Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dayanacağı olan Astara rayonunda fəaliyyətini uğurla davam etdirir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə “Gənclərlə, gənclər üçün” devizi altında 24-28 avqust tarixlərində Astara gənclərinin liderlik, şəxsi inkişaf və peşəyönümlü bacarıqlarının artırılmasına xidmət göstərəcək.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova və Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov açılış nitqi ilə çıxış edərək layihənin gənclərin intellektual və şəxsi inkişafının dəstəklənməsində, onların potensiallarının üzə çıxarılmasında mühüm rol oynadığını xüsusi vurğulayıblar.
Layihənin ilk günündə gənclər üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici sessiyalar təşkil olunub.
Gənclər 5 günlük zəngin proqram çərçivəsində "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Eyni zamanda gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunacaq. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim ediləcək. Günün sonunda proqram çərçivəsində təşkil olunan fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılacaqlar.
Xatırladaq ki, əsas əhatə dairəsi region gəncləri olan “Səyyar Gənclər Xidməti” layihəsinin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.
Xidmət iyun ayından etibarən Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı və Lənkəranda uğurla həyat keçirilib.
18:28 25.08.2026
Oxunuş sayı: 46