BƏƏ Kanadaya 50 milyard dollar yatırmağa hazırdır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kanadanın iqtisadiyyatına 50 milyard dollara qədər investisiya yatırmağa hazırdır, lakin ölkədə bu vəsaitlərin yönəldiləcəyi kifayət qədər iri layihə mövcud deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, Kanada Baş naziri Mark Karninin yaratdığı Böyük Layihələr Ofisinin nümayəndələri BƏƏ nümayəndə heyətinə bildiriblər ki, hazırda ölkədə maliyyələşməyə hazır olan kifayət qədər layihə yoxdur. Bu səbəbdən vəd edilən investisiyalar hələlik reallaşmayıb.
Mark Karni beş il ərzində Kanadaya təxminən 1 trilyon Kanada dolları həcmində investisiya cəlb etməyi planlaşdırır. O, artıq ümumi dəyəri 200 milyard Kanada dollarından çox olan layihələri elan edib.
Bu layihələr arasında sutkada 1 milyon barrelədək neft ötürmə gücünə malik yeni neft kəmərinin tikintisi də yer alır.
Bununla belə, biznes nümayəndələri Kanadada əsas problemlərin bürokratiya, mürəkkəb razılaşdırma prosedurları və tənzimləyici maneələr olduğunu bildirirlər.
İnvestorların fikrincə, məhz bu amillər iri infrastruktur layihələrinin icrasını ləngidir və xarici kapital axınına mane olur.
14:57 07.07.2026
Oxunuş sayı: 62