"Bakı–Daşkənd qardaşlığı QHT və media sahəsində də inkişaf etdirilməlidir" - Bəhruz Məmmədzadə
“Azərbaycan–Özbəkistan qardaşlığının QHT və media müstəvisində inkişafı
Azərbaycan və Özbəkistan arasındakı əbədi və sarsılmaz qardaşlıq münasibətləri yalnız iki dövlət arasındakı əməkdaşlıqla məhdudlaşmamalı, bu, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları (QHT) və media sahəsində də nümunəvi səviyyədə inkişaf etdirilməlidir”.
Crossmedia.az xəbər verir ki, bu fikirləri ˝Zefer.media˝-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə deyib.

“Bu qardaşlığın real və rəmzi nümunələrindən biri işğaldan azad olunmuş Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşa edilərək istifadəyə verilməsidir. 23 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva məktəbin açılış mərasimində iştirak ediblər. 960 şagird yerlik məktəb Özbəkistan Prezidenti tərəfindən özbək xalqı adından Füzuliyə hədiyyə edilib. Azərbaycan Prezidenti İlham Əliyev həmin məktəbi Özbəkistan–Azərbaycan dostluğunun və qardaşlığının mərkəzlərindən biri kimi qiymətləndirib.
Məhz sözügedən nümunə göstərir ki, dövlətlərarası münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqdan ibarət deyil. Qardaşlıq xalqların həyatına, təhsilinə, mədəniyyətinə və gələcək nəsillərinə birbaşa təsir edən layihələrlə daha da möhkəmlənir.
Eyni yanaşma QHT və media sahəsinə də tətbiq olunmalıdır. Son illərdə Azərbaycan və Özbəkistanın müxtəlif QHT nümayəndələri arasında keçirilən görüşlər, əməkdaşlıq forumları və qarşılıqlı səfərlər bu istiqamətdə mühüm addımlardır. Həmçinin bir sıra QHT və media qurumları iki qardaş ölkə arasında əlaqələrin genişləndirilməsi, xalqlarımızın bir-birini daha yaxından tanıması və ortaq dəyərlərin təbliği istiqamətində mühüm fəaliyyət göstərirlər”, – o qeyd edib.
Bəhruz Məmmədzadənin sözlərinə görə, fəaliyyət istiqamətindən asılı olmayaraq, bəhs edilən əməkdaşlığın daha sistemli və davamlı şəkildə genişləndirilməsinə ehtiyac var:
“QHT-lər arasında birgə layihələrin, media qurumları arasında tərəfdaşlıqların, jurnalist mübadilələrinin, ortaq sosial və mədəni layihələrin həyata keçirilməsi Azərbaycan–Özbəkistan qardaşlığının ictimai müstəvidə daha da möhkəmlənməsinə böyük töhfə verə bilər.
Xüsusilə gənclər, təhsil, mədəniyyət, informasiya, humanitar əməkdaşlıq və vətəndaş cəmiyyəti sahələrində birgə təşəbbüslərin artırılması olduqca vacibdir. Çünki dövlətlər arasında qurulan möhkəm münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri də xalqlar arasında birbaşa təmasların və qarşılıqlı etimadın gücləndirilməsidir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bu istiqamətdə inkişafı təkcə iki qardaş ölkənin maraqlarına xidmət etmir. Həmin əməkdaşlıq bütövlükdə Türk dünyasında həmrəyliyin, qarşılıqlı dəstəyin və ortaq dəyərlərin gücləndirilməsinə mühüm töhfə verə bilər.
Ona görə də, Azərbaycan və Özbəkistan arasında QHT və media əməkdaşlığının daha geniş platformaya çıxarılması, ortaq layihələrin sayının artırılması və birgə informasiya-mədəniyyət təşəbbüslərinin həyata keçirilməsi gələcək nəsillərə ötürüləcək qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Füzulidə Mirzə Uluqbəy adına məktəb necə ki, Azərbaycan–Özbəkistan qardaşlığının canlı nümunəsinə çevrilib, QHT və media sahəsində qurulan hər bir yeni əməkdaşlıq da bu qardaşlığın cəmiyyətlər arasında daha geniş yayılmasına və Türk dünyasının birliyinə xidmət edən mühüm addım ola bilər”.
19:23 25.08.2026
Oxunuş sayı: 43