Budanov: Belarusun müharibəyə qoşulması ehtimalı çox aşağıdır
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov Belarusun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulması ehtimalını aşağı qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Budanov bu barədə RBC-Ukrayna nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko belə bir addımın mümkün nəticələrini anlayır və bunun ölkəsinin maraqlarına uyğun olmadığını bilir.
"Belarusun Ukrayna ilə müharibəyə başlamasının ona nə verəcəyini təsəvvür etmirəm. Bu, Belarus üçün fəlakətlə nəticələnə bilər", – deyə Budanov bildirib.
O, həmçinin müsbət hal kimi Minskin Ukrayna Prezidenti Volodimir Zelenskinin xəbərdarlıqlarına reaksiya verməsini qeyd edib. Söhbət Belarus ərazisindəki retranslyatorların və xüsusi avadanlıqların Ukraynaya qarşı zərbələrin koordinasiyası üçün istifadə olunmaması ilə bağlı çağırışdan gedir.
Budanov əlavə edib ki, Ukrayna üçün yeni aktiv cəbhənin açılmaması mühüm əhəmiyyət daşıyır və Belarus tərəfindən eskalasiyanın olmaması hazırkı mərhələdə müsbət siqnal hesab olunur.
15:31 07.07.2026
Oxunuş sayı: 55