Azərbaycan JF-17 "Block 3" qırıcılarını döyüş növbətçiliyinə daxil edib
Azərbaycan Hərbi Hava Qüvvələrinin Çin istehsalı olan JF-17 "Block 3" çoxməqsədli qırıcılarını silahlanmaya qəbul etdiyi rəsmi şəkildə təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı görüntülərdə iki JF-17 "Block 3" qırıcısının təlim uçuşları həyata keçirdiyi əks olunub. Bildirilir ki, təyyarələr Sumqayıt yaxınlığındakı Nasosnı (Nasosnaya) aviabazasından havaya qalxıb.
Məqalədə qeyd olunur ki, peyk görüntüləri aviabazada son dövrlərdə genişmiqyaslı modernləşdirmə işlərinin aparıldığını, o cümlədən 16 yeni təyyarə sığınacağının inşa edildiyini göstərir. Həmçinin bazada əlavə JF-17 qırıcılarının da müşahidə edildiyi vurğulanır.
Nəşr yazır ki, JF-17 "Block 3" qırıcılarının istismara verilməsi Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi baxımından mühüm mərhələ hesab olunur. İndiyədək Azərbaycanın döyüş aviasiyası əsasən sovet istehsalı olan MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələrinə əsaslanırdı.
Məlumata görə, Azərbaycan ümumilikdə 40 ədəd JF-17 qırıcısı əldə etməyi planlaşdırır. Layihənin ilkin dəyəri təxminən 1,6 milyard dollar olsa da, təyyarələr, təlim proqramı və digər avadanlıqları əhatə edən yekun paketin dəyərinin 4,6 milyard dollara çatdığı bildirilir.
Nəşr qeyd edir ki, JF-17 "Block 3" Çinin beşinci nəsil J-20 proqramında tətbiq olunan bir sıra texnologiyalardan istifadə edir. Təyyarədə aktiv elektron skanlamalı radar (AESA), müasir avionika, məlumat mübadilə sistemləri, dəbilqəyə inteqrasiya olunmuş nişangah və qabaqcıl kabinə avadanlıqları quraşdırılıb.
Bildirilib ki, qırıcı PL-15 uzaqmənzilli və PL-10 yaxın mənzilli "hava-hava" raketləri ilə silahlandırılıb. Military Watch Magazine bu raketlərin regiondakı analoji sistemlərlə müqayisədə yüksək döyüş imkanlarına malik olduğunu iddia edir.
Nəşr həmçinin vurğulayır ki, JF-17 "Block 3" və J-10C qırıcıları oxşar texnologiyalar əsasında hazırlanıb və Çin aviasiya sənayesinin yeni nəsil döyüş platformaları sırasında yer alır.
15:26 09.07.2026
Oxunuş sayı: 55