Amerika borc içindədir: Bəs niyə çökmür?
Trilyonluq borclar və qlobal maliyyənin üzərində asılan nəhəng bir qılınc... Bu gün ABŞ-nin 40 trilyon dolları keçən dövlət borcu sadəcə bir borc yükü deyil, bütün dünya iqtisadiyyatının dayanıqlılıq imtahanıdır. Bir zamanlar "bir az da artsa, iqtisadiyyat çökər" deyilən nəzəriyyələr çoxdan tarixə qovuşub; Vaşinqton artıq borcu idarə etmir, onu bir geostrateji güc mexanizminə çevirir.
Vaxtilə SSRİ-ni hərbi xərclər, "Ulduz müharibələri" və ucuz neftlə diz çökdürən bu sistem, bu gün Çinin qızıl həmləsi və qlobal "dollarsızlaşma" dalğası ilə üz-üzədir. Bəs borcu ÜDM-dən 120% çox olan bir imperiya hələ də necə ayaqda qalır?

Bu böyük maliyyə xaosunun və inflyasiya təzyiqlərinin fonunda isə xarici borcunu ÜDM-in 6%-inə qədər endirən Azərbaycanın praqmatik maliyyə modeli diqqət çəkir. Dünyanı silkələyən bu trilyonluq borc çarxını və ölkəmizin maliyyə qalxanını birlikdə təhlil edirik. Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış (III, IV, V, VI) deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib. O, ilk olaraq öz təcrübəsini bölüşüb.
"1982-ci ilin ikinci yarısında mən Kiyev Dövlət (RED: indiki Milli) Universitetinin tələbəsi idim və ikinci kursda biz bir elmi referat yazmalı idik. O vaxtlar hər kursda bir-iki elmi referat yazılırdı. Elmi rəhbərim o dövrün aparıcı professorlarından biri idi.
Nəyə görə məhz bundan başlayıram? Ona görə ki, mənim mövzum ABŞ-nin ümumi dövlət borcu haqqında idi. O vaxt ABŞ-nin dövlət borcu təxminən 1 trilyon dolları keçmişdi. Elmi rəhbərim mənə dedi ki, referatın sonunda rezüme kimi qeyd edə bilərsən ki, borc 2 trilyon dolları keçən kimi Amerikanın iqtisadiyyatı çökəcək. Bu gün rəqəm 40 trilyon dolları keçib və təbii ki, dünyanın ən inkişaf etmiş ölkəsi, ən nəhəng iqtisadiyyatı böyük problemlərlə üz-üzə qalır.
Amma borc elmi rəhbərimin dediyi rəqəmdən borc 20 dəfə çox artıb, üstəlik, proses sürətlənib. Bu gün sizə deyim ki, o borcu qaytarmaq haqqında Amerikanın rəhbərliyi — istər siyasi, istər iqtisadi elita olsun — heç düşünmürlər də, düşünə də bilməzlər. Çünki bu artıq mümkün deyil. Bu borc artıq Amerikanın ümumi daxili məhsulundan 1,2 dəfə çoxdur, yəni ən azı 20, hətta 25 faiz ondan yüksəkdir. Bunlar real rəqəmlərdir və borcu qaytarmaq mümkün olmayacaq".
Professor qeyd edib ki, bu borcun idarə olunması üçün, yəni onun faizlərini və dividendlərini ödəmək üçün keçən ildən etibarən ABŞ büdcəsindən 1 trilyon dollardan artıq pul xərclənir.
"Düşünürəm ki, bu il bu rəqəm artıq 1,5 trilyonu keçəcək, bəlkə də 2 trilyon dollara bərabər olacaq.
Onu da qeyd etmək istəyirəm ki, son 12 ildə borcun artma tempi hər il təxminən 1 trilyon dollar təşkil edirdi. Rəqəmlərə fikir verin, görün necə bir mənzərədir! İndi istəyirəm ki, bir az da bunun tarixinə toxunum. Bu borc havadan yaranmadı, bunun bəzi vacib məqamlarını da diqqətinizə çatdıracam.
