KİV: Ukrayna və Aİ ölkələri uzaqmənzilli raketlər hazırlamağı planlaşdırır
Ukrayna Avropa İttifaqına üzv bir sıra ölkələrlə birlikdə uzaqmənzilli raketlərin hazırlanmasını nəzərdə tutan layihə üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, birgə istehsal ABŞ silahlarından asılılığı azaltmağa hesablanıb. Bildirilir ki, bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın Almaniyada "Tomahawk" raketlərinin yerləşdirilməsi planını ləğv etməsindən sonra gündəmə gəlib.
Məlumata əsasən, layihə çərçivəsində 1000–3000 kilometr mənzilə malik raketlərin hazırlanması nəzərdə tutulur. Proqramda Ukrayna ilə yanaşı Böyük Britaniya, Almaniya, Fransa və Niderlandın da iştirak edəcəyi bildirilir.
Xəbərdə həmçinin xatırladılır ki, iyulun 4-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə məruzəsində Rusiya ordusunun zərbələri nəticəsində Ukraynada qanadlı və ballistik raketlərin istehsalının azaldığını iddia etmişdi.
Gerasimovun sözlərinə görə, bunun nəticəsində Ukraynanın Qərb ölkələrinin hərbi yardımlarından asılılığı daha da artıb. Ukrayna tərəfi isə bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
16:07 07.07.2026
Oxunuş sayı: 64