Azərbaycanda “uşaq analar”la bağlı VACİB XƏBƏR
Azərbaycanda 18 yaşadək ana olan qadınların sayında azalma qeydə alınıb. Rəsmi statistikaya görə, 2025-ci ildə 18 yaşı tamam olmayan 877 qadın ana olub. 2024-cü ildə isə bu rəqəm 1279 nəfər təşkil edib. Müşahidə edilən azalma maarifləndirmə proqramlarının işə yaradığını göstərir.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, hüquqi müstəvidə bu məsələnin tənzimlənməsi ilə bağlı müəyyən mexanizmlər tətbiq olunur:

“17 yaşla bağlı istisna aradan qaldırıldı. Əvvəllər belə bir istisna yaşı var idi və bundan sui-istifadə halları müşahidə olunurdu. Yaxın qohumlar arasında nikah məsələsinin də qadağan olunması ilə bağlı müvafiq tədbir görüldü. Bunların hamısı erkən nikah və erkən ana olma hallarının qarşısının alınmasına yönəlmiş tədbirlərdir. Hesab edirəm ki, bu tədbirlər artıq praktikada özünü göstərir. Nəticələr də özünü göstərir və buna yalnız sevinmək lazımdır ki, nəhayət, erkən nikaha daxilolma halları azalıb və 18 yaşdan aşağı ailə quranların sayı əvvəlki dövrlə müqayisədə azalıb. Bu, təqdirəlayiq haldır”.
Onun sözlərinə görə, həm hüquqi müstəvidə görülən tədbirlər, həm də sosial maarifləndirmə istiqamətində həyata keçirilən işlər bu nəticənin əldə olunmasına təsir göstərir. O, qeyd edib ki, artıq görülən tədbirlər öz nəticəsini verir: "Bu baxımdan, erkən nikah hallarının qarşısının alınması istiqamətində həm hüquqi tənzimləmələrin, həm də maarifləndirmə tədbirlərinin davam etdirilməsi vacibdir. Görülən bu işləri təqdirəlayiq tədbirlər kimi qiymətləndirmək olar".
Nuray Mehtiyeva
17:40 25.08.2026
Oxunuş sayı: 43