Türkiyə XİN: İsrailin reallığı təhrif etmək cəhdləri beynəlxalq ictimaiyyəti aldada bilməz
Türkiyə Xarici İşlər Nazirliyi İsrail rəsmilərinin son günlər səsləndirdiyi ittihamların koordinasiyalı dezinformasiya kampaniyasının bir hissəsi olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin bəyanatında İsrailin Baş naziri Benyamin Netanyahu və onun ətrafının ünvanlarına səslənən tənqidləri qəsdən təhrif etdiyi və sistemli təbliğat vasitəsilə gündəmi dəyişməyə çalışdığı bildirilib.
Bəyanatda qeyd olunub ki, bu cəhdlər artıq beynəlxalq ictimaiyyəti inandıra bilmir və Netanyahu hökumətinin Qəzzada həyata keçirdiyi hərəkətləri, eləcə də bölgədəki işğal, ilhaq və sabitliyi pozan siyasətini gizlədə bilməyib.
Türkiyə XİN vurğulayıb ki, Ankaranın məqsədi regiondakı bütün dövlət və xalqların sülh, sabitlik və rifah şəraitində yaşamasıdır.
Nazirlik bu mövqedən çıxış edərək İsraili konstruktiv və sülhpərvər siyasət yürütməyə bir daha çağırıb.
"Bütün bunlara baxmayaraq, Türkiyə həqiqətləri dilə gətirməyə davam edəcək", – deyə bəyanatda qeyd olunub.
17:52 07.07.2026
Oxunuş sayı: 48