Danimarka Baş nazirinə gözəllik məsləhəti: O isə belə cavab verdi
Danimarkanın Baş naziri Mette Frederiksen Kiyevdə səfərdə olarkən tanınmış qadınların görünüşü ilə bağlı cəmiyyətin təzyiqlərini tənqid edib və öz görünüşünü olduğu kimi qəbul etməyin vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb. Frederiksen Ukraynaya səfərindən qayıtdıqdan sonra sosial şəbəkədə bir plastik cərrahın ona etdiyi arzuolunmaz kosmetik təklifə cavab verib. Həkim baş nazirin burnundakı kiçik bir ləkəni “düzəldə biləcəyini” bildirib. Baş nazir bu təkliflə razılaşmayaraq görünüşündən məmnun olduğunu ifadə edib. O, ictimaiyyət qarşısında olan qadınların illər ərzində xarici görünüşləri ilə bağlı çoxsaylı şərhlərə məruz qaldığını qeyd edib. Frederiksen öz görünüşü ilə bağlı daha əvvəl dişləri, saçları və burnundakı ləkə barədə də müxtəlif fikirlər eşitdiyini bildirib. Danimarkanın baş naziri qadınların xarici görünüşlərinin deyil, fəaliyyətlərinin və ictimaiyyətə verdikləri töhfələrin daha çox diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb. O, digər qadınları da özlərini olduqları kimi qəbul etməyə və cəmiyyətdə formalaşmış zahiri görünüş təzyiqlərinə həddindən artıq əhəmiyyət verməməyə çağırıb.
16:08 25.08.2026
Oxunuş sayı: 46