Tarixən maraqlı bir faktı qeyd edim. 1 trilyonluq həddi 1982-ci maliyyə ilinə aid etsək, ABŞ-nin dövlət borcunun 1 trilyon dolları keçməsi üçün, yəni bu borcun yaranması üçün 206 il vaxt keçdi — 1776-cı ildən 1982-ci ilə qədər. Bu borcun kifayət qədər sürətlə artması məhz Ronald Reyqanın prezidentliyi dövrünə təsadüf etdi.

Burada bunun səbəblərinə qısaca toxunmaq istərdim. Ronald Reyqan prezident seçiləndə qarşısına müəyyən bir məqsəd qoymuşdu. Ümumiyyətlə, o vaxt iki nəhəng superdövlət var idi: biri ABŞ, digəri isə SSRİ. Təxminən 1947-ci ildən etibarən Amerikanın hakimiyyəti və meşşanlığı/estableşmenti SSRİ-ni bir dövlət kimi iflasa uğratmaq, onu çökdürmək istəyirdi. Təbii ki, bu istiqamətdə bir çox addımlar atılmışdı. Etnik problemlər yaratmaq, SSRİ əhalisinin tərkibində Kommunist Partiyasının siyasətindən narazı olan insanları, yəni dissidentləri axtarıb tapmaq kimi üsullardan istifadə olunurdu. Onlara müəyyən formalarda, o cümlədən maliyyə cəhətdən köməklik göstərilirdi, kitablarının Qərbdə çap olunmasına şərait yaradılırdı. Bütün bu addımlar SSRİ-nin, onun iqtisadiyyatının laxlardılması və nəticədə dağılması üçün böyük zəmin yaratmaq məqsədi daşıyırdı.
Qeyd edim ki, bu addımların heç biri böyük uğurla həyata keçirilə bilmədi. Hətta o vaxtlar yadımdadır ki, "Azadlıq Radiosu", "Azad Avropa Radiosu" və bunlara bənzər 300-ə yaxın müxtəlif mərkəzlər var idi. Onlar media və informasiya vasitəsilə SSRİ-də kifayət qədər problem yaratmaq istəyirdilər. Mən buna çox vaxt ayırmaq istəmirəm; çünki bunlar da elə bir böyük kömək etmədi.
Reyqanın seçkisi ərəfəsində gələn prezidentlərin qarşısında tək bir böyük məqsəd var idi: SSRİ dağılmalıdır. Bunun üçün Reyqan tamamilə başqa bir metodologiya və fəlsəfədən istifadə etməyə başladı.
Birincisi, hərbi xərclərin artırılması. Amerika öz hərbi xərclərini artırmaqla SSRİ-ni də hərbi xərclərini sürətlə artırmağa məcbur edirdi. İnsanların yadındadır ki, 1979-cu ildə artıq SSRİ Əfqanıstanda hərbi əməliyyat keçirərək oradakı hakimiyyəti devirmiş və başqa bir rəhbərlik gətirmişdi. Orada həqiqi bir müharibə başladı. 1979-cu illərdə müharibə o qədər qızğın olmasa da, 1981-ci ilin ortalarından etibarən SSRİ-nin orada kifayət qədər itkiləri başladı. Müharibə aparmaq üçün kifayət qədər xərc tələb olunurdu: hərbi xərclər, dəstək xərcləri, maliyyə və iqtisadi köməklər. Bir rəqəmi də deyim ki, Sovet dönəmində 10 il ərzində Əfqanıstanda 300-ə yaxın nəhəng zavod və fabrik tikilmişdi. Təbii ki, bu, SSRİ büdcəsinin hesabına edilirdi və Əfqanıstan hakimiyyətinə öz xalqını idarə etməkdə kömək etməli idi. Amma sonunda gördük ki, bu da kömək etmədi, xərclər isə öz yerində qaldı, yəni itki oldu.
