Özünü "ölü" göstərib ölməyənləri hansı cəza göstərir
Şəxsin məsuliyyətdən yayınmaq məqsədilə özünü ölmüş kimi göstərməsi və bu yolla dövlət orqanlarını yanıltması hüquqi məsuliyyət məsələsini gündəmə gətirir. Belə hallarda şəxsin məqsədi, təqdim etdiyi məlumatların xarakteri və bunun nəticəsində yaranan hüquqi və ya faktiki nəticələr mühüm əhəmiyyət daşıyır.
Özünü ölü kimi qələmə verib, xaricdə yaşamaq, məsuliyyətdən yayınmaq və dövləti aldatmaqdır. Bunun qanunda cəzası varmı? Varsa necə müəyyənləşdirilib?

Mövzu ilə bağlı hüquqşünas Vüsalə Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, Cinayət Məcəlləsində “özünü ölmüş kimi göstərmək” faktının özü ayrıca cinayət tərkibi kimi nəzərdə tutulmayıb: “Lakin bu hərəkət məsuliyyətdən yayınmaq məqsədilə dövlət orqanlarını qəsdən yanıltmaq, saxta sənədlər yaratmaq və ya istifadə etmək, əmlak və ya digər hüquqlar əldə etmək, yaxud artıq başlanmış cinayət təqibindən yayınmaq üçün həyata keçirilibsə, konkret şəraitdən asılı olaraq cinayət tərkibi yarada bilər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri olan əməl cinayət məsuliyyəti yaradır. Cinayət maddəsinin tərkibi müəyyən edilmirsə, cinayət məsuliyyəti yaranmır. Məsələn, şəxs sadəcə öz ölümünü imitasiya edib xaricə gedibsə, lakin heç bir rəsmi sənəd saxtalaşdırmayıb, dövlət orqanına saxta məlumat təqdim etməyib və bununla əmlak və ya başqa hüquq əldə etməyibsə, bu halda təkcə “ölmüş kimi yaşamaq” faktına görə avtomatik cinayət məsuliyyəti yaranmır. Məsələn, saxta tibbi sənəd, ölüm haqqında şəhadətnamə və ya digər rəsmi sənədlər hazırlanıbsa və ya istifadə olunubsa, həmin sənədlərlə bağlı ayrıca cinayət tərkibinin olub-olmaması araşdırılmalıdır”.
V.Əhmədova qeyd edib ki, ən mühüm məqam şəxs əvvəl cinayət törədib, sonra isə özünü ölmüş kimi göstərərək istintaqdan və ya məhkəmədən yayınmağa çalışıbsa, onun bu hərəkətinin əvvəlki cinayətdən ayrıca hüquqi qiymətləndirilməsi mümkündür: “Bu halda şəxs hər bir müvafiq cinayətə görə ayrıca məsuliyyət daşıyacaq. Bu səbəbdən “şəxs konkret olaraq hansı dövlət orqanını, hansı məlumatla, hansı üsulla, hansı məqsədlə aldadıb və bunun nəticəsində hansı hüquqi və ya faktiki nəticə yaranıb” kimi faktlar araşdırılmalıdır. Bu sualların cavabları olmadan konkret hüquqi məsuliyyət yaranıb-yaranmadığını demək olmaz”.
Zərnigar Hüseynli
17:00 25.08.2026
Oxunuş sayı: 49