Qanunsuz tikililər sökülür - bu qanunsuzluğa icazə verənlərə nə olur?
Mütəmadi olaraq, demək olar hər ay mediada, sosial şəbəkələrdə belə xəbər yayılır: "qanunsuz tikinti dayandırıldı". Bu xəbər ilk oxunuşda insanlarda aqressiya yaradır. Bu aqressiya şəhərin tikintiyə qadağan olan ərazisində qanunsuz tikinti işi aparan insanlara qarşı olur. Lakin heç kim düşünmür ki, şəhərin tikintiyə icazə verilməyən ərazisində (bu ərazilər adətən şəhərin mərkəzi olur) o tikili necə müəyyən mərhələyə qədər inşa edilir? Həmin mərhələyə qədər icra orqanları, şəhər bələdiyyəsi harda idi? Artıq bu sualın cavabını axtarmaq vaxtıdır. Qanunsuzluğu törədən tək o tikintini aparanlardır yoxsa onlara dəstək verən qurumlar var? Həmin qurumları qanunvericilikdə hansı cəza tədbirləri gözləyir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquq elmləri doktoru Vüsalə Əhmədova qeyd edib ki, əgər tikili qanunsuz idisə, necə oldu ki, müəyyən mərhələyə qədər inşa edildi? "Həqiqətən də haqlı sualdır. Bunun iki cavabı ola bilər. Birincisi, nəzarət mexanizmləri vaxtında işləməyib, yəni, vəzifəli şəxslər öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, səhlənkarlıq göstəriblər. Çünki, tikinti prosesi bir gün ərzində başa gəlmir. Bu, mərhələli şəkildə həyata keçirilən və dövlət nəzarəti altında olmalı olan fəaliyyətdir. Belə olan halda, dövlət nəzarətinin effektivliyi ilə bağlı suallar yaranır. İkincisi isə, vəzifəli şəxslərin qanunsuz tikintiyə bilərəkdən şərait yaratması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və ya korrupsiya xarakterli hüquqazidd əməllərə yol verməsi ehtimalları mövcuddur. Düşünürəm ki, ikinci versiya daha ağlabatandır. Çünki, praktikada hər hansı şəxs icazəsiz olaraq bir neçə daş belə qoymağa cəhd etdikdə, aidiyyəti qurumlar qısa müddətdə müdaxilə edir. Bu səbəbdən birinci versiyanı istisna edirəm. Hər bir qanunsuz tikinti faktı üzrə, əsasən tikintinin uzun müddət davam etməsinə imkan yaradan nəzarət orqanları məsuliyyət daşıyır. Qanunsuz tikilinin sökülməsi vacib tədbirdir bunu anladıq, lakin bununla yanaşı, həmin tikintinin hansı səbəbdən vaxtında aşkar edilmədiyi, kimlərin buna göz yumduğu və ya qanunsuzluğa şərait yaratdığı da obyektiv araşdırılmalıdır. Vəzifəli şəxslərin qanunsuz tikintiyə bilərəkdən şərait yaratması, onların əməllərindən asılı olaraq intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur".

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsi "vəzifə səlahiyyətlərindən sui-istifadəni" nəzərdə tutur, hansı ki, cinayət məsuliyyəti yaradır. Həmçinin, məcəllənin 311-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxs qanunsuz tikintiyə göz yummaq və ya müdaxilə etməmək müqabilində hər hansı maddi nemət və ya üstünlük əldə edibsə, bu, birbaşa "rüşvət alma" cinayətinin tərkibidir. O cümlədən, 313-cü maddəyə müvafiq olaraq, tikinti ilə bağlı sənədlərə bilərəkdən yalan məlumatların daxil edilməsi, saxta sənədlərin rəsmiləşdirilməsi və ya qeyri-qanuni sənədləşdirmə halları "vəzifə saxtakarlığı" sayılır və cinayət məsuliyyəti yaradır. Burada, bir digər məqama da diqqət çəkmək istərdim. Vətəndaşa qanunsuz şəkildə tikintiyə icazə verilib və sonradan həmin qərar ləğv edilibsə, bu halda dövlətin mülki-hüquqi məsuliyyəti və zərərin ödənilməsi məsələsi gündəmə gələ bilər. Çünki, söhbət vətəndaşın dövlət orqanının rəsmi aktına etibar etməsindən gedir. Konkret işin hallarından asılı olaraq, səlahiyyətli orqanın vurulmuş zərərə görə kompensasiya ödəməsi məsələsinin müzakirə oluna biləcəyini də düşünürəm".
Ayhan
15:00 09.07.2026
Oxunuş sayı: 103