Brüsseldə silahlı hücumlar artıb
Belçikanın paytaxtı Brüsseldə son günlər baş verən silahlı hücumlar narahatlığı artırıb. Şəhərin Sen-Jil (Saint-Gilles) kommunasında narkotik cinayətkarlığı ilə əlaqələndirilən atışmaların ardınca yerli hakimiyyət orqanları əlavə polis qüvvələrinin cəlb olunmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilib ki, bazar ertəsi axşamı Brüsselin Midi dəmir yolu stansiyası yaxınlığında silahlı şəxs avtomatik silahla atəş açıb. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib. Hücum edən şəxsin hadisə yerindən qaçdığı və çərşənbə axşamı səhərinə qədər saxlanılmadığı bildirilib.
Sen-Jil meri Jan Spinett hadisənin üçüncü gün ardıcıl baş verdiyini qeyd edib və əlavə dəstəyə ehtiyac olduğunu vurğulayıb.
“Birinci dəfə deyil ki, əlavə qüvvə istəyirəm. Üç ildir gücləndirmə tələb edirəm”, - deyə mer bildirib.
Məlumata görə, eyni ərazidə şənbə günü də silahlı hücum baş verib. Həmin hadisədə bir nəfər yaralanıb. Bazar günü səhər isə yaxınlıqda açılan atəş nəticəsində yaşayış binasının pəncərəsinə güllə dəyib. Bazar ertəsi baş verən son hücum zamanı yaxınlıqdakı pizzacıda olan müştərilər atəş səslərindən sonra yerə uzanmağa məcbur olublar.
Brüsseldə, xüsusilə də Midi stansiyası ətrafında narkotiklərlə bağlı zorakılıq uzun müddətdir ciddi problem olaraq qalır. 2024-cü ilin iyununda həmin ərazidə kafeyə “Kalaşnikov”larla atəş açılması nəticəsində iki nəfər ölmüş, üç nəfər yaralanmışdı. Hadisə narkotik ticarəti ilə əlaqələndirilmişdi.
Belçikanın daxili işlər naziri Bernar Kintin isə son hücumların narkotik cinayətkarlarının polis əməliyyatlarına cavabı olduğunu bildirib.
Nazirin sözlərinə görə, cinayətkar qruplar fəaliyyətlərinin qarşısının alınmasına görə təhdidlər səsləndirirlər və narkotiklərlə mübarizə davam etdirilməlidir.
Kintin Brüsselə artıq 77 əlavə polis əməkdaşının göndərildiyini, ehtiyac yaranacağı təqdirdə onların sayının artırılmasının nəzərdən keçirildiyini açıqlayıb.
“Politico”nun məlumatına görə, 2026-cı ildə Brüssel regionunda indiyədək ən azı 66 silahlı atışma qeydə alınıb.
17:17 25.08.2026
Oxunuş sayı: 44