ABŞ-də “İsayas” qasırğası iki nəfərin ölümünə səbəb olub
ABŞ-nin cənub və cənub-şərq sahillərinə çatan “İsayas” qasırğası nəticəsində azı iki nəfər ölüb, 800 mindən çox insan elektrik enerjisiz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Meteoroloqlar bildiriblər ki, qasırğa oktyabrın 9-da gecə saatlarında Florida ştatının Destin şəhəri yaxınlığında saatda təxminən 170 kilometr sürətlə quruya çatıb. Daha sonra ikinci kateqoriyalı fırtınaya çevrilən “İsayas” gecə ərzində Alabama istiqamətində hərəkət edərkən gücünü itirib və tropiksonrası siklona çevrilib.
Yerli rəsmilərin məlumatına görə, qasırğa nəticəsində Corciya da daxil olmaqla bir neçə ştatda 800 mindən çox insan elektrik enerjisiz qalıb.
Alabama ştatının Birmingem şəhərində ağacın evin üzərinə aşması nəticəsində bir nəfər həyatını itirib. Florida ştatının Eskambiya bölgəsində də oxşar hadisə nəticəsində bir nəfərin öldüyü təsdiqlənib.
Meteoroloqlar bəzi ərazilərdə yağıntının 38 santimetrə çatacağını proqnozlaşdırıblar. Əhaliyə tornado, güclü külək və intensiv yağışla bağlı xəbərdarlıq edilib. Yerli hakimiyyət orqanları mümkün daşqınlar və tornadolar səbəbindən sakinləri ehtiyatlı olmağa çağırıblar.
Məlumata görə, ABŞ-də 2024-cü ilin oktyabrında baş verən “Milton” qasırğasından sonra təxminən iki il ərzində bu miqyasda quruya çatan qasırğa qeydə alınmamışdı.
02:15 11.10.2026
Oxunuş sayı: 69