Qayınana-qayınata ilə yaşamaq ailəni dağıdır
Azərbaycanda yeni ailə quran cütlüklərin valideynlərlə birlikdə yaşaması zaman-zaman müzakirə olunan məsələlərdəndir. Bir tərəfdən bu, milli-mənəvi dəyərlərlə və valideynlərə qayğı göstərmək ənənəsi ilə əlaqələndirilir. Digər tərəfdən, eyni evdə bir neçə nəslin yaşaması şəxsi sərhədlərin pozulmasına və ailədaxili fikir ayrılıqlarına səbəb ola bilər. Xüsusilə qayınana və qayınatanın gənc cütlüyün həyatına həddindən artıq müdaxilə etməsi münasibətlərdə gərginliyi artıra bilər. Bu vəziyyət uzun müddət davam etdikdə tərəflər arasında münaqişələr dərinləşə və hətta boşanma təhlükəsi yarana bilər. Belə hallarda ailənin dağılmasının qarşısını almaq üçün ayrı yaşamaq alternativ çıxış yolu kimi qiymətləndirilir. Bəs valideynlərə hörmətlə yanaşı, gənc ailənin müstəqilliyini qorumaq mümkündürmü?
Crossmedia.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, Azərbaycanda ailədaxili münaqişələrin bir hissəsinin səbəbi cütlüklərin valideynlərlə birlikdə yaşamasıdır:
“Müşahidələrimə görə, Azərbaycanda ailədaxili münaqişələrin bir hissəsinin səbəbi cütlüklərin valideynlərlə yaşamasıdır. Valideynlərin, ata-ananın, qayınata və qayınananın yersiz müdaxilələri ailədaxili münaqişələrə səbəb olur. Bəzi cütlüklərdə bəy təkid edir ki, ailə qursa da, ata-anası ilə yaşayacaq və onların yersiz müdaxilələrini qəbul edir. Bu, səhvdir. Ailə qorunmalıdır. Əgər qayınata və qayınana yersiz müdaxilələrindən əl çəkə bilmirlərsə və bu, ailədə ciddi problemlərə səbəb olursa, cütlüklər ayrı yaşamalıdırlar. Xüsusilə yersiz müdaxilələr ailədaxili münaqişələrə və boşanmaya doğru aparırsa, cütlüklər dərhal ayrı yaşamaq qərarına gəlməlidirlər. Bizim milli-mənəvi dəyərlərimizdə gəlinin qayınata və qayınananın xidmətində olması, onlara qulluq etməsi ənənəsi var. Bu, bizim mədəniyyətimiz və dəyərlərimizdir. Amma qayınana gəlinlə, yaxud qayınata gəlinlə yola getmirsə, cütlüklər mütləq ayrı yaşamalıdırlar. Bunu bilməliyik. Nəyin bahasına olursa-olsun, Azərbaycanda ailə qorunmalıdır, boşanmalar olmamalıdır".
Sosioloq qeyd edib ki, yeni ailə quran cütlük qayınata və qayınananın bütün arzularını yerinə yetirməyə borclu deyil: "Əsas məsələ bəyin və xanımın, yəni yeni ailə quran iki insanın bir-birini sevməsidir. Əgər bir-birlərini sevirlərsə, ayrı yaşayıb öz həyatlarını qurmalıdırlar. Bu halda qayınata və qayınananın hörməti də daha yaxşı qorunmuş olar. Bəzən uzaqlıq dostluğa səbəb olur. Uzaq qalmaq münasibətlərdə dostluğu və mehribanlığı artıra bilər”.
Zeynəb Həsən
15:30 25.08.2026
Oxunuş sayı: 95