Gömrük rüsumunda güzəştli məbləğ nə üçün 300 dollardır?
Gömrük güzəştləri ilə bağlı yeni dəyişiklik beynəlxalq poçt və daşıyıcı şirkətlər vasitəsilə xaricdən alış-veriş edən vətəndaşlar üçün qaydaları dəyişib. Yeni tənzimləməyə əsasən, eyni fiziki şəxsin adına 30 gün ərzində gətirilən və gömrük rüsumundan azad edilən malların ümumi dəyəri 1000 ABŞ dollarından 300 dollara endirilib. Bu dəyişiklik xüsusilə xarici onlayn platformalardan mütəmadi alış-veriş edən vətəndaşların xərclərinə və sifarişlərin planlaşdırılmasına təsir göstərə biləcək yeni vəziyyət yaradıb.
İqtisadçı Rəşad Həsənov Crossmedia.az-a açıqlamasında qərarın iqtisadi və sosial təsirlərini dəyərləndirib:
“Bu məsələ fiskal gəlirlərin mənbələr üzrə şaxələndirilməsi və yeni qeyri-resurs əsaslı gəlir mənbələrinin formalaşdırılması siyasəti çərçivəsində ortaya çıxan bir yanaşmadır. Məqsəd gömrük rüsumlarından və müvafiq vergilərdən kənarda ölkəyə idxal olunan məhsulların dövriyyəsinin əhatə dairəsini azaltmaq idi. Göründüyü kimi, rəqəmlərin müqayisəsi də bu istiqamətdə ən azı 70 faizlik azalma olduğunu göstərir. Bu isə həmin dövriyyənin vergi və rüsumlara cəlb edilməsi, beləliklə də qeyri-resurs mənbələri hesabına dövlət büdcəsinin gəlirlərinin artırılması, həmçinin Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarının yüksəldilməsi məqsədini daşıyırdı”.

İqtisadçı hesab edir ki, qərarın tətbiqi ilə bağlı həm dövlət, həm də vətəndaşlar baxımından fərqli nəticələr ortaya çıxır:
“Dövlət bu məsələyə bir nəfərin 1000 ABŞ dolları dəyərində məhsulu poçt vasitəsilə 30 gün ərzində vergi və rüsum ödəmədən ölkəyə gətirmək imkanından sahibkarların istifadə etməsi, həmin məhsulların vergidən və rüsumlardan yayındırılması, sahibkarlıq məqsədləri üçün istifadə edilməsi və qeyri-rəqabətli mühitin formalaşması baxımından yanaşır. Eyni zamanda, büdcənin bu istiqamətdə ciddi itkilərlə üzləşməsi də nəzərə alınır. Amma məsələnin digər tərəfi də var. İnsanlar bir çox hallarda bu yolla özünüməşğulluqlarını təmin edir, müəyyən gəlir imkanları formalaşdırır və ailə büdcəsinin xərclərini bu yolla qarşılayırdılar. Ailələr də bu üsuldan istifadə etməklə bir sıra məhsulları xarici və qonşu ölkələrin bazarlarından daha əlverişli qiymətlərlə əldə edə bilirdilər. Yeni yanaşma isə bu imkanları məhdudlaşdırdı”.
Ekspert xüsusilə yuxarı hədd məbləğinin müəyyənləşdirilməsinin fərdi istehlakçılar üçün də müəyyən çətinliklər yaratdığını bildirib:
“Yanaşmanın digər nöqsanlı tərəfi isə birbaşa yuxarı hədd məbləğinin müəyyən edilməsidir. Məsələn, Azərbaycanda elektrotexnika və informasiya texnologiyaları məhsullarının istehsalı demək olar ki, yoxdur. Bir telefon və ya kompüter aldıqda onun qiyməti əksər hallarda 300 ABŞ dollarından yuxarı olur. Bu halda fərdi istehlak məqsədilə alınan məhsula münasibətdə də müəyyən edilmiş limitdən yuxarı məbləğ üçün ciddi rüsum və vergilərin ödənilməsi tələb olunur”.
Ekspertin sözlərinə görə, qərarın təsiri yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə məhdudlaşmır:
“Beləliklə, bu qərar bir tərəfdən müəyyən sayda marjinal sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya bu imkanlardan istifadə etməklə özünüməşğulluğunu təmin edən şəxslərin fəaliyyətini məhdudlaşdırırsa, digər tərəfdən geniş əhali kütləsinin həmin imkanlardan faydalanmasına da təsir göstərir”.
R.Həsənov hesab edir ki, sahibkarlar baxımından qərarın həm müsbət, həm də mənfi tərəfləri mövcuddur:
“Sahibkarlara təsiri baxımından de-yure yanaşdıqda, sahibkarlar onsuz da məhsullarını qanuni yollarla idxal etməlidirlər və bu qərarın onların fəaliyyətinə birbaşa təsiri yoxdur. Müsbət tərəfi ondan ibarətdir ki, fərdi qaydada daha az məhsul gətirilməsi bu sistemin təşviqediciliyini azaldır. Nəticədə sahibkarlar öz qiymət siyasətlərini daha rahat həyata keçirə və daha geniş dövriyyəyə nail ola bilərlər”.
İqtisadçı xüsusilə kiçik və mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyətinə diqqət çəkib:
“Lakin ikinci kateqoriya sahibkarlar, yəni kiçik və mikro fəaliyyətlə məşğul olan, özünüməşğulluğunu fərdi qaydada təmin etməyə çalışan şəxslər baxımından bu qərar neqativ nəticələrə gətirib çıxarıb və onların həmin imkandan faydalanmaq şansını məhdudlaşdırıb”.
Ekspert hesab edir ki, məşğulluq imkanlarının məhdud olduğu şəraitdə bu cür qərarlar daha yumşaq çərçivədə tətbiq edilməlidir:
“Azərbaycan kimi məşğulluğun təmin edilməsində müəyyən çətinliklərin olduğu iqtisadiyyatda bu cür siyasətlərin daha liberal və yumşaq çərçivədə həyata keçirilməsi məqsədəuyğun olardı. İnsanlar həm ailə büdcələrindən daha səmərəli istifadə edə, həm də kiçik məbləğlərlə müəyyən gəlir əldə edə bilməlidirlər. Eyni zamanda qəbul edilən qərarların insanların rifah göstəricilərinə mənfi təsiri minimuma endirilməlidir”.
R.Həsənov bazarda monopolist meyillərin də nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Fərdi qaydada məhsulların gətirilməsi kiçik həcmdə olsa belə, monopolist təşəbbüslərə müəyyən təsir göstərir və onların daha ədalətli qiymət siyasəti həyata keçirməsinə şərait yaradır”.
İqtisadçı sonda məsələnin həm iqtisadi, həm də sosial tərəflərinin olduğunu və buna görə də qərara birmənalı qiymət verməyin çətinliyini qeyd edib:
“Lakin kifayət qədər mürəkkəb sosioloji və iqtisadi məsələ olduğu üçün bu məsələyə birmənalı mövqe ortaya qoymaq çətindir”.
Nigar Xəlilli
17:30 25.08.2026
Oxunuş sayı: 46