Tramp İrana qarşı “iqtisadi D-Day” elan etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp İranı iqtisadi cəhətdən təcrid etmək üçün indiyədək görülməmiş miqyasda təzyiq kampaniyasına başlayacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Tramp İranla müharibənin altı aya yaxınlaşdığı və Hörmüz boğazının açılması ilə bağlı razılaşmada irəliləyiş olmadığı bir vaxtda “iqtisadi D-Day” adlandırdığı əməliyyatı gündəmə gətirib. O, bunun hər hansı ölkəyə qarşı indiyədək həyata keçirilmiş “ən dağıdıcı iqtisadi əməliyyat” olacağını bildirib.
ABŞ Prezidenti İranla biznes əlaqələri saxlayan ölkələrə və şirkətlərə də ciddi iqtisadi nəticələrlə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib. Tramp xüsusilə neft qaçaqmalçılığı, maliyyə əməliyyatları, pul köçürmələri və İranla əlaqəli gəmiçilik şəbəkələrinin hədəf alınacağını vurğulayıb.
Məlumata görə, ABŞ administrasiyası İranın iqtisadi təcridini gücləndirmək üçün müttəfiqlərindən də dəstək istəyir. Birləşmiş Ərəb Əmirlikləri isə ABŞ-nin təzyiqlərindən sonra İranla maliyyə və iqtisadi əməliyyatları dayandırdığını açıqlayıb.
17:20 25.08.2026
Oxunuş sayı: 44