İkincisi, SSRİ o vaxt məcburiyyət qarşısında yenə də Amerikayla kəllə-kəlləyə gəlmişdi, çünki bu, tam ideoloji və geostrateji bir məsələ idi. Biz məcbur idik ki, sosialist yolu ilə gedən bütün ölkələrə və hakimiyyətlərə maddi, iqtisadi və maliyyə dəstəyi verək. Burada bir məsələyə toxunmaq istəyirəm. Məsələn, Kubanın özü ilə bağlı bir rəqəm var idi: SSRİ-nin Kubadakı səfiri Kiyev Dövlət Universitetinə gəlmişdi və bizə iki saat mühazirə oxudu. Orada belə bir sual verildi ki, bir gün Kuba SSRİ büdcəsi üçün 1 milyon qızıl rubl demək idi. Qızıl rubl süni bir valyuta idi və alıcılıq qabiliyyətinə görə təxminən 1 dollara bərabər tutulurdu. Bu o demək idi ki, SSRİ hər gün Kubaya 1 milyon dollarlıq kömək edirdi. Burada həm birbaşa yardımlar edilirdi, həm də Kubadan ən çox istehsal olunan şəkər baha qiymətə alınır, başqa ölkələrə ucuz qiymətə satılırdı. Aradakı fərqi isə SSRİ o vaxt büdcədən bağlayırdı. Bu da, təbii ki, aparılan siyasətin bir hissəsi idi. Amerikanın başladığı Strateji Müdafiə Təşəbbüsü (SDI / "Ulduz müharibələri") proqramı SSRİ-ni məcbur etmişdi ki, kosmosdan SSRİ-nin və onun dost ölkələrinin vurulmasının qarşısını almaq üçün yüz milyonlarla vəsait xərcləsin. "Sonradan bəlli oldu ki, bu da bir oyun idi və bu oyunun nəticəsində SSRİ-nin milyardlarla vəsaiti xərcləndi, lakin heç bir faydası olmadı".
Müsahibimiz qeyd edib ki, növbəti məqam o vaxt SSRİ-nin beynəlxalq bazardan ən böyük qazancı neft və qaz satışı idi: "Yadımdadır, o illərdə (RED: 1977-1980) neftin bir barreli 25–30 dollar çərçivəsində idi. Hərdən aşağı düşsə də, 30 dollara qədər çatırırdı. Reyqanın siyasəti nəticəsində neftin bir barrelinin qiymətinin 10–11 dollara salınması SSRİ-nin valyuta qazancının təxminən 65–70%-nin enməsinə gətirib çıxardı. Bu da böyük bir iqtisadi problem yaratdı.

Təbii ki, Amerikanın özünün belə bir siyasət aparması və müttəfiqi olan ölkələri dəstəkləməsi üçün hər ölkəyə yüz milyonlarla dollar vəsait xərclənirdi. Burada SSRİ ilə Amerika arasında böyük bir rəqabət var idi: istənilən qitədə iqtisadi və maliyyə müharibəsi gedirdi. Bu yardımlar istər mülki, istər hərbi sahədə olsun — sursatların çatdırılması, hədiyyə edilməsi və ya guya kredit şəklində verilməsi ilə həyata keçirilirdi. Bu kreditlərin heç biri nə Amerika, nə də SSRİ iqtisadiyyatına geri qayıtmadı.
Bütün bunların nəticəsində, təbii ki, Amerika iqtisadiyyatı da buna dözmürdü. Makroiqtisadi göstərici ondan ibarətdir ki, əgər xərc gəliri üstələyirsə, ölkə məcburdur ki, ya xaricdən borc və kredit götürsün, ya da daxili borclanma yaratsın. Başqa yolları da var — məsələn, ən qeyri-populyar yol olan emissiya vasitəsilə pul kütləsini artırmaq və inflyasiya yaratmaq. Ona görə də Amerikanın özündə də kütləvi şəkildə borclanma siyasətinə başladılar".
İqtisadçı-alim onu da vurğulayıb ki, borclanma dünyada 193 ölkənin ümumi böyük problemidir: "Sözün qısası, bu borc arta-arta gəldi və bu gün artıq Amerikanın ümumi borcu 40 trilyon dolları keçdi. Bu, nəhəng və qorxuducu bir rəqəmdir. Bu borcu idarə etmək üçün artıq Amerika büdcəsindən böyük vəsait faizlərin ödənilməsinə gedəcək. Bu borclar əsasən qiymətli kağızlar, istiqrazlar və borc sənədləridir (1 illik, 5 illik, 10 illik). Bu sənədlərin öz dəyəri və faizləri var. Faizlər vaxtında ödənilməlidir, əks halda Amerikanın özündə böyük iqtisadi problemlər başlaya bilər. Bu borc məsələsini çox uzatmaq istəmirəm, amma artıq bunu Amerikanın özündə də böyük bir təhlükə sayırlar. Düzdür, bununla hələ ki heç nə edə bilmirlər.
