Çinin Rusiyaya hərbi dəstək verməsinə dair iddialar beynəlxalq gündəmi zəbt edib - ŞƏRH
"Reuters" agentliyinin məlumatına görə Çinli hərbi mütəxəssislər Rusiya hərbçiləri üçün gizli təlim proqramı həyata keçiriblər. Məlumata görə, təlimlər Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı ilə təşkil olunub və prosesdə azı dörd rusiyalı və çinli general iştirak edib.
Üç həftə davam edən hazırlıq zamanı çinli təlimatçılar rusiyalı hərbçilərə kimyəvi və radioloji kəşfiyyat, həmçinin ventilyasiya sistemlərinin radioaktiv çirklənmədən qorunması ilə bağlı kurs keçiblər.
Dünya siyasətinin mürəkkəb labirintlərində Çinin oynadığı rol, sanki strateji bir tarazlıq oyunudur: Pekin bir tərəfdən özünün "neytrallıq" pərdəsini qoruyub saxlamağa, digər tərəfdən isə qlobal güc balansını öz xeyrinə dəyişmək üçün Rusiyaya kritik dəstək xətləri çəkməyə çalışır. Çinin gizli hərbi təlimlər keçirməsi ilə bağlı iddialar sadəcə bir texniki əməkdaşlıq faktı deyil, həm də ölkənin müharibənin gedişatına təsir etmək üçün istifadə etdiyi "yumşaq müdaxilə" strategiyasının yeni və daha təhlükəli bir mərhələsidir.

Məsələ ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlama verib: "Bu, Avropa mediasında tez-tez işıqlandırılan mövzulardandır, xüsusilə də hərbi münaqişələr və birgə hərbi təlimlərlə bağlı. Çin bu iddiaları təkzib edir və məsələdə neytral mövqedə olduğunu bəyan edir. Ümumiyyətlə, Çinin xarici siyasətinin ən vacib elementlərindən biri odur ki, ölkə digər dövlətlərin münaqişələrinə və daxili işlərinə müdaxilə etmir. Çin uzun illərdir bu mövqeyi nümayiş etdirir. Bununla belə, 2022-ci ilin fevralında Rusiya Prezidenti Putinin Pekinə səfəri zamanı iki ölkə arasında "Limit tanımayan əməkdaşlıq" haqqında saziş imzalandı və bundan sonra ticari-iqtisadi, enerji sahələrində əlaqələr daha da dərinləşdi.
Bu çərçivədə iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın olduğunu istisna etmək olmaz. Hətta bəzi mənbələrə görə, 2025-ci ilin avqustunda Rusiya və Çin arasında birgə hərbi təlimlər keçirilmişdi. Reportlar göstərir ki, Çinli mütəxəssislərin Rusiyada təlim aldıqları kimi, rusiyalı mütəxəssislər də, xüsusilə dron texnologiyası sahəsində, Çində təlim keçirlər. Bu vəziyyət sözsüz ki, Avropa tərəfindən kəskin reaksiyalarla qarşılanır. Çünki onlar Çinin Rusiya-Ukrayna münaqişəsinə hər hansı formada müdaxiləsini istəmirlər".
Politoloq deyib ki, Çin müharibə başlayandan bəri tərəflər arasında neytral mövqedə olduğunu bildirib: "Hətta münaqişənin həlli üçün sülh planı da irəli sürmüşdü. Lakin bu təklif Ukrayna tərəfindən bəyənilmədi və qəbul edilmədi. Baş verənlər onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi fonunda geosiyasi rəqabət dərinləşməkdədir. Burada bir tərəfdə Avropa İttifaqı və ABŞ öz maraqlarını təmin etməyə çalışır, digər tərəfdən isə Qərbin memarı olduğu beynəlxalq nizama qarşı formalaşan bir «müqavimət oxu» görürük. Bu oxun tərkibində həm Rusiya, həm Çin, həm də digər tərəfdaş ölkələr yer alır. Bu isə müharibənin gedişatına müsbət təsir göstərmir, çünki tərəflər öz maraqları çərçivəsində müharibənin nəticələrini öz xeyirlərinə həll etməyə çalışırlar. Rusiyanın ticari-iqtisadi və enerji sahəsində əsas tərəfdaşlarından biri Çindir. Bu tərəfdaşlıq Rusiyaya sanksiyalar şəraitində öz iqtisadiyyatını alternativ yollarla qoruyub saxlamağa imkan verir".
Ekspert eyni zamanda bildirib ki, Çinin Rusiyaya hərbi dəstək göstərmə ehtimalı azdır: "İnanmıram Çin Rusiyaya fundamental hərbi dəstək göstərsin. Çünki bu hərbi təlimlər məhdud xarakter daşıyır, yəni on minlərlə hərbçinin iştirak etdiyi genişmiqyaslı təlimlər deyil. Eyni zamanda, Çin Şimali Koreya kimi Rusiyaya ordu vermir ki, həmin qüvvələrdən Ukraynada istifadə olunsun. Bildiyiniz kimi, Şimali Koreya ilə bağlı bu məsələ gündəmdə idi və 10 minə yaxın Şimali Koreya döyüşçüsünün Ukraynada döyüşdüyünə dair sübutlar var idi. Çin bu məqamda çox ehtiyatlı bir siyasət yeridir: həm Rusiya ilə tərəfdaşlığını qoruyur, həm də öz neytral mövqeyini nümayiş etdirməyə çalışır".
Turqut Ansari
10:11 03.07.2026
Oxunuş sayı: 75