Baş Prokurorluq və AQTA-dan “Giləzi-Quşçuluq”la bağlı birgə açıqlama
Xızı rayonunda yerləşən “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-də 400 tondan artıq yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan toyuq əti məhsullarının satış məqsədilə saxlanılması faktı ilə bağlı üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Crossmedia.az xəbər verir ki, Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə birgə məlumat yayıb.
Bildirilib ki, AQTA tərəfindən müəssisənin anbarlarında yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə edilən toyuq əti məhsulları aşkarlanıb.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Araşdırmalar zamanı müəssisəyə faktiki rəhbərlik edən Mahir Mirzəyevin, direktor Elşən Usubovun və kəsim sexinin müdiri Nazim Məmmədovun qabaqcadan əlbir olaraq 400 tondan artıq təhlükəli toyuq əti məhsulunu yararlı məhsullarla birlikdə satış məqsədilə saxlamaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Mahir Mirzəyev təşkilatçı qismində, Elşən Usubov və Nazim Məmmədov isə Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Həmin maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının satış məqsədilə saxlanmasını, eləcə də ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutur.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.
Baş Prokurorluqdan bildirilib ki, cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
10:29 25.11.2026
Oxunuş sayı: 42