birgə müəssisə yaratmaq planını həyata keçirir. Bu, Xəzər dənizində birgə donanma formalaşdırmaqla yanaşı, Orta dəhliz çərçivəsində yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Bu layihə sadəcə iki ölkə arasında ticarət əlaqələrini gücləndirmir, həm də Avrasiyanın şərq-qərb yük axınlarında Azərbaycanı və Özbəkistanı daha rəqabətqabiliyyətli oyunçuya çevirir.
Mövzu ilə
bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin
Muradlı qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi artıq passiv fazadan
aktiv fazaya keçib: “Çünki bu sahədə hazırda çox ciddi islahatlar həyata
keçirilir. Rəhbərlik dəyişdirilib və əminəm ki, bunun çox müsbət nəticələri
olacaq və olmalıdır da. Çünki hazırda Azərbaycanın ən böyük üstünlük verdiyi
istiqamətlərdən biri məhz nəqliyyat-logistika sahəsidir. Əgər biz bu sistemi bu
gün düzgün qura bilməsək, gələcək imkanlarımızı həmişəlik itirə bilərik. Özbəkistanın
bu sahədə kifayət qədər böyük təcrübəsi var. Azərbaycanın da təcrübəsi az
deyil. Bu potensialları qarşılıqlı şəkildə birləşdirdikdə, nəqliyyat-logistika
sahəsində hər iki ölkə üçün böyük fayda verəcək layihələr həyata keçirmək
mümkündür. Azərbaycan həm Avropa, həm də Asiya üçün mühüm nəqliyyat imkanları
yaradan ölkədir, logistik baxımdan strateji mövqeyə malikdir. Bu sahədə məsələlərin
düzgün tənzimlənməsi gələcək üçün çox böyük üstünlüklər qazandıracaq. Bu gün Şərq–Qərb
və Şimal–Cənub nəqliyyat dəhlizlərinin hər birinin perspektivinə baxdıqda
görürük ki, burada çox böyük imkanlar mövcuddur. Sadəcə, bu potensialı təkbaşına
reallaşdırmaq həm də mümkün deyil. Məhz buna görə də bəzi ölkələrlə birgə əməkdaşlıq
çərçivəsində işlər görülməlidir və Azərbaycan da hazırda məhz bu istiqamətdə
addımlar atır”.

Ekspert qeyd
edib ki, burada “güc birlikdədir” prinsipi ilə hərəkət edirik və bunun da müsbət
tərəfləri var: “Çünki müəyyən hədəflərə çatana qədər bu dəstəyə, bu əməkdaşlığa
ehtiyacımız var. Əminəm ki, tərəfdaş dövlətlərin topladığı təcrübə Azərbaycan
üçün də faydalı olacaq. Logistika və nəqliyyat planlamasını bu gün düzgün
qurmaq lazımdır. Çünki dünyanın yeni düzəni məhz indi formalaşır. Bu gün nəqliyyat-logistika
imkanlarını necə quracaq, onları necə dəyərləndirəcəyiksə, gələcək
perspektivimiz də məhz buna uyğun olacaq. Azərbaycanın Özbəkistan, Qazaxıstan,
Türkmənistan, qonşu İran, Gürcüstan və Rusiya ilə çox böyük nəqliyyat-logistika
imkanları mövcuddur. Bu imkanları mütləq dəyərləndirmək lazımdır. Lakin bunları
təkbaşına həyata keçirmək mümkün deyil. Birgə donanmanın yaradılması isə, təbii
ki, dəniz nəqliyyatının inkişafı baxımından çox böyük fayda verəcək. Xəzər dənizində
fəaliyyət göstərməklə məqsədimiz yalnız bu hövzə ilə məhdudlaşmaq deyil. Daha
böyük dənizlərə, okeanlara və beynəlxalq su yollarına çıxış imkanlarını genişləndirmək
lazımdır. Bu gün Azərbaycanın gəmiləri beynəlxalq sularda da fəaliyyət göstərir
və yalnız Xəzər dənizi ilə kifayətlənmir. Ona görə də bu imkanlar daha da
genişləndirilməlidir. Yeni donanmaların və yeni gəmilərin inşası vacib istiqamətlərdəndir.
Azərbaycanın gəmiqayırma sahəsində topladığı təcrübə və malik olduğu imkanlar
artıq digər ölkələrin də diqqətini cəlb edir. Onlar bu potensialı görür, dəyərləndirmək
istəyir və artıq dəyərləndirirlər də. Bunun Azərbaycan üçün heç bir mənfi tərəfi
yoxdur. Əksinə, çox böyük üstünlüklər yaradır. Əminəm ki, Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi bu istiqamətdə görülən işləri səmərəli şəkildə davam etdirəcək və nəticədə
Azərbaycan həm bu layihədən, həm də Özbəkistanla və digər tərəfdaş ölkələrlə əməkdaşlıqdan
böyük uğurlar əldə edəcək”.
Ayhan
16:00 10.07.2026
Oxunuş sayı: 51