Bu gün dünyada SSRİ olmasa da, Amerika Rusiya ilə iqtisadi və maliyyə mübarizəsini davam etdirir. Bundan başqa, ən böyük problem bu gün ikinci böyük iqtisadiyyat olan Çinlə yaşanır. Çin artım tempinə görə Amerikadan daha sürətlə inkişaf edir və iqtisadiyyatını daha effektiv qurur. Trampın qayıdışı ilə Avropa ilə də başqa bir problem başladı; Trampın siyasətinin nəticəsində Avropanın özü ilə də iqtisadi və maliyyə çətinlikləri yaranıb.
Amerika üçün ən böyük problem nə ola bilər? Bu problem artıq başlayıb. Çünki əlində Amerikanın qiymətli kağızları olan ölkələr kifayət qədərdir: Yaponiya, Çin, Avropa ölkələri, Kanada və s. Adətən istənilən ölkə öz qızıl-valyuta ehtiyatlarında müəyyən qədər Amerikanın qiymətli kağızlarını saxlayır. Əgər bu aktivləri dünya bazarına çıxarıb satmağa başlasalar — ki bu proses artıq başlayıb, Çin kifayət qədər aktivi sataraq qızıla çevirib — böyük təhlükə yaranar. Bəzi Avropa ölkələri və Avropa İttifaqı da beynəlxalq aktivlərini ABŞ qiymətli kağızlarından çıxarıb dərhal qızıla çevirirlər. Qızılın saxlanma yeri isə milli ölkələrin özüdür (məsələn, Böyük Britaniya aldığı qızılı Londonda, Avropa İttifaqı isə Brüsseldə saxlayır).
Bu nəyə gətirib çıxarır? Qızılın qiymətinin artması barədə biz keçən ilin son aylarında da deyirdik. Bu günlərdə qiymət çox şiddətli artmasa da, yenə də enmir. Bu da Amerika iqtisadiyyatına təhlükə yaradır. Bizi oxuyanlara çatdırmaq istərdim ki, Amerikanın iqtisadiyyatında yaranan problemlər tez və ya gec zəncirvari formada bütün iqtisadiyyatlara təsir edir. Bir faktı da deyim: bu gün dünyəvi maliyyə tranzaksiyalarının 62–63%-i Amerika dolları ilə aparılır. Təsəvvür edin, bir ölkənin valyutası qlobal əməliyyatların yarıdan çoxunda işlənir. Beynəlxalq birjalara baxın, əksəriyyətində qiymətlər Amerika dolları ilə verilir, hesablanır və ölçülür. Amerikada maliyyə sabitliyi qorunmasa, bunun əks-sədası bütün dünyaya yayılacaq. Bundan bəlkə 3–5 ölkə udacaq, amma qalan 185 ölkə ziyan çəkəcək".
Professorun sözlərinə görə, istənilən ölkə üçün dövlət borcunun artması təhlükədir, lakin inkişaf etmiş ölkələrdə bu artıq bir ənənə halını alıb: "Bunun nəticəsində dünya iqtisadiyyatı sarsıla bilər. Necə ki keçən əsrin sonunda və 2008-ci ildə Amerikada yaranan iqtisadi böhran birbaşa bütün ölkələrin iqtisadiyyatına təsir etdi və onları sarsıtdı. Bundan ən çox itirən orta təbəqə, imkansız insanlar və ümumilikdə xalq olur. Varlı adamlar daha da varlanır, supervarlılar var-dövlətini artırır, lakin əhalinin tərkibində orta təbəqənin nisbəti azalır. Orta sinif isə istənilən ölkədə iqtisadiyyatın və siyasətin əsas sütunudur.
Ona görə də bir çox Qərb ölkələrində, xüsusən də prosesin sürətlə getdiyi Avropada yaranan iqtisadi problemlər orta təbəqəyə vurur, işsizliyi artırır, iqtisadi inkişafın qarşısını alır, inflyasiyaya təkan verir və onun qarşısını almaq çətinləşir. Sonda bu zəncirvari problemlər sadə insanların üzərində qalır.
