Siqareti tərgidən insanlarda hansı xəstəliklər yarana bilər?
Siqaretdən imtina edən şəxslərdə nikotindən asılılığın təsiri ilə müəyyən müddət ərzində müxtəlif fiziki və psixoloji dəyişikliklər müşahidə oluna bilər. Bu səbəbdən siqareti birdən-birə tərgitməyin orqanizmə təsiri və yaranan əlamətlərin təhlükəli olub-olmaması maraq doğurur. Siqareti birdən-birə tərgitmək orqanizmdə hansısa fəsada yol aça bilər?
Mövzu ilə bağlı narkoloq Fəqan Zakirov Crossmedia.az-a bildirib ki, siqaretdən birdən-birə imtina etmək mümkündür və bu zaman həyati təhlükə yaradan ciddi fəsadların meydana çıxması gözlənilmir: “Siqaret istifadə edən şəxs birdən imtina edə bilər. Ancaq bunu həkim nəzarətində etməyə çalışmaq daha yaxşıdır. Birdən imtina edən şəxslərdə yarana biləcək problemlərdə hər hansı həyati təhlükə yoxdur. Ancaq psixoloji olaraq bəzi problemlər ortaya çıxa bilər. Nikotinin tamamilə bədəndən ayrılması üçün 3-5 günə ehtiyac var. Bu müddətdə güclü siqaret istəyi olacaqdır, eyni zamanda aqressiya, narahatlıq, yuxu pozğunluğu və iştahda artım kimi dəyişikliklər müşahidə oluna bilər. Amma bunlar idarə edilə bilən durumlardır”.
Pulmonoloq Aynur Məmmədova isə qeyd edib ki, siqareti tədricən azaltmaqla tərgitmək hər zaman daha effektiv üsul deyil:
“Əksinə, siqareti azaldaraq tərgidən şəxslərdə yenidən siqaretə qayıtma ehtimalı daha yüksəkdir. Birdən-birə siqareti dayandıranlarda isə bu problemin yaşanma ehtimalı daha azdır. Məsləhətdir ki, birdən tərgitsinlər. və bundan yarana biləcək problemlərin olmaması üçün həkimlə məsləhətləşmək və prosesi o cür aparmaq daha yaxşı olar".
Zərnigar Hüseynli
17:10 25.08.2026
Oxunuş sayı: 41