Yeni göz xəstəliyi yaranıb — TƏFƏRRÜAT
Beynəlxalq alimlər qrupu görmə qabiliyyətinə tədricən təsir edən yeni genetik göz xəstəliyi müəyyən edib. Xəstəlik uzun müddət mərkəzi görməni qorusa da, insanın gecə və yan tərəfləri görmə qabiliyyətini zəiflədə bilər.
Crossmedia.az xəbər verir ki, Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimlərinin də iştirak etdiyi tədqiqatda xəstəliyin EFEMP1 genindəki spesifik dəyişikliklə əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatçılar xəstəliyin əsas xüsusiyyətlərini müxtəlif ölkələrdə yaşayan ailələr üzərində araşdırıblar. Məlum olub ki, bu genetik dəyişiklik torlu qişanın kənar hissələrində tədricən zədələnməyə səbəb olur.
Xəstəliyin ilkin əlamətləri arasında qaranlıq mühitə uyğunlaşmaqda çətinlik, gecə görməsinin zəifləməsi və görmə sahəsinin kənar hissələrindəki obyektləri seçməkdə problemlər var.
Araşdırmanın ən maraqlı nəticəsi isə xəstəliyin torlu qişada nəzərəçarpan struktur zədələnməsi yaranmazdan əvvəl müəyyən edilə bilməsidir. Alimlər işığa həssas çubuq hüceyrələrinin qaranlığa keçdikdən sonra normal fəaliyyətini bərpa etməsinin daha uzun çəkdiyini müşahidə ediblər.
Bu xüsusiyyət gələcəkdə xəstəliyin erkən aşkarlanması üçün mühüm diaqnostik göstəriciyə çevrilə bilər.
Tədqiqatın nəticələri JAMA Ophthalmology jurnalında dərc olunub. Alimlər xəstəliyin nə qədər geniş yayıldığını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
08:17 25.11.2026
Oxunuş sayı: 95