Sonda ənənəvi olaraq Azərbaycanda aparılan maliyyə nizam-intizamı barədə fikirlərimi bölüşmək istəyirəm. Bunu əvvəlki analitikalarımda da qeyd etmişəm. Bir alim, bir vətəndaş və ziyalı kimi Azərbaycandakı bu maliyyə nizam-intizamını tam dəstəkləyirəm. Bildiyiniz kimi, biz dünyada bəlkə də ilk üçlükdəyik ki, ümumi dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətini təxminən 17%-ə qədər endirə bilmişik. Təsəvvür edin, BMT ekspertləri hesab edirlər ki, bu nisbət hətta 60% olsa belə ölkə iqtisadiyyatı üçün böyük problem yaratmır. Amma mən düşünürəm ki, böyük borclar gələcək nəsillərin üzərinə düşür və yeni doğulan nəsillər gələcəkdə bunun ağırlığını hiss edirlər. Bu, Qərb ölkələri üçün böyük bir problemə çevriləcək. Biz isə bu məsələni çox praqmatik və düşünülmüş yolla həll edirik.
Dövlət borcunun ən təhlükəli hissəsi xarici borcdur. Biz xarici borcumuzu artıq azaldaraq ÜDM-in 6%-i civarına salmışıq. Həmin 17%-lik ümumi borcun böyük hissəsi daxili borclanmadır. Dövlətin siyasəti xarici borclanmanı azaltmaq, daxili borclanma hesabına iqtisadi inkişafı təmin etməkdən ibarətdir. Bu, tamamilə düzgün və düşünülmüş siyasətdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın bu gün ÜDM həcmində qızıl-valyuta ehtiyatları var. Sevindirici hal odur ki, qızıl-valyuta ehtiyatlarımız ümumi borcumuzu 6–7 dəfə tam qaytarmağa imkan verir.
Sonda vurğulamaq istərdim ki, Amerika iqtisadiyyatının yaxın illərdə çökməsi mümkün deyil. Düşünürəm ki, Amerika hələ 2040–2045-ci illərə qədər öz fəaliyyətini bu formada davam etdirəcək. Çətinliyə düşəndə gördük ki, Amerika "Venesuela variantına" keçir: oradakı hakimiyyəti devirir, neftini ələ keçirir (Venesuela neft yataqlarına görə dünyada birinci yerdədir, nefti çox keyfiyyətli olmasa da). Görürsünüz ki, bu gün dünyada gedən müharibə və savaşların kökündə iqtisadi və maliyyə maraqları dayanır. Heç kim düşünməsin ki, burada yalnız hansısa başqa patriotik məqamlar var. Torpaqları qaytarmaq ayrı məsələdir — Azərbaycan öz torpaqlarını qaytardı, bu bizim borcumuz idi və Cənab Prezidentin siyasəti nəticəsində biz bunu etdik. Biz öz ölkəmizi, torpaqlarımızı özümüz idarə edirik və edəcəyik.
Amma dünyada gedən proseslərə baxanda — istər Amerikanın İranla münaqişəsi, istər İsrailin bu müharibədəki maraqları, istər Rusiya ilə Qərb arasında Ukraynada gedən müharibə olsun — hamısının kökündə dövlətlərin yox, onları idarə edən estableşmentin, yəni maliyyə nəhənglərinin iqtisadi maraqları dayanır.
Biz Azərbaycan hakimiyyətinin apardığı siyasətə inanırıq. Gələcəyə olan gözləntilərimiz və proqnozlarımız pozitivdir. Arxayın ola bilərik ki, gələcək nəsillərə böyük maliyyə borcları qalmayacaq. İstənilən dövlət daxili və ya xarici borclanmaya gedir; bu barədə əvvəlki analitikalarımızda kifayət qədər danışmışıq. Maraqlananlar arxiv yazılara daxil olub baxa bilərlər. Hazırkı ABŞ prezidenti Donald Trampın siyasəti özü kimi zəngin iş adamlarını siyasətə cəlb etməkdir. Bu borclardan qurtulmaq üçün müsbət imkan kimi görünür".
Turqut Ansari
16:35 25.08.2026
Oxunuş sayı: 50