Səndəmi, Tramp?!- ABŞ Ukraynanı güzəştə məcbur edir- MÜSAHİBƏ
ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyi ilə bağlı açıqlamaları Vaşinqton–Kiyev münasibətlərində yeni müzakirələrə yol açıb. Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt ritorikası, eləcə də Rusiya ilə dialoqu genişləndirmək cəhdləri müharibənin gələcəyi ilə bağlı sualları artırır. Xüsusilə seçkilər məsələsinin gündəmə gətirilməsi, Ukraynaya hərbi dəstəyin gələcəyi və ərazi güzəştləri ilə bağlı müzakirələr prosesin siyasi və diplomatik ölçülərini daha da mürəkkəbləşdirir. Digər tərəfdən, ABŞ və Avropa arasında Ukrayna müharibəsinə yanaşma ilə bağlı fikir ayrılıqlarının dərinləşməsi təhlükəsizlik arxitekturasının gələcəyini də sual altına qoyur. Bəs Trampın son açıqlamalarının arxasında hansı siyasi və geosiyasi məqsədlər dayanır və bu proses Ukraynanın gələcəyinə necə təsir göstərə bilər?
Türkiyəli politoloq Hüsametdin İnaç bu barədə Crossmedia.az-a geniş müsahibə verib
-ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezidentin seçilməsi vaxtının çatdığına dair açıqlamasını necə qiymətləndirirsiniz? Bu mövqe yalnız Volodimir Zelenskinin müharibəni başa çatdırmaq siyasətinə yönəlmiş tənqiddir, yoxsa Vaşinqtonun Ukraynanın siyasi rəhbərliyinə yanaşmasında daha köklü dəyişikliyin əlamətidir?
-Burada xüsusilə vacib məqam Donald Trampın açıqlamalarının Zelenskinin səlahiyyət müddəti başa çatdığı üçün legitimliyini itirdiyi barədə geniş yayılmış fikirlərlə üst-üstə düşməsidir. Bununla yanaşı, Zelenski Trampın Rusiyanın enerji infrastrukturuna, xüsusilə neft emalı zavodlarına və yanacaq təminatına təsir göstərə biləcək obyektlərə hücumların dayandırılması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, bu hücumları davam etdirib. Nəticədə Ukraynanın Avropa ilə daha fərqli əməkdaşlıq xətti qurması və Vaşinqtonun gözləntilərindən kənara çıxması Trampın narazılığına səbəb olub. Məhz bu kontekstdə Ukraynada seçkilərin keçirilməsi məsələsinin gündəmə gətirilməsini Zelenskinin legitimliyini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirmək mümkündür. Beləliklə, söhbət yalnız müharibənin idarə olunmasına dair tənqiddən deyil, həm də Ukraynanın siyasi rəhbərliyinə münasibətdə dəyişən yanaşmadan gedir.
-Trampın Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsini gündəmə gətirməsi hansı siyasi məqsədlərə xidmət edə bilər? Müharibə şəraitində seçkilərin keçirilməsi çağırışı Kiyevə danışıqlarda güzəştlərə getməsi üçün təzyiq vasitəsi kimi qiymətləndirilə bilərmi?
-Trampın Zelenskini seçkilərə getmək barədə qərar qəbul etməyə məcbur etmək cəhdi, müəyyən mənada, Ukraynanın müharibənin dayandırılması məsələsində Rusiyanın xeyrinə güzəştlərə getməsi üçün təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Mövcud siyasi rəhbərliyin legitimliyinin müzakirəyə çıxarılması Ukraynanın danışıqlar aparmaq imkanlarını da çətinləşdirə bilər. Son dövrdə Kreml rəhbəri Vladimir Putinlə münasibətlərini inkişaf etdirən, Avropa ilə isə məsafə saxlayan Trampın bu mövqeyi Kiyevin manevr imkanlarını məhdudlaşdırmaq və onu güzəştlərə sövq etmək niyyəti ilə əlaqələndirilə bilər. Bununla belə, seçkilərin keçirilməsi məsələsinin hüquqi və siyasi tərəflərini, eləcə də müharibə şəraitində belə bir prosesin təşkilinin çətinliklərini ayrıca nəzərə almaq lazımdır.
-Tramp Zelenskini Rusiya ilə müharibənin başa çatdırılması barədə razılaşma əldə edə bilməməkdə tənqid edir. Bu yanaşma müharibəyə görə məsuliyyətin bölüşdürülməsi müzakirələrinə və ABŞ-nin münaqişəyə münasibətinə necə təsir göstərir?
-Məsələnin əsas məqamlarından biri Donetsk və Luqansk vilayətlərini əhatə edən Donbas bölgəsində Rusiyanın nəzarətinin genişlənməsi və möhkəmlənməsidir. Rusiya bu ərazilərdə öz idarəetmə sistemini qurub, seçkilər təşkil edib və onları ilhaq etdiyini bəyan edib. Bu vəziyyət münaqişənin həlli ilə bağlı danışıqlarda ərazi məsələsini əsas mövzulardan birinə çevirir. Tramp Kiyevin mümkün qədər tez güzəştə gedərək bu ərazilərdən imtina etməsini istəyir. İran – ABŞ müharibəsinin yaratdığı enerji böhranı və Rusiya- Ukrayna müharibəsinin, xüsusilə dizel yanacağı ilə bağlı problemlərin dünya bazarlarına təsiri fonunda Tramp administrasiyası həllin mümkün qədər tez tapılmasında maraqlı görünür. Bu yanaşmanın arxasında Rusiyanın nəzarətində olan ərazilərlə bağlı güzəştlərin sülh razılaşmasının bir hissəsinə çevrilməsi düşüncəsi dayanır. Beləliklə, Trampın Zelenskiyə yönəlmiş tənqidləri müharibənin məsuliyyətinə dair müzakirələri də dəyişir: diqqət Rusiyanın təcavüzündən əlavə, Kiyevin danışıqlarda güzəştə getməməsi məsələsinə yönəldilir. Lakin bu, münaqişənin yaranmasında tərəflərin məsuliyyətinin eyni olduğu anlamına gəlmir.
- Trampın Zelenskiyə qarşı sərt ritorikası Kiyev–Vaşinqton münasibətlərində ciddi böhrana səbəb ola bilərmi? Belə bir gərginlik ABŞ-nin Ukraynaya göstərdiyi hərbi, maliyyə və kəşfiyyat dəstəyinin gələcəyini necə dəyişə bilər
-Trampın Zelenskiyə qarşı sərt ritorikası Kiyev–Vaşinqton münasibətlərindəki böhranı daha da dərinləşdirə və ABŞ-nin Ukraynaya hərbi, eləcə də kəşfiyyat dəstəyini azaltmasına yol aça bilər. ABŞ Ukraynaya göstərdiyi dəstəyə baxmayaraq, Kiyevin gözlənilən nəticələri əldə edə bilmədiyini və itirdiyi əraziləri geri qaytara bilmədiyini düşünür. Bu vəziyyət Tramp administrasiyasının Ukraynaya münasibətinə təsir göstərən amillərdəndir. Digər tərəfdən, müharibənin uzanması enerji böhranını dərinləşdirir və Trampın Rusiya ilə münasibətlərində də yeni gərginlik mənbələri yaradır. Trampın daxili siyasi gündəmdə nəticə və uğur nümayiş etdirmək ehtiyacı da nəzərə alınarsa, Ukraynaya dəstəyin azaldılması onun müharibənin başa çatdırılması istiqamətində siyasi nəticə əldə etmək cəhdi kimi qiymətləndirilə bilər.
-Tramp Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının dünya bazarına tədarükü ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Bu addım Vaşinqtonla Moskva arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi? ABŞ-ın iqtisadi maraqları ilə Ukraynaya dəstək siyasəti arasında hansı ziddiyyətlər meydana çıxır?
-Ortaya çıxan dizel böhranı fonunda Putinin müəyyən həcmdə yanacaq tədarükü ilə bağlı addımının Tramp administrasiyası tərəfindən müsbət qarşılandığını düşünürəm. Burada söhbət təxminən 300 milyon ton həcmində dizel tədarükündən gedir və bu həcm dünya bazarının ümumi ehtiyacları ilə müqayisədə məhdud sayıla bilər. Bununla belə, belə bir addımın siyasi baxımdan əhəmiyyəti tədarükün həcmindən daha geniş ola bilər. Bu proses ABŞ ilə Rusiya arasında münasibətlərin normallaşması və Ukrayna müharibəsinə görə tətbiq olunan sanksiyaların yumşaldılması ehtimalını gündəmə gətirir. Məncə, burada iki böyük dövlətin müxtəlif beynəlxalq məsələlərdə qarşılıqlı anlaşma axtarışında olduğunu görmək mümkündür. Suriya, Yaxın Şərq, İsrail–Fələstin münaqişəsi, Qəzza, Liviya və Afrikadakı nüfuz uğrunda rəqabət kimi məsələlər də belə bir geosiyasi uzlaşmanın mümkün kontekstini təşkil edir. Beləliklə, Tramp müxtəlif regionlardakı maraqlarını nəzərə alaraq Putinlə müəyyən razılaşma zəmini yaratmağa çalışa bilər. Bunun nəticələri isə Ukrayna üçün əlverişsiz ola bilər. Tramp administrasiyasının silah tədarükü ilə bağlı mövqeyi və xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin təminatında yaranan problemlər artıq Kiyevin vəziyyətini çətinləşdirib.

-Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını tənqid edir və bu hücumların yanacaq bazarına təsirinə diqqət çəkir. Vaşinqtonun Kiyevdən Rusiyanın enerji infrastrukturuna qarşı hücumları dayandırmağı tələb etməsi Ukraynanın özünümüdafiə strategiyasını necə məhdudlaşdıra bilər? Bu məsələ ABŞ-la Ukrayna arasında hərbi əməkdaşlığın əsas fikir ayrılığı mövzularından birinə çevrilə bilərmi? Tramp administrasiyası əvvəlki dövrlərdə həm Ukraynaya, həm də Rusiyaya enerji infrastrukturuna zərbələr endirməmək barədə razılaşma təklif etmişdi. Lakin tərəflər bu yanaşmaya əməl etmədilər. Halbuki müəyyən mərhələdə Ukraynanın Rusiyanın dərinliklərindəki hərbi və strateji obyektlərə uzaqmənzilli vasitələrlə zərbələr endirməsi Kiyevə əlavə üstünlük qazandıra və Moskvanı çətin vəziyyətə sala bilərdi. Belə bir şəraitdə Trampın Rusiyaya qarşı təzyiqlərin azaldılmasını müdafiə etməsi və Ukraynanın hücum imkanlarının məhdudlaşdırılmasını istəməsi suallar doğurur. Mən bunu ABŞ-nin müharibənin gedişinə təsir göstərmək və tərəflərin davranışlarını öz siyasi maraqlarına uyğun istiqamətləndirmək cəhdi kimi qiymətləndirirəm. Burada daha geniş geosiyasi maraqlar da rol oynaya bilər. Müharibənin davam etməsi Rusiyanın zəifləməsi ilə yanaşı, Avropanın təhlükəsizlik və iqtisadiyyat sahələrində daha çox çətinliklə üzləşməsinə səbəb olur. Bu vəziyyət gələcəkdə ABŞ-a rəqib ola biləcək siyasi və iqtisadi strukturların imkanlarına da təsir göstərə bilər. Bununla belə, müharibənin uzanmasının ABŞ tərəfindən əvvəlcədən planlaşdırılmış məqsəd olduğunu demək üçün ayrıca sübutlar tələb olunur.

-ABŞ, Ukrayna və Avropa nümayəndələrinin Mayamidə keçirdikləri görüşlərdə müharibənin başa çatdırılması, təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı iqtisadi bərpa məsələlərinin müzakirə olunduğu bildirilir. Bu görüşlər sürərkən Trampın Zelenskiyə yönəlmiş açıqlamaları sülh prosesini sürətləndirə bilərmi, yoxsa tərəflər arasındakı etimadı daha da zəiflədər?
-Mayamidə keçirilən görüşlərdə təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı bərpa məsələləri ilə bağlı uzlaşma axtarışları Ukraynanın mövqeyini gücləndirə biləcək bir prosesin tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Lakin Trampın Putinlə münasibətlərində nümayiş etdirdiyi yanaşma və Rusiyanın mövqeyinə verdiyi dəstək Kiyevin gözləntilərini zəiflədə bilər. Bu mənada sülhə yaxınlaşmaq ehtimalından danışmaq mümkündür. Ancaq burada əsas məsələ Zelenskinin ərazi güzəştlərinə gedib-getməyəcəyidir. Heç bir dövlət başçısının uzunmüddətli müharibədən, böyük insan itkilərindən və ərazi itkilərindən sonra öz torpaqlarından imtinanı asanlıqla qəbul etməsi gözlənilən deyil. Digər tərəfdən, müharibənin ilk aylarında İstanbulda aparılan danışıqların yenidən gündəmə gətirilməsi hər iki tərəfin sülh axtarışında olduğunu göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Həm Rusiya, həm də Ukrayna iqtisadi və insan resursları baxımından ciddi çətinliklərlə üzləşir. Münaqişənin tükənmə müharibəsinə çevrilməsi sülh üçün imkan yarada bilər. Bununla belə, Zelenskinin siyasi mövqeyini itirmək və müharibəyə görə məsuliyyət daşımaq qorxusunun onun qərarlarına təsir göstərə biləcəyini də nəzərə almaq lazımdır.
-Trampın Putinlə dialoqu genişləndirərkən Zelenskiyə təzyiq göstərməsi Kremlin danışıqlardakı mövqeyinə necə təsir edə bilər? Moskva bu vəziyyəti öz şərtlərini irəli sürmək üçün əlverişli diplomatik mühit kimi qiymətləndirə bilərmi?
-Trampın Putinlə dialoqu genişləndirməsi, eyni zamanda Zelenskiyə təzyiq göstərməsi Moskvanın danışıqlardakı mövqeyini gücləndirə bilər. Xüsusilə Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandırması tələbi və ABŞ-ın hərbi dəstəyinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Kiyevin manevr imkanlarını daraldır. Rusiya belə bir şəraitdən öz şərtlərini irəli sürmək və Ukraynanı ərazi güzəştlərinə razı salmaq üçün istifadə edə bilər. Tramp administrasiyasının münaqişənin tezliklə başa çatdırılmasına üstünlük verməsi də Moskvanın diplomatik hesablamalarına təsir göstərə bilər. Bununla belə, Vaşinqtonla Moskva arasında dialoqun genişlənməsi avtomatik olaraq bütün məsələlərdə razılıq əldə edildiyi anlamına gəlmir. Söhbət daha çox tərəflərin müxtəlif geosiyasi maraqlarını uzlaşdırmaq cəhdindən gedir. Bu cəhdin Ukrayna üçün hansı nəticələr doğuracağı isə danışıqların konkret şərtlərindən asılı olacaq.
-Ukrayna müharibəsi ABŞ-nin Avropadakı müttəfiqləri ilə münasibətlərinə də təsir göstərir. Vaşinqtonun Rusiya ilə enerji sahəsində razılaşmalara yönəlməsi və Kiyevə təzyiq göstərməsi Avropa ilə ABŞ arasında fikir ayrılıqlarını dərinləşdirə bilərmi? Belə bir vəziyyətdə Avropa ölkələrinin Ukraynaya dəstəyi artırmaq zərurəti yarana bilərmi?
-Əslində, Ukrayna müharibəsi uzun müddətdir ABŞ ilə Avropa arasında fikir ayrılıqlarını dərinləşdirən amillərdən biridir. Tramp da Avropa ilə münasibətlərindəki ziddiyyətləri gizlətmir. Onun siyasəti Avropanın həm iqtisadi, həm də siyasi mövqelərinə ciddi təsir göstərə bilər. Avropa Rusiyadan ucuz enerji əldə etmək imkanlarının məhdudlaşması, xüsusilə “Şimal axını-2” qaz kəməri ilə bağlı vəziyyət və Çinlə iqtisadi münasibətlərdə yaranan çətinliklər səbəbindən əlavə problemlərlə üzləşib. Bu amillər Avropanın enerji təhlükəsizliyinə və iqtisadi rəqabət qabiliyyətinə təsir göstərir. Digər tərəfdən, NATO çərçivəsində təhlükəsizlik öhdəlikləri və ABŞ-ın Avropanın müdafiəsinə yanaşması da transatlantik münasibətlərdə mühüm müzakirə mövzusudur. 2026-cı ildə Ankara NATO sammiti ətrafında aparılan müzakirələr də bu münasibətlərin gələcəyi baxımından əhəmiyyətlidir. Məncə, mövcud proseslər Avropa ilə ABŞ arasındakı fikir ayrılıqlarının daha da dərinləşməsi ehtimalını artırır. Belə bir şəraitdə Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini artırmaq, eyni zamanda öz müdafiə imkanlarını gücləndirmək zərurəti ilə üzləşə bilərlər. Bununla belə, Avropa dövlətlərinin bu istiqamətdə vahid mövqe nümayiş etdirib-etdirməyəcəyi onların siyasi iradəsindən və iqtisadi imkanlarından asılıdır.
- Bütün bu inkişafları nəzərə alsaq, yaxın gələcəkdə Ukraynanı hansı əsas siyasi və diplomatik ssenarilər gözləyir? Zelenski hakimiyyəti dövründə danışıqların davam etdirilməsi, Kiyevin Vaşinqtonla münasibətlərini yenidən formalaşdırması və ya ABŞ-ın təzyiqi nəticəsində yeni siyasi formatın meydana çıxması ehtimallarını necə qiymətləndirirsiniz?
-Təəssüf ki, yaxın gələcəkdə Ukrayna ilə ABŞ arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıtması çox da real görünmür. Tramp administrasiyası Zelenskini Avropanın siyasi maraqlarına uyğun hərəkət edən lider kimi qiymətləndirə bilər. Ukraynanın Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq Rusiyanın enerji infrastrukturuna hücumları davam etdirməsi, ABŞ-a etimad məsələsi və “Patriot” sistemlərinin tədarükündə yaranan problemlər iki ölkə arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirir. Bu baxımdan Ukrayna rəhbərliyi yalnız işğal altındakı ərazilərlə bağlı ciddi güzəştlərə razılıq verdiyi halda Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq imkanı əldə edə bilər. Lakin Zelenskinin yaxın gələcəkdə belə bir qərar verəcəyi qəti deyil. Hətta Kiyev belə bir güzəştə razılaşsa belə, Böyük Britaniya başda olmaqla Avropanın bəzi müttəfiqlərinin həmin razılaşmanın şərtlərinə etiraz etməsi mümkündür. Nəticə etibarilə, Vaşinqton–Kiyev münasibətlərinin Cozef Bayden administrasiyası dövründəki səviyyəyə qayıtması hazırkı şəraitdə çətin görünür. Ukraynanı qarşıda mürəkkəb seçimlər gözləyir: bir tərəfdən ərazi bütövlüyünü qorumaq, digər tərəfdən isə hərbi və diplomatik dəstəyin gələcəyini təmin etmək. Bu iki məqsəd arasında tarazlıq tapmaq Kiyevin gələcək siyasi kursunu müəyyənləşdirən əsas amillərdən biri olacaq.
Müşahidəçi
16:51 12.10.2026
Oxunuş sayı: 55
Böyük güc oyunu